2013-cü ildə Ermənistanda prezident seçkiləri keçiriləcək. Qonşu Gürcüstandakı parlament seçkiləri hakimiyyət dəyişikliklə yadda qaldı. Cənubi Qafqazın digər dövləti olan Ermənistanda seçki siyasi mənzərəni dəyişəcəkmi?
Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında məsələni belə şərh edib: “Zənnimcə, Ermənistanda prezident seçkisində hər hansı dəyişiklik olmayacaq. Çünki Serj Sərkisyanın ikinci dəfə də seçilmək şansı var. Eyni zamanda hazırkı hakimiyyətin Rusiya ilə münasibətləri çox normaldır və bu da hakimiyyətdə qalmağın yeganə qarantıdır. Burada əhalinin səsverməsi mühüm əhəmiyyətə malik deyil. Ona görə də demək olar ki, bu seçkilər formal olaraq keçirilir. Ölkədə yoxsulluq, səfillik, miqrasiya yenə də davam edəcək. Nəticə etibari ilə Ermənistan yenə də ağır vəziyyətdə olacaq və Rusiyadan asılılığı hökm sürəcək . Bunları nəzərə alaraq deyə bilərəm ki, Qarabağ probleminin həllində də irəliləyiş gözlənilmir”.