Millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı Şimal Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə görüşüblər. Modern.az-ın məlumatına görə, görüşdə azərbaycanlı deputatlar Şimali Kiprin uğurlarına hər zaman sevindiklərini və Azərbaycanla ŞKTC arasında əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildiriblər.
Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisə olduğunu vurğulayan deputatlar prezident Dərviş Eroğlu ilə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə və Kıbrıs problem ətrafında da geniş müzakirələr aparıblar. Qənirə Paşayeva və Musa Qasımlı görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bu gün də törətməkdə davam etdiyi vandalizm aktları, Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətə dair də fikirlərini söyləyiblər və dünyanın hər yerində yaşayan insanlarımızın harada doğulmasından asılı olmayaraq milli məsələlərin müdafiəsi istiqamətində birgə səylərinin artmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.
Şimal Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu qardaş, dost Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC prezidenti Dərviş Eroğlu Azərbaycanı sevdiklərini və Qarabağ probleminin onları da narahat etdiyini bildirib. Qardaş Azərbaycanın surətlə inkişafına sevindiklərini deyən Dərviş Əroğlu qardaş Azərbaycanın uğuru bizim də uğurumuz, üzüntüsü bizim də üzüntümüzdür deyib və dünyanın hər yerində yaşayan insanımızın milli məsələlərin, ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Görüşün sonunda millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı ŞKTC prezidentinə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özlərinin müəllifi olduqları kitabları hədiyyə ediblər.

Modern.az