Modern.az

Deputat əlillər günündə onları unutmadı

Deputat əlillər günündə onları unutmadı

Aktual

3 Dekabr 2012, 16:10

Bu gün 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən Saray qəsəbəsində yerləşən 7 saylı əlil uşaqlar üçün internat evində bayram tədbir təşkil edilib.

Tədbirdə çıxış etmiş millət vəkili tədbir iştirakçılarını 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə təbrik edib. Əlillərə qayğının daim dövlətin diqqət mərkəzində olduğunu deyən Q.Paşayeva bildirib ki, Azərbaycan BMT və Avropa Şurasının (AŞ) əlillərin hüquqları ilə bağlı konvensiyalarına qoşulmaqla yanaşı, bu məsələni özünün dövlət prioritetləri sırasına daxil edib.

Azərbaycandakı əlillərin hərtəfli dövlət qayğısı ilə əhatə olunduğunu deyən deputat əlilliyin qarşısının alınması, onların reabilitasiyası, sosial müdafiələrinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, pulsuz müalicə olunmaları, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etmələri, müvafiq işlə təmin olunmaları istiqamətində çoxlu sayda dövlət proqramlarının hazırlanaraq həyata keçirildiyini bildirib və bu istiqamətdə işlərin getdikcə sürətləndiyini söyləyib.   

Millət vəkili uşaqlar arasında xəstəliklərin, əlillik hallarının qarşısının alınmasında, cəmiyyətə inteqrasiyasında, görmə qabiliyyətindən məhrum olmuş uşaqların təhsilə cəlb edilməsində, onlara xüsusi qayğı göstərilməsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb , Fondun yaxından köməyi ilə əlillər üçün müasir avadanlıqla təchiz olunmuş mərkəzin tikildiyini, şəkərli diabetdən əziyyət çəkən uşaqlarla bağlı ciddi layihələrin həyata keçirildiyini qeyd edib.

2012-ci il Londonda keçirilmiş son olimpiyadada paralimpiyaçılarımızın 4 qızıl medal qazanmaqla dövlətimizin bayrağını yüksək səviyyəyə qaldırdıqlarını gözəl bir örnək adlandıran Q.Paşayeva bununla onların nəinki sağlamlığı məhdud insanlara, həm də fiziki cəhətdən sağlam olan insanlara da gözəl bir örnək olduqlarını deyib.

Tədbirdə iştirak etmiş ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, London Paralimpiyasının qalibi Ramin İbrahimov və digər paralimpiyaçılarımız çıxış edərək fiziki cəhətdən qüsurlu olmalarından heç vaxt utanmadıqlarını, sınmadıqlarını bildiriblər və hər zaman onlara göstərilən dövlət qayğısından razı qaldıqlarını deyiblər.

Tədbirdə iştirak edən Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva tədbir iştirakçılarını təbrik edərək konsert proqramı ilə çıxış edib.

Daha sonra internat evinin direktoru Qətibə Əsədova çıxış edərək əlillər günü münasibətilə belə bir tədbirin keçirilməsini yüksək qitmətləndirmiş və öz təşəkkürünü bildirib.

Sonda internat evinin sakinlərinə hədiyyələr təqdim edilib.

 

 

 

 

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı