Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin direktoru Klaus Gerhauser bu vəzifəyə təyin olunandan sonra Azərbaycana ilk dəfə səfər edib. “Azərsu” ASC-nin rəhbərliyi ilə görüşən avropalı qonaq son illər qurum tərəfindən həyata keçirilən layihələrin daha sürətlə icra edildiyi bildirib və bu barədə məlumatlı olduğunu qeyd edib:
“Asiya İnkişaf Bankı Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsinə bundan sonra da vəsait ayırmaqda maraqlıdır. Bankın mütəxəsisləri Azərbaycan üzrə yeni strategiyanın hazırlanmasına başlayıblar. 2013-2018-ci illəri əhatə edəcək 5 illik strategiyada “Azərbaycan – 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının müddəaları da nəzərə alınacaq. Strategiyada su təchizatı sektorunun inkişafına dəstək də öz əksinin tapacaqdır. Təmsil etdiyim bank qeyri-maliyyə dəstəyi olaraq “Azərsu” ASC-yə nou-hauların tətbiqində və kadr hazırlığında da kömək etmək niyyətindədir. Su sektorunun sürətli inkişafını nəzərə alaraq xarici mütəxəssislərin Azərbaycanda təlim keçmələrini təşkil edə bilərik”.
Prezident İlham Əliyevin “Azərbaycan əhalisi 24 saat keyfiyyətli su ilə təmin olunmalıdır“ tapşırığını və qısa müdətdə buna nail olmağın vacibliyini xatırladan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Ağcabədi və Balakən şəhərlərində içməli su və kanalizasiya layihələrinə başlanmasına hazırlıq görüldüyünü söylədi. O, istər Asiya İnkişaf Bankının, istərsə də digər beynəlxalq qurumların krediti hesabına reallaşdırılan layihələrdə ən son texnologiyanın tətbiq olunacağını qonaqların diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Hökuməti Asiya İnkişaf Bankı ilə birgə “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı”nı həyata keçirir. İcrasına 2008-ci ildə başlanmış və 2010-cu ildə başa çatmış “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Göyçay və Ağdaş şəhərlərində sugötürücü qovşaqlar yaradılmış, texniki və təşkilati məsələlər həll edilmişdir. “Su təchizatı və kanalizasiya investisiya proqramı” isə Göyçay və Ağdaş şəhərlərində layihələrin başa çatdırılması, həmçinin Beyləqan, Ağcabədi və Balakən şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulmasını nəzərdə tutur. Bu layihə üzrə Beyləqan şəhərində tikinti işlərinə başlanılmış, Ağcabədi və Balakən şəhərlərində isə layihənin icrasına hazırlıq görülür.
Modern.az