Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) parlamentinin sədri Hasan Bozer ilə görüşdə millət vəkililəri Qənirə Paşayeva və Musa Qasımlı Azərbaycanla ŞKTC arasında əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu deyib və ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər. Görüş zamanı ŞKTC -də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artmasının müsbət hadisə olduğu xüsusi vurğulanıb və gələcəyə doğru bu istiqamətlərdə əməkdaşlığın daha da genişlənməsi prespektivlərinə toxunulub. Millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı ŞKTC parlamentinin spikeri Hasan Bozer ilə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə və Kıbrıs problem ətrafında da geniş müzakirələr aparıblar.
Hasan Bozer qardaş Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Qarabağ probleminin onları da narahat etdiyini bildirən Hasan Bozer dünyanın hər yerində yaşayan insanımızın milli məsələlərin, ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Görüşün sonunda millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı ŞKTC parlamentinin spikerinə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özlərinin müəllifi olduqları kitabları hədiyyə ediblər.
Millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı Lefkoşada həmçinin ŞKTC-nin baş naziri İrsen Küçüklə də görüşüblər. ŞKTC-nin baş naziri İrsen Küçük qardaş Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və bu istiqamətdə səylərin daha da artacağını deyib.
Q.Paşayeva və M.Qasımlı Yaxın Doğu Universitetində Daglıq Qarabağ problemi ilə bağlı konfrans keçiriblər və bu universitetdə təhsil alan çox sayda azərbaycanlı tələbələrlə geniş görüş keçiriblər.

Modern.az