“Bu həftədən etibarən Bakı Slavyan Universitetində təhsil alan tələbələrə vahid tələbə kartları paylanılmağa başlanılacaq. Bakı Slavyan Universiteti birinci universitetdir ki, vahid tələbə kartlarının verilməsi üçün bizimlə icraçı şirkətlərdən əlaqə saxlanılıb”.
Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Slavyan Universitetinin prorektoru Oqtay Səmədov deyib. Vahid tələbə kartının verilməsinə təqdirəlayiq hal hesab edən O.Səmədov bildirib ki, universitet tələbləri bu kart vasitəsilə 800-dən çox iaşə obyekti, mağazalardan 25 faizə qədər endirimdən istifadə edə bilər.
“Universitetdə 4 minə yaxın tələbə təhsil alır. Yayda onların əyani, qiyabi, təhsil pillərinə uyğun olaraq qruplar şəklində siyahılarını tərtib edib, dekanların imzası ilə möhürlənmiş şəkildə icraçı şirkətə göndərdik. Bircə birinci kurslar qalmışdı ki, onların sentyabrın 15-də əmirlərinin gəlməsini gözləyirdik. Onların da siyahısını sentyabrın axırı, oktyabrda göndərdik”.
Hazırda kartların gəldiyini deyən prorektor müəyyən qarışıqlığın yarandığını bildirib. Belə ki, kartlar qruplar şəklində deyil, qarışıq formada gəlib. Eyni zamanda göndərilən kartların da sayı 3 minə yaxındır.
“Biz onlara operativ, kompleksləşdirilmiş şəkildə siyahı göndərmişdik. Amma bizə tam dağınıq formada kartlar gəlib. Kartların hamısı gəlməyib, üstəlik bizə də akt gəlib ki, imzalayaq. Hazırda kartları qruplaşdırırıq, elə kartlar var ki, texniki səhvlər gedib, ad və ya şəkil səhv vurulub. Bunları seçib geriyə qaytarırıq ki, yenidən çap olunsun. Universitetdə eyni ad, soyad, hətta tarixdə olan tələbələr var. Bunları seçməliyik ki, bu da müəyyən vaxt alır. Eyni zamanda haralarda endirimlərin olması ilə bağlı kitabça verilməli idi, o da qalıb. Bu həftə həmin siyahı təqdim olunmalıdır”.
Oqtay Səmədov işlərin artıq yekunlaşdığını və bu həftədən başlayaraq tələbələrə vahid tələbə kartının paylanacağını qeyd edib. “Artıq bəzi tələbələrə kart verilib, digərlərinə isə yaxın günlərdə veriləcək”.
Aytən ƏLİYEVA