NATO-nun Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı zirvə roplantısında Ukrayna məsələsi də geniş müzakirə olunub. Bununla yanaşı, Ukrayna Estonya və Niderlandla birgə PUA istehsalı üzrə razılığa gəlib. Kanada isə Ukraynaya 900 milyonluq yardım ayıracaq. Bu toplantıda Ukrayna ilə bağlı məsələlərdə Avropa ölkələrinin önə çıxdığı aydın görünür. ABŞ isə ön planda görünmür.
Maraqlıdır ki, Ukrayna NATO-nun bu toplantısından nələr gözləyir?
Ukraynalı politoloq Stanislav Jelixovski Modern.az-a açıqlamasında bildirib ki, Ukraynanın Ankara NATO Sammitindən əsas gözləntisi simvolik siyasi qərarların qəbul edilməsi deyil, uzunmüddətli və proqnozlaşdırıla bilən dəstəyin təmin olunmasıdır:
“Sammitin ən mühüm nəticələrindən biri müdafiə-sənaye əməkdaşlığının daha da gücləndirilməsidir. Niderland və Estoniya ilə pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əldə olunan razılaşmalar, eləcə də Danimarka ilə imzalanan dron razılaşması təşəbbüsü göstərir ki, Ukrayna artıq təkcə hərbi yardım alan ölkə deyil, Avropanın müdafiə sənayesinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir”.
Politoloq vurğulayıb ki, ABŞ kəşfiyyat, hava hücumundan müdafiə və strateji çəkindirmə sahələrində hələ də əvəzolunmaz rol oynayır:
“Bununla belə, Avropa NATO çərçivəsində getdikcə daha böyük məsuliyyət üzərinə götürür və bu, ABŞ-ı əvəz etmək deyil, alyans daxilində yükün daha balanslı şəkildə bölüşdürülməsi deməkdir. Avropa müdafiə sənayesinə investisiyaları davam etdirdiyi, sursat, pilotsuz uçuş aparatları, raketlər və hava hücumundan müdafiə sistemlərinin istehsalını artırdığı halda Ukraynaya uzunmüddətli dəstəyi təmin edə bilər. Rusiyanın apardığı müharibə Avropa hökumətlərinin əksəriyyətini inandırıb ki, Ukraynaya dəstək artıq yalnız həmrəylik məsələsi deyil. Bu, Avropanın öz təhlükəsizliyinin təmin olunması məsələsidir”, - o deyib.