Türkiyənin Giresun Universitetində Qara Dəniz Strateji Araşdırma və Uyqulama Mərkəzi (KARASAM) tərəfindən təşkil edilən və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin siyasətçilərinin, alimlərinin, universitet rəsmilərinin, qeyri-hökumət təmsilçilərinin qatıldığı 5-ci Qara Dəniz Beynəlxalq Simpoziumunda çıxışı zamanı millət vəkili Qənirə Paşayeva Ermənistanın işğalçılıq siyasətindən, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən azəbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən tapdalanmaqda davam edən haqlarından danışıb.
Qənirə Paşayeva Ermənistanı insan haqlarını ən kobud və ən çox pozan ölkə adlandırıb və bildirib ki, işğalçı Ermənistan bu bölgədə əməkdaşlığın genişlənməsinə ən böyük əngəldir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Ermənistanın təşkilatın digər üzvü Azərbaycanın torpaqlarını işğal etdiyini və 20 ildən artıqdır ki, işğaldan azad etmədiyini vurğulayan millət vəkili bu gün qurumun bir üzvü digərinin torpaqlarını işğalda saxlamaqda davam edirsə, bu bölgədə əməkdaşlığın daha da genişlənməsinə ən böyük əngəl elə həmin ölkə Ermənistandır deyib.
Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamaqla bərabər Türkiyənin sərhədlərini tanımadığını, torpaq iddiası irəli sürdüyünü və qondarma erməni soyqırımı yalanlarını dünyaya yaymaqda davam etdiyini deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın bu cür işğalçı və qonşularına qarşı yürütdüyü bu cür mənfi siyasətlə bölgənin inkişafına da ciddi zərər vurduğunu deyib.
Millət vəkili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 ildir fəaliyyət göstərməsinə baxmayaraq istənilən səviyyədə, effektivli çalışa bilmədiyini və bunun bölgədəki ölkələrin bir çoxunun bir-biri ilə ciddi gərginliklər yaşamalarından qaynaqlandığını ifadə edib.
"Bu bölgə böyük və önəmli, böyük bir potensiala da sahibdir. Əgər bu potensialdan daha yaxşı istifadə edə bilsək və əməkdaşlığı daha yaxşı qura bilsək, bölgədəki dövlətlərin və ümumiyyətlə bölgənin daha da inkişaf etməsi mümkün olar. Bunu üçün isə ilk öncə bölgədəki işğallar bitməli, münaqişələr öz həllini tapmalıdır. Ermənistana beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində beynəlxalq təşkilatların, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının da təzyiqlər artmalıdır. Beynəlxalq ictimaiyyət 20 ildən artıqdır ki, 1miyon azərbaycanlı qaçqın və məcburu köçkünün öz evinə dönə bilməməsinə artıq laqeyid yanaşmamalı və onların evlərinə dönə bilməsi üçün Ermənistana ciddi təzyiqlər etməlidir", - Qənirə Paşayeva deyib.
“Bu gün modern dünyanın gözü qarşısında Ermənistan 1 milyon insanın haqlarını kobud şəkildə tapdalamaqda davam edirsə, beynəlxalq təşkilatlar, ictimaiyyət laqeyid qalmamalı, bu faciənin aradan qaldırılması istiqamətində səylərini daha da artırmalı, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin həyata keçməsi istiqamətində Ermənistana təzyiq edilməlidir. Məhz bu təzyiqin olmaması üzündən Ermənistan bu gün də işğalçılıq əməllərini davam etdirir", - deyən Qənirə Paşayeva problemin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən də danışıb.

