
“Qarabağ münaqişəsinin həlli üçün müəyyən şərait olmalıdır. Amma bu mühit hələ yaradılmayıb. Tərəflərin problemi həll istəyi yoxdur”. Bunu Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarda keçiriləcək görüşünün nəticəsinə münasibət bildirərkən deyib.
Siyasi şərhçi onu da qeyd edib ki, hər iki dövlətdə konfliktin çözümünə təsir edəcək, münaqişənin həllini tələb edən ictimai qüvvə yoxdur. “Bütün bunlara görə deyə bilərəm ki, münaqişənin həlli gözlənilmir. Xarici işlər nazirlərinin işi sadəcə görüşməkdir. Vasitəçilərin də bu işdə marağı yoxdur. Minsk qrupunun hər-hansı təkliflər paketini hazırlaması da gözlənilən deyil. Çünki bu qurumun həmsədrlərinin özləri mənafelərinə görə ortaq məxrəcə gələ bilmirlər. Bununla yanaşı, tərəfləri tənqid etmək fikirləri də yoxdur. Əgər belə siyasi təpki olsaydı, Ermənistana hərbi, siyasi, maliyyə yardımları etməzdilər. Ona görə də deyə bilərəm ki, bu görüş də sıfır nəticə ilə başa çatacaq”, – deyə vurğulayıb.
Aqşin Kərimov