
2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunan keçmiş polis polkovniki Hacı Məmmədov cəzasının qalan hissəsini Qobustan həbsxanasında keçirməkdən imtina edib.
Bu barədə Modern.az-a İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. Onun sözlərinə görə, məhkum əvvəllər olduğu kimi, indi də heç kimlə görüşmək istəmir və o, Qobustan qapalı həbsxanasına köçürülməkdən imtina edir:
“Onun səhhətində elə də ciddi problem yoxdur. Şəkər xəstəsidir və özü özünü dədə-baba qaydası ilə müalicə edir. Heç kimlə görüşmək istəmir. Tamamilə yaddan çıxmaq istəyir”.
Komitə sədri onu da bildirib ki, Hacı Məmmədov Qobustana köçürülməsini istəmir və özü ərizə ilə müraciət edib ki, ora köçürülməsin:
“O, bildirib ki, Penitensiar Xidmətin təcridxanasında qalmaq istəmir. Hesab edir ki, onu Qobustan qapalı həbsxanasına köçürsələr, həyatı üçün təhlükə ola bilər. Odur ki, Qobustan həbsxanasına köçməkdən imtina edir”.
Keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub. O, ömürlük azadlıqdan məhrum edilib...
Gültəkin Ələsgər