Dekabrın 11-də Kənd Təsərrüfatı Nazirliyində naziri İsmət Abbasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Respublika Komissiyasının sədri, kənd təsərrüfatı naziri İsmət Abbasov qeyd edib ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə“ Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarlarının icrasına uyğun olaraq, 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.