Bu gün Azərbaycan Zərdabi Mətbuat Mərkəzinin “Sport favorit” qəzeti ilə birgə reallaşdırdığı “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda dəyirmi masa keçirilib.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə bildirib ki, tədbirin gündəmə gətirilməsini 30-dan yuxarı KİV-də aparılan monitorinq zamanı aşkara çıxarılan problemlərin həlli zərurəti labüdləşdirib. O, belə hallara futbol və bəzi olimpiya oyunları istisna olunmaqla əksər idman növlərinin diqqətdən kənarda qalmasını, qəzetlərdə gedən materialların böyük qisminin xəbər portallarından götürülməsini, mövzuların əsasən xarici ölkələrinin idman həyatı ilə bağlılığını, təbliğedici, təşviqedici məqalələrin nadir hallarda təqdimatını, problemlərə və onların həlli yollarına demək olar ki, toxunulmamasını, bir sözlə, arzulanan yaradıcı mühitin nəzərə çarpmamasını, termin, dil, üslub xətalarını misal çəkib. Mərkəz sədri məlumat verib ki, 2012-ci ilin sentyabrından başlayan layihə hər biri 4 ay olmaqla 2 mərhələdən ibarətdir. İdman ilinə həsr olunmuş birinci mərhələyə ilin axırında yekun vurulacaq. Yanvarın 1-də isə ikinci mərhələ start götürəcək. Hər iki mərhələyə müsabiqə qaliblərinin mükafatlandırılması ilə yekun vurulacaq. İkinci mərhələnin özəl cəhəti isə on idman jurnalistinin seçilərək treninqə cəlb edilməsidir.
ZMM sədri 25 qəzeti və 9 informasiya agentliyini əhatə edən monitorinqin üç aylıq nəticələrini açıqlayıb. R.Hüseynzadə son üç ayda gedən materialların sayının 16515-ə bərabər olduğunu, bunun 9434-nün qəzetlərin, 5781-nin isə informasiya agentliklərinin payına düşdüyünü deyib. Qəzetlərdə ilk üçlükdə “Ekspress”, “Zerkalo” və “Bakı xəbər”in, informasiya agentliklərində isə “Milli.az”, “Salamnyus” və “AzərTAc”ın dayandığını vurğulayıb. Lakin materialların böyük əksəriyyətinin (13072) futbola aid olmasına toxunaraq KİV-lərin digər növlərə də diqqət yönəltmələrinin vacibliyini deyib. ZMM sədri janrlarla bağlı məsələdə də problemlərin mövcudluğundan danışıb. Reportaj, bədii təsvir və araşdırmanın sayının oxucu gözləntilərinə cavab vermədiyini nəzərə çatdırıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev idman mövzusu ilə bağlı mətbu materiallarının böyük əksəriyyətinin bir-birinin təkrarı olduğunu irad tutub. Bu baxımdan layihənin idman jurnalistikasının inkişafına töhfələr verəcəyini vurğulayaraq təmsilçisi olduğu dövlət qurumunun bu prosesə dəstəyini əsirgəməyəcəyini deyib. AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr deportamentinin rəhbəri Mikayıl Nərimanoğlu media təmsilçilərimizin yaşlı nəslin təcrübəsinin öyrənilməsi zərurətindən danışıb, eyni zamanda qeyd edib ki, jurnalistlərin xarici dilə, xüsusilə ingilis dilinə yiyələnmələri də olduqca vacibdir. M.Nərimanoğlu AFFA-nın da bu istiqamətdə konkret tədbirlər həyata keçirdiyini vurğulayaraq mənsub olduğu qurumun sırf idman mövzusunda yazan jurnalistlərlə görüşlər təşkil etməyə hazır olduğunu bildirib.
“Sport favorit” qəzetinin təsisçisi Rahib Budaqovun və nəşrin baş redaktoru İlkin Vaqifoğlunun çıxışlarında ZMM-lə əməkdaşlığın və layihəyə dəstək verilməsinin idman mövzusunun KİV-lərimizdə daha peşəkarlıqla işıqlandırılmasına kömək məqsədindən qaynaqlandığı vurğulanıb. Onlar qeyd ediblər ki, bu əməkdaşlıq cəmiyyətin və medianın maraqları ilə kəsişdiyindən gələcəkdə də inkişafını tapacaq.

Mail Ağaxanov