Ermənistan Prezidenti Vaaqn Xaçaturyan IX çağırış Milli Assambleyanın ilk iclasında çıxış edərək deputatları dövlət maraqlarını siyasi qarşıdurmadan üstün tutmağa çağırıb.
Modern.az xəbər verir ki, prezident yeni parlamentin fəaliyyətinin yalnız qəbul etdiyi qanunların sayı ilə deyil, onların keyfiyyəti, cəmiyyətə təsiri və ölkənin uzunmüddətli inkişafına verdiyi töhfə ilə qiymətləndiriləcəyini bildirib.
Xaçaturyanın sözlərinə görə, vətəndaşlar parlamentdən yetkin siyasi yanaşma, məsuliyyətli qanunvericilik fəaliyyəti və ölkənin maraqlarına xidmət edən müzakirələr gözləyirlər.
Prezident qeyd edib ki, parlament fikir ayrılıqlarının dövlət maraqlarına uyğun həllərə çevrildiyi əsas siyasi platforma olmalıdır.
“Bizə elə siyasi mədəniyyət lazımdır ki, fikir ayrılığı dözümsüzlüyə çevrilməsin, prinsipiallıq isə qarşılıqlı hörməti istisna etməsin”, – deyə o vurğulayıb.
Xaçaturyan hakim çoxluğun üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək qeyd edib ki, parlament çoxluğunun gücü yalnız səlahiyyətləri ilə deyil, həm də daşıdığı məsuliyyətlə ölçülür.
O, müxalifətin roluna da toxunaraq bildirib ki, peşəkar tənqid, alternativ təkliflər və nəzarət funksiyası demokratik idarəetmənin vacib elementlərindəndir və dövlət idarəçiliyinin keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Sonda prezident IX çağırış parlamentin siyasi rəqabəti dövlət məsuliyyətindən üstün tutmayan, ümummilli məsələlərdə birlik nümayiş etdirən qanunverici orqan kimi tarixdə qalacağına ümid etdiyini bildirib.