Bu gün “Park Bulvar”da “54 gün mühasirədə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, filmin təqdimatında deputatlar, Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Daha sonra film nümayiş etdirilib. Film 1993-cü ildə Laçının şimal hissəsi və Kəlbəcərin işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərin başına gələn hadisələri əks etdirir.
“54 gün mühasirədə”nin qəhrəmanı həmin şəxslərdən biri - Laçının Oğuldərə kəndinin sakini, “54 gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyevdir. Ə.Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər lentin yaddaşına köçürülüb. Filmdə 19 nəfərin arasındakı yeganə qadının - Nübar Rzayevanın da mühasirənin dəhşətlərindən bəhs edən fikirləri yer alıb.
“54 gün mühasirədə”nin ssenari müəllifi və direktoru telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film Milli Məclisin deputatı Nazim Fərəcovun təşəbbbüsü və dəstəyi ilə çəkilib.
Deputat N.Fərəcov bildirib ki, “biz bu filmlə haqlı təbliğat işlərimizi dünyaya çatdırmalıyıq”. Deputatın sözlərinə görə, filmdə əsas prinsip tarixi hadisələri olduğu kimi göstərməkdir.
Filmin təqdimatında sonra çıxış edən deputat Fəzail İbrahimli ekran əsərində zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib. Milli Məclisin üzvü bildirib ki, bu filmdən sonra hər kəsin qarşısında vicdan oyanışı olmalıdır.
“Bu təkcə film deyil, həm də bir çağırışdır. Oyanmaqda olan canlı və vicdanlı Azərbaycan bilməlidir ki, birlikdə olaraq torpaqlarımızı azad edə biləcəyik. Biz hər an torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Qara günlər yaddan çıxmalı deyil. Biz elə etməliyik ki, bu problemi gələcək nəsillərə ötürməyək. Çünki onlar bizə bunu bağışlamaz”.
Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov bildirib ki, bu ekran əsərində lemtə alınan hadisələr təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqının faciəsidir.
“Bu film laçınlıların qeyrətli olmasını bir daha sübut edir. Əsas faciə odur ki, öz doğma torpağında 54 gün mühasirədə yaşayasan. Laçın heç vaxt döyüşmədən verilməyib. Bizim 300-dən çox şəhidimiz var. Biz torpaqlarımızı geri qaytarmalıyıq. Vaxt gələcək qələbəmizi nümayiş etdirən filmə baxacağıq”.
Deputat Xanhüseyn Kazımlı filmin təqdimatından sonra çıxış etməyin çətin olduğunu deyib. Deputat bildirib ki, Laçın işğaldan azad edilməlidir.
Milli Məclisin üzvü Rövşən Rzayev azərbaycanlıların qəhrəman xalq olduğumuzu vurğulayıb.
“Azərbaycan xalqı heç bir zaman geri addım atmayacaq. Biz ermənilərə uduzmamışıq. Heç bir zaman susmayacağıq. Ermənilərin havadarları hamıya məlumdur. Bütün bunlara baxmayaraq, biz bir addım geri atmayacağıq. Torpaqlarımızı işğaldan azad edəcəyik”.
Daha sonra filmin təqdimatında iştirak edən digər qonaqlar, film haqqında fikirlərini bölüşüblər.
Anar KƏLBİYEV


Elçin AĞAYEV