Prezident İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub. Modern.az prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, dövlət başçısı dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, bina müasir memarlıq üslubunda tamamilə yenidən qurulub. Vağzalın ətrafında yaşıllıq zolağı salınıb, dekorativ ağaclar əkilib. Binada sərnişinlərin istirahəti üçün də lazımi şərait yaradılıb.
Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Horadiz stansiyasının sərnişin vağzalı 1958-ci ildə inşa olunub. Vağzal binasında uzun müddət əsaslı təmir işləri aparılmayıb. Əsaslı təmir və yenidənqurma işləri QSC-nin dəmir yollarının və texniki qurğuların təmir-tikinti departamenti tərəfindən üç ay ərzində yerinə yetirilib. Vağzal binasının elektrik sistemi yenilənib gözləmə salonunda sərnişinlərin rahatlığı təmin edilib. Burada yeni yaradılan ana və uşaq otağı, akt zalı və yeməkxana fəaliyyət göstərir. Bina yeni avadanlıqla təchiz olunub. Vağzal binasında sərnişinlərin əşyalarının saxlanması üçün kameralar quraşdırılıb, dispetçer otağında yüksək xidmət şəraiti yaradılıb.
Diqqətə çatdırılıb ki, tibbi xidmətə ehtiyacı olanlar həkim otağına müraciət edə biləcəklər. Hər cür şəraiti olan inzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir. Binanın birinci mərtəbəsində kassalar, tibb otağı və digər bölmələr var.
Bildirilib ki, Horadiz stansiyasının yenidən qurulan sərnişin vağzalının binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı ilə bağlı görülən işlərin tərkib hissəsidir. Vağzalda bilet satışı texnologiyası da təkmilləşdirilib. Horadiz sərnişin stansiyasında bilet satışı noyabrın 1-dən etibarən avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulub. Artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası da bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.
Prezident İlham Əliyev Horadiz dəmir yolu stansiyasının sərnişin vağzalının binasında yaradılan şəraitdən razılığını bildirib.
Prezident həmçinin Horadiz şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, YAP rayon təşkilatının yeni inzibati binasının inşasına 2011-ci ilin martında başlanılıb və 2012-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli binada tikinti işləri yüksək səviyyədə aparılıb.
Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 nəfərlik müasir iclas zalı var. Bütün iş otaqlarında zəruri avadanlıq və kompüterlər quraşdırılıb, binanın ətrafında yaşıllıqlar salınıb.
Diqqətə çatdırılıb ki, YAP Füzuli rayon təşkilatının 5 min 500-dən çox üzvü var. Onların 2 min 300-ü qadınlar, 1500-ü isə gənclərdir.
Prezident İlham Əliyev YAP Füzuli rayon təşkilatının yeni inzibati binasında yaradılan şəraiti yüksək qiymətləndirib. Daha sonra prezident İlham Əliyev Horadizdə Heydər Əliyev Parkının açılışında iştirak edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezidentə Heydər Əliyev Parkında görülən tikinti işləri barədə məlumat verib. Bildirilib ki, park Heydər Əliyev prospektində yerləşir, onun ərazisi 3,5 hektardır. Parkda Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Diqqətə çatdırılıb ki, burada yaşıllıqlar salınıb, xarici ölkələrdən gətirilən müxtəlif dekorativ ağac və gül kolları əkilib, suvarma sistemi yaradılıb. Parkda dirəyinin hündürlüyü 33 metr olan dövlət bayrağı ucaldılıb. İstirahət mərkəzində 8 güşəli fəvvarə tikilib. Şəhərə xüsusi gözəllik verən parkda müasir dizaynda inşa olunan internet-kafe də fəaliyyət göstərəcək. Kompüterlərlə təchiz edilən internet-kafedə gənclərin istirahəti üçün hər cür şərait var. Parkda çoxsaylı oturacaqlar qoyulub, müasir işıqlandırma sistemi quraşdırılıb, ətrafdakı evlərin fasadları və damları əsaslı təmir edilib.
Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Modern.az