Bu ildən etibarən orta məktəblərin 2-ci sinfindən başlayaraq şagirdlərə şahmat dərsi keçirilir. Şahmatın fəlsəfi idman növü olduğu irəli sürülərək burada ciddi düşünməyə ehtiyac var. Valideynlər isə qeyd edirlər ki, şagirdlər bu idman növünün dərinliyinə qədər varmırlar və daşların gedişini düşünərək deyil, necə gəldi edirlər.
Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov
Modern.az-a açıqlamasında bildirib ki, hər bir uşağa fərdi yanaşmaq lazımdır. Onun sözlərinə görə, şahmatın ilk anlayışını təzə öyrənən şagirdin heç də Teymur Rəcəbov və ya Şəhriyar Məmmədyarov olacağını düşünmək olmaz.
“İlk olaraq şagird şahmatın daşlarını, gedişlərini tanıyır. Buna uyğun olaraq onun fəlsəfəsi öyrədilir. Müəllimlər də dərsləri yüksək səviyyədə keçir. Hər hansısa müəllimdən narazılıq barədə bizə şikayət daxil olmayıb. Əgər olarsa, o zaman bu məsələ araşdırılar ki, bəlkə o müəllim dərsi lazım olduğu kimi keçmir. İndi bu fənnin tədrisinə nəzarəti Təhsil şöbələri, məktəb direktorları həyata keçirir. Ola bilər onlara nəsə deyilib, amma bizim bu haqda heç bir məlumatımız yoxdur”.
Aytən Əliyeva