Dekabrın 15-də Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov Bakı Ali Neft Məktəbində “Azərbaycan: Geosiyasi kimlik” mövzusunda məruzə ilə çıxış edib. SAM rəhbəri bildirib ki, coğrafi baxımdan Şərq və Qərbin qovşağında yerləşən, İslam və Türk dünyasının bir hissəsi olan Azərbaycan Respublikasının Avropaya siyasi-iqtisadi və mədəni inteqrasiyası genişləndikcə, onun geosiyasi əhəmiyyəti də artmaqdadır.
“Unikal geosiyasi mövqeyə, zəngin təbii ehtiyatlara, sürətlə inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə bu gün fərqli sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynamaqla, postsovet məkanındakı müsəlman dövlətinin qısa vaxt ərzində iqtisadi-siyasi və mədəni inkişafının, zəngin tolerantlıq ənənələrinin, xalqların tarixən birgəyaşayışının bariz nümunəsidir. Bütün bu amillər Azərbaycana mühüm geoiqtisadi və geosiyasi üstünlüklər versə də, məhz onların sayəsində regionda həlledici mövqeyə, böyük potensiala malik dövlət kimi xarici mənafelər üçün cəlbedici olub. Azərbaycanda vətəndaş birliyinin təminatına yönəldilmiş daxili siyasətin, milli maraqların ödənilməsinəistiqamətləndirilən xarici siyasətin bir-birini tamamlaması, mükəmməl strategiyanınmüəyyənləşdirilməsi ilk növbədə bu təhdidlərin qabaqlanmasında və qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir”.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçilərinin mütəmadi olaraq Bakı Ali Neft Məktəbində məruzələrlə çıxışları planlaşdırılır.


Modern.az