Modern.az

Mətbuat Şurası ADU tələbələrini mükafatlandıracaq - FOTO

Mətbuat Şurası ADU tələbələrini mükafatlandıracaq - FOTO

Aktual

14 Dekabr 2012, 16:08

Dekabrın 14-də Azərbaycan Dillər Universitetində Həsən bəy Zərdabinin 170 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova və Filologiya fakültəsinin Jurnalistika ixtisasında təhsil alan tələbələrin təşkilatçılığı ilə baş tutdu. Tədbirdə tələbələrin bir gün öncə Həsən bəy Zərdabinin Fəxri xiyabandakı qəbrini ziyarət etdikləri video nümayiş olundu.

Nümayişdən sonra tədbir aparıcıları Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabi haqqında məlumat verdilər, onun naşiri olduğu “Əkinçi” qəzetindən, Azərbaycanda milli mətbuatımızın əsasının məhz bu qəzetlə qoyulduğundan söz açdılar. Sonra Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar təqdim edildi. Daha sonra tələbələrin ifasında Həsən bəy Zərdabinin həyatını, onun ana dilində qəzet nəşr etməklə bağlı qarşısına çıxan çətinlikləri, dövrün amansızlığını,  xalqın savadsızlığından istifadə edərək milləti oxumaq, öyrənmək həvəsindən döndərən dırnaqarası bəylərin iç üzünü əks etdirən səhnəciklər göstərildi. 

Tələbələrin çıxışından sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin gözlədiyindən də yüksək şəkildə keçdiyini bildirdi və Mətbuat Şurası tərəfindən tədbirdə iştirak edən tələbələrin Fəxri diplomla mükatalandırılacaqlarını söylədi. Ə. Amaşov Həsən bəy Zərdabinin 170 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncam imzaladığını xatırlatdı və ADU-da bu tədbirin yüksək səviyyədə təşkilinin məhz bu sərəncamın həyata keçirilməsi baxımından çox əhəmiyyətli olduğunu vurğuladı. Ə. Amaşov tələbələrdən ibarət bu heyətlə Mətbuat Şurasını xətti ilə digər ali məktəblərdə, hətta orta məktəblərdə iştirak etmək istəyini dilə gətirdi. “Azərbaycan mətbuatı deyəndə Həsən bəy Zərdabi, Həsən bəy Zərdabi deyəndə Azərbaycan mətbuatı yada düşür” – deyən Ə. Amaşov görkəmli ziyalının Azərbaycan mətbuatına verdiyi töhvələrdən danışdı, Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Rusiyada ilk turkdilli qazetin – "Əkinçi"-nin naşiri, Azərbaycan mətbuatının banisi olduğunu xatırlatdı. 

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı çıxışında xeyli xatirələrə daldığını, özünün də bu universitetin tələbəsi olduğunu qeyd etdi. ADU-da Jurnalistika ixtisasının açıldığından şad olduğunu söyləyən E. Şıxlı redaksiyasında 2 nəfər ingilis dili bilən işçilərdən birinin məhz bu universitetin məzunu olduğunu söylədi və dilləri tədris edən universitetin gələcəyə lazımlı jurnalistlər yetişdirəcəyindən əminliyini ifadə etdi. O, “H. Zərdabini dünyaya çıxarmaq üçün dünyanın dilini bilmək lazımdır” fikirlərini sözlərinə əlavə etdi. ADU-nun Azərbaycan tarixi, sosial elmlər və fəlsəfə kafedrasının professoru, H. Zərdabinin qohumu Məhəmməd Teymurlu ADU-nun jurnalistlər yetişdirməsindən şad olduğunu dedi, H. Zərdabinin ideyalarına əməl edib ondan güc almağın vacibliyindən danışdı.

Sonda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çətin iş qrafiklərinə baxmayaraq, vaxt ayırıb təşrif buyurduqlarına görə qonaqlara təşəkkürlərini bildirdi. Rektor Səməd Seyidov Prezident İlham Əliyevin məhz Azərbaycanın milli mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illiyinin keçirilməsi ilə bağlı sərəncamın bugünkü Mətbuat nümayəndələri üçün vacib bir addım olduğunu vurğuladı. H. Zərdabinin irsi və onun fəaliyyətinin gənc nəsil jurnalistlərə təbliğ olunmasını bu yöndə mühüm addım hesab etdi. ADU-nun ilk jurnalist tələbələrinin ilk dəfə tamaşaçılar qarşısına çıxdığını deyən rektor ADU-da Jurnalistika ixtisasının açılmasının elə də asan olmadığını və burada iştirak edən və etməyən tanınmış mətbuat işçilərinin yüksək rəyi əsasında ADU-da bu ixtisasın artıq fəaliyyət göstərdiyini vurğuladı. “Bizə dilləri bilən hüquqşünaslar, həkimlər, dilşünaslar, eləcə də jurnalistlər lazımdır” – fikirlərini söyləyən Səməd Seyidov tədbirin yüksək səviyyədə təşkilinə görə ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovaya təşəkkürlərini bildirdi və tələbələri təbrik etdi.



Modern.az
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı