Modern.az

İlham Əliyevin Almaniya səfəri yeni investisiyalara yol açır

İlham Əliyevin Almaniya səfəri yeni investisiyalara yol açır

Analitika

Bu gün, 11:06

Prezident İlham Əliyev iyulun 20-də Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar. Ölkə başçısı səfəri çərçivəsində Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq, bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edilib. Qeyd etmək yerinə düşər ki, Almaniya Avropada iqtisadiyyatına görə birinci yerdə dayanır. 

Almaniyanın Cənubi Qafqaza, xüsusilə də Azərbaycana münasibəti, iki ölkə arasında iqtisadi və siyasi sahələrdə son vəziyyət və gözlənilən prioritetlər maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verəcək:

“Bu gün beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, geosiyasi gərginliklər isə yeni reallıqlar formalaşdırır. Belə bir şəraitdə Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirib.

Son illərdə Azərbaycanın mühüm təşəbbüslərindən biri olan Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat marşrutlarından birinə çevrilib. Bu layihə Almaniya da daxil olmaqla Avropa ölkələri üçün yeni logistika imkanları yaradır. Eyni zamanda Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 12 ölkəsinə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunur və ixrac həcmi davamlı olaraq artır”.

Parlamentari vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas ticarət tərəfdaşıdır:

“İki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard avronu ötür, Azərbaycanda isə Almaniya kapitallı 250-dən çox müəssisə fəaliyyət göstərir. Kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və yaşıl enerji sahələrində Almaniyanın təcrübəsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti də alman investorları üçün geniş imkanlar açır.

Prezident İlham Əliyevin səfər çərçivəsində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirdiyi görüş iqtisadi əməkdaşlığın prioritet istiqamət olduğunu bir daha nümayiş etdirdi. Görüşdə investisiyalar, nəqliyyat-logistika, Orta Dəhliz, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olundu.

Bu gün isə Prezident İlham Əliyevin Almaniya Federal Kansleri Fridrix Mers ilə görüşü keçiriləcək. İmzalanacaq sənədlərin və aparılacaq müzakirələrin Azərbaycan–Almaniya əməkdaşlığının yeni mərhələyə yüksəlməsinə, iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini hesab edirəm”.

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, müzakirə mövzularından biri də Almaniya şirkətlərinin Qarabağın yenidən qurulmasına töhfə verməsi olacaq:

“Azərbaycanla Almaniya arasında sıx əlaqələr mövcuddur. İlham Əliyev bir neçə dəfə Almaniyaya rəsmi səfərlər edib. O cümlədən Almaniya rəsmiləri, prezidentləri, kanslerləri Azərbaycana gəliblər. Beləliklə, ikitərəfli əlaqələrin inkişafı üçün müəyyən addımlar atılıb. Əlbəttə, Azərbaycanın Avropada əsas iqtisadi tərəfdaşı İtaliyadır. Amma bununla yanaşı, Almaniya ilə də iqtisadi əməkdaşlığımız getdikcə inkişaf edir. Bu istiqamətdə yeni layihələr də müzakirə edilə bilər. Mənim zənnimcə, İlham Əliyevin bu dəfəki səfəri zamanı iqtisadi əlaqələrin inkişafı, ticarət əlaqələrinin genişlənməsi, Alman şirkətlərinin Qarabağın yenidən qurulmasına dəstək verməsi müzakirə ediləcək. Bir neçə Avropa ölkəsi, o cümlədən İtaliya, Macarıstan və Slovakiya Qarabağda müəyyən layihələr həyata keçirirlər. Bu da Azərbaycanla həmin Avropa ölkələri arasında münasibətlərin dərinləşməsinə şərait yaradır. Təbii ki, Almaniya şirkətləri bu istiqamətdə Azərbaycanla əməkdaşlığa başlaya bilər”.

E. Şahinoğlunun sözlərinə görə, Fransadan fərqli olaraq, Almaniya regionun aparıcı dövləti olan Azərbaycanla münasibətlərə önəm verir:

“Avropa İttifaqının (Aİ) iqtisadi zəmində iki aparıcı dövləti var: Almaniya və Fransa. Fransadan fərqli olaraq, Almaniya Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla ikitərəfli əməkdaşlığa önəm verir. Bu, ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Hesab edirəm ki, İlham Əliyevin bu dəfəki səfərində də mühüm sazişlər imzalanacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR