ABŞ ilə İran arasındakı müharibədə gərginlik hər keçən saat daha da artır. ABŞ artıq İranın hərbi imkanlarını məhv etdiyini açıqlayır. Lakin digər tərəfdən, İran Hörmüz boğazı kartından istifadə edərək, ABŞ-ni çətin vəziyyətə qoymaq istəyir. ABŞ Avropa ölkələrindən boğazın açılması ilə bağlı kömək istəsə də, ona müsbət cavab verilmir. Məhz bu səbəbdən iqtisadiyyatda yaranan çətinlik fonunda ABŞ-nin İrana quru yolla daxil olması məsələsi gündəmə gəlib.
Modern.az-a açıqlamasında sabiq səfir Nəsib Nəsibli bildirib ki, ABŞ hazırda İran rejimini dəyişdirmək istəyir, lakin hazırki hərbi əməliyyatlar bunun üçün kifayət etmir:
"28 fevralda başladılan hərbi əməliyyatlarda məqsəd rejimin devrilməsi deyildi. Amma ölkənin Ali Rəhbərinin öldürülməsindən sonra rejim dəyişikliyi məsələsi gündəmə gəlib. İndi də rejim dəyişmir. Amma Amerika hərbi maşını İranın əsgəri gücünü xeyli dərəcədə zəiflədib. ABŞ konkret olaraq, İranın hərbi donanmasını, onun havadan müdafiə sistemini və hərbi hava qüvvələrini məhv edib. Amma bu rejimin dəyişməsi üçün kifayət eləmir. Çünki İran rejimi özünün varlığını müdafiə etməyə və sona qədər vuruşmağa hazır olduğunu göstərir. Ona görə bu adalar məsələsi ortaya çıxıb. Hazırda regionda aşağı-yuxarı 50 minlik amerikalı hərbi gücü var. Əlavə olaraq, regiona 17 min hərbçi yerləşdirilib və 10 min əsgər də yoldadır. İndi baxaq görək necə olacaq? Məncə, fevral ayının 28-də olan möcüzənin təkrarı olmasa belə, hər halda amerikan strateji fikri bu əməliyyatların müvəffəqiyyətlə başa çatmasına inanır. Baxaq görək necə olacaq. Çox maraqlı bir məsələdir".

Sabiq səfirin fikrincə, İrana quru yolla hərbi müdaxilə olmayacaq:
"Böyük ehtimalla quru əməliyyatı olmayacaq. Yüksək ehtimalla, İranın Bəndər-Abbasdakı hərbi hava bazası, dəniz donanması axıra qədər məhv ediləcək. Ondan sonra Xarq adası da daxil olmaqla bir sıra adalar tutula bilər. Yenə də deyirəm ki, İranın öz ərazisində hərbi əməliyyatlar olmayacaq, çünki bunun üçün yüz minlərdən ibarət böyük orduya ehtiyac var. Yəni, 40-50 minlik xüsusi təyinatlıların orada olması bu hədəf üçün kifayət etmir. Məsələn, Xarq adasının tutulması İran üçün iflasdır, amma dünya iqtisadiyyatı üçün Hörmüz boğazı məsələsi daha önəmlidir. Boğaz məsələsində də ABŞ-ni Avropa dəstəkləmir. Lakin hesab edirəm ki, məsələnin həllinə ABŞ-nin hərbi gücü yetəcək".