Modern.az

Xocalıda bütün ailəsini itirmiş keçmiş polis işdən çıxarılma səbəbini danışdı

Xocalıda bütün ailəsini itirmiş keçmiş polis işdən çıxarılma səbəbini danışdı

Aktual

7 Dekabr 2012, 15:24

Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş və bu yaxınlaradək daxili işlər orqanlarında çalışan Mehdi Əliyev işdən çıxarılmasına özü şərh verib.
O, bu yaxınlaradək Xocalı rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyirdi.

Modern.az-a açıqlamasında M.Əliyev bildirir ki, onun idarə rəisi İlqar Rüstəmli ilə narazılığı elə ilk vaxtlardan başlayıb.

“Mən təzə gələn vaxtlar o, indi pensiyaya çıxan işçimiz Əli Mustafayevin formasını tapdalamışdı. O formanın üstündə Azərbaycanın gerbi, bayrağı var. Bayraqdan ötrü nə qədər insan həlak olur, amma bu insan öz daxilimizdə bayrağımızı tapdalayır. Bundan əlavə, bir neçə dəfə axtarışda olan cinayətkarı tapmışam, şöbədən mənə kömək gəlmədiyi üçün qaçıb gedib. Buna görə də borclu çıxarılmışam və mənə töhmət verilib.
Bu hadisələrdən sonra rəis təlimatlara gəlməməyimi və ümumiyyətlə məni görmək istəmədiyini dedi. Mən də gəlmədim. Beləcə iki il işə çıxmadım”.

İki ildən sonra M. Əliyev rəisin onu işə çağırdığını və yenidən təlimatlara gəldiyini deyir.

“Həmin vaxt müvəqqəti saxlama təcridxanasında insanları ayaqyoluna aparıb-gətirməyə baxırdım. Mənə görə növbətçi işçinin aylıq əməkhaqqını kəsdi. Bu adam işçiləri aylığa buraxır, onun kartını götürür və həmin ayın əməkhaqqısını mənimsəyir. Müxtəlif bəhanələrlə həmişə insanların əmək haqlarından 3-5 gün tutur, bu da hardasa 50-100 manat edir. Hər şeyi kənara qoyuram. Rəis İlqar Rüstəmlinin ayaqladığı formanın üstündə gerbimiz, bayrağımız var, bunları tapdalayan insanın qarşısında təlimdə necə iştirak etmək olar!?”

M.Əliyev bildirir ki, onu nazirin əmri olmadan işdən çıxarıblar: “Elə hesabatda da qeyd edilib ki, guya nazirdən, nazirin adından istifadə edirəm. İşə qayıtmaq həvəsində, meylində deyiləm. Amma istəyirəm ki, bu məsələ həllini tapsın”.

Qeyd edək ki, Modern.az saytı uşaq ikən bütün yaxınlarını Xocalı soyqırımında itirmiş, təkbaşına çətinliklə böyümüş gəncə qarşı belə bir addımın atılmasının səbəblərini dünən Daxili İşlər Nazirliyindən öyrənib və bununla bağlı millət vəkillərinin də münasibətini təqdim edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib ki, Mehdi Əliyev 2009-cu ilin axırlarında Xocalı  rayon  polis  şöbəsində xidmətə qəbul olunub və bu ilin payızında daxili işlər orqanlarından xaric olunub. DİN rəsmisinin dediyinə görə, o, işində yol verdiyi intizamsızlığa, məsuliyyətsizliyə görə işdən azad olunub:

“İşdə yol verdiyi nöqsanlara, intizam qaydalarını pozduğuna görə, dəfələrlə xəbərdarlıq edilsə, töhmət verilsə də, bundan nəticə çıxarmayıb. Son nəticədə isə o, xidmətdən xaric olunub”.

Mehdi Əliyev isə DİN rəsmisinin dediklərinə razılaşmayaraq, məsələnin ciddi araşdırılmadığını deyir.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı