Bu gün Bakı Beynəlxalq Mətbuat Mərkəzində Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov son zamanlar ona qarşı səsləndirilən fikirlərlə bağlı mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, tədbirdə AXCP sədri Əli Kərimliyə qarşı 2005-ci ildə sui-qəsd planının hazırlanması iddiasından bəhs olunub. AXCP bu işdə Təhmasib Novruzovun payının da olduğunu bəyan edib.
Əli Kərimlinin sifarişlə 2005-ci ildə qətlə yetirilməsi ilə əlaqəli ilk informasiya hazırda 7 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Bəhlul Muradovun yazdığı ehtimal olunan məktubda yer alıb. “Millətim” qəzetinin redaksiyasına gələn məktub ölkədə ciddi rezonans doğurub. Lakin bir müddət sonra Bəhlul Muradov belə bir məktub yazmadığını bildirib və bunu onun adından yazılmış məktub adlandıraraq, təkzib verib. Məktubun mətnində qeyd olunur ki, Bəhlul Muradov Təhmasib Novruzovdan pul müqabilində Əli Kərimlini aradan götürmək əmri alıb, amma bundan boyun qaçırıb.
T. Novruzov isə mətbuat konfransında bunun qərəzli, şantaj xarakterli, məlumatlar olduğunu vurğulayıb:
“Dekabrın 8-də mətbuata açıqlama verən AXCP sədri Əli Kərimli bu böhtanların həqiqət olduğunu bildirib və hadisələrin 2005-ci ilin yayında baş verdiyini vurğulayıb. Bilmirəm Əli Kərimlinin mənimlə nə qəsd-qərəzliyi var ki, belə vasitələrə əl atır. Əvvəla 2005-ci ildə heç bizim təşkilat mövcud olmayıb. Bu onu göstərir ki, müxalifət cəbhəsinin mənə qarşı tutduğu mövqe ağ yalan üzərində qurulub. Bunlar kimdir? Nə demək istəyirlər? Əslində mən onların iç üzünü yaxşı tanıyıram. Azərbaycan gəncliyini məhvə aparan Əli Kərimli və onun havadarlarının hərəkətləri vicdansızlıqdan başqa bir şey deyil. Biz hələ o vaxt, 1990-cı illərdə Türkiyədəki kimi dərin dövlət qurmaq istəyirdik. Amma bu işə də Əli Kərimli mane oldu. Belə bir insanın mərhum prezidentimiz Əbülfəz Elçibəyi zəhərləməsinə də şübhəm artır. Bu adam nə desən edər. Siyasi mühitə gəldiyi andan mənə qarşı şər-böhtan yayır”.
Qeyd edək ki, Təhmasib Novruzov bu hadisə ilə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb.
Aqşin Kərimov