İyunun 17-də ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra iyulun 1-də Dohada Qətər və Pakistanın vasitəçiliyi ilə növbəti danışıqlar keçirilib.
Görüşlərin yekununda işçi qrupları yaradılıb. Eyni zamanda ABŞ bölgədə hərbi mövcudluğunu artıraraq USS Boxer desant qrupunu Yaxın Şərqə göndərib. Donald Tramp administrasiyasının nümayəndələri isə açıq şəkildə bildirirlər ki, hazırkı dövr növbəti danışıqlar mərhələsinə qədər Vaşinqtonun mövqelərini daha da gücləndirmək üçün imkan kimi qiymətləndirilir.
Məhz diplomatiya ilə hərbi təzyiqin paralel aparılması Tehranda narahatlığın artmasına səbəb olur. İran hesab edir ki, müharibədən sonra dörd əsas təsir rıçağını qoruyub saxlaya bilib: Hörmüz boğazında gəmiçiliyə təsir göstərmək imkanı, Livan məsələsini atəşkəs razılaşmasının çərçivəsində saxlamaq, nüvə proqramı ətrafında qeyri-müəyyənliyi davam etdirmək və 300 milyard dollarlıq investisiya fondunun yaradılması da daxil olmaqla iqtisadi üstünlüklər əldə etmək. Lakin iranlı analitiklərin fikrincə, Vaşinqton bu rıçaqların hər birini mərhələli şəkildə zəiflədərək İranı yekun danışıqlara daha zəif mövqedə gətirməyə çalışır.
Bu strategiya ən aydın şəkildə Hörmüz boğazı ətrafında özünü göstərir. Tehran üçün əsas məsələ tranzit rüsumlarının tətbiqi deyil, gəmiçiliyin təhlükəsizliyinin artıq İranın maraqlarından ayrılmaz olduğunun qəbul edilməsidir. Lakin Omanın daxili suları vasitəsilə alternativ marşrutun yaradılması, körfəz ölkələrinin dəniz nəqliyyatının sərbəstliyini dəstəkləməsi və İranın iştirakı olmadan normal dəniz daşımalarının bərpası istiqamətində atılan addımlar bu rıçağın əhəmiyyətini tədricən azaldır.
Tehranda Livan ətrafında baş verən proseslər də oxşar şəkildə qiymətləndirilir. İsrail-Livan xətti üzrə ayrıca danışıqlar İran tərəfindən Livan məsələsini ABŞ-İran razılaşmalarından ayırmaq və "Hizbullah"dan daha geniş siyasi sövdələşmənin elementi kimi istifadə imkanlarını məhdudlaşdırmaq cəhdi kimi qəbul olunur. Bununla yanaşı, körfəz ölkələri gələcək investisiyalar və iqtisadi əməkdaşlığı İranın regional müttəfiqlərinə dəstəkdən imtina etməsi ilə əlaqələndirirlər. Tehran hesab edir ki, bununla da danışıqların gündəliyi ilkin memorandumun çərçivəsindən kənara çıxarılır.
Nüvə proqramı istiqaməti də əsas mövzulardan biri olaraq qalır. İran MAQATE müfəttişlərinin zərər görmüş nüvə obyektlərinə çıxışını məhdudlaşdırmağa davam edir. Tehran hesab edir ki, yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yeri və vəziyyəti barədə məlumat hələ də mühüm danışıq alətidir. İran rəsmiləri ehtiyat edirlər ki, bu məlumatların vaxtından əvvəl açıqlanması sanksiyaların ləğvi və təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər həll edilməmiş əsas üstünlüyün itirilməsinə səbəb ola bilər.
Son həftələrdə baş verən hərbi hadisələr də narahatlığı artırır. İyunun 26–28-də ABŞ və İran arasında qarşılıqlı zərbələr, bölgəyə yeni Amerika qüvvələrinin göndərilməsi və Tramp administrasiyası nümayəndələrinin bəyanatları Tehranda belə bir fikir formalaşdırıb ki, Vaşinqton memorandumun qüvvədə olduğu müddətdən öz mövqelərini möhkəmləndirmək və İranın "qırmızı xətlərini" yoxlamaq üçün istifadə edir. Xüsusilə ABŞ-nin İran ərazisinə məhdud zərbələrinin genişmiqyaslı müharibəyə keçmədən tədricən adi hala çevrilməsi ehtimalı ciddi narahatlıq doğurur.
Belə şəraitdə Tehran diplomatik prosesi davam etdirməyə çalışır, eyni zamanda qalan təsir rıçaqlarını itirə biləcək güzəştlərdən yayınmağa çalışır. Ən real strategiya danışıqları məhdud təzyiqlə, ilk növbədə Hörmüz boğazında təsir imkanlarını qorumaqla, nüvə proqramı ətrafındakı qeyri-müəyyənliyi saxlamaqla və Livan məsələsini ümumi razılaşmalar paketində qorumağa cəhd göstərməklə paralel aparmaq hesab olunur.
Bununla yanaşı, ölkə daxilində mühafizəkar siyasi dairələrin təzyiqi İran rəhbərliyinin kompromis imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Tehranın baxışına görə, diplomatiya artıq müharibə nəticəsində əldə olunan strateji üstünlüklərin qorunması uğrunda mübarizənin davamına çevrilib. İran üçün əsas sual isə budur: ölkə yekun razılaşmanın öz maraqlarına uyğun olması üçün kifayət qədər təsir rıçaqlarını qoruya biləcəkmi?