Modern.az

Vətəndaş deputatdan məhkəməyə müdaxilə etməsini istəyir - MÜSAHİBƏ

Vətəndaş deputatdan məhkəməyə müdaxilə etməsini istəyir - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 09:27

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a müsahibə verib.

O, diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri, Qərbi azərbaycanlıların qayıdış hüququ, Azərbaycanlılarla ermənilər arasında münasibətlərin gələcəyi, Ermənistanda revanşizm meyilləri, Azərbaycan–Qırğızıstan parlamentlərarası əlaqələri və rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə sualları cavablandırıb.

Diplomatlar Qarabağdakı reallıqları öz gözləri ilə görürlər

– Musa müəllim, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanda böyük hay-küyə səbəb oldu. Bunu necə qiymətləndirirsiniz?

– Diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri mühüm hadisədir. Bir neçə il əvvəl onların təmsil etdikləri bəzi Avropa ölkələri həmin ərazilərə səfərlərə nəinki müsbət yanaşır, hətta azad edilmiş ərazilərimizi yenə də mübahisəli ərazi kimi təqdim etməyə çalışırdılar.

44 günlük Vətən müharibəsi zamanı da bəzi Qərb jurnalistlərinin Prezident İlham Əliyevlə müsahibələrində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə görə ittiham edildiyinin şahidi olduq. Lakin zaman həqiqəti ortaya qoydu. “Dəmir yumruq” təkcə erməni separatizminə və daşnak ideologiyasına deyil, onları dəstəkləyən dairələrin planlarına da ağır zərbə vurdu.

Müharibədən sonrakı dövrdə bəzi Qərb siyasətçiləri, Avropa Parlamentinin deputatları və diplomatlar Ermənistan  Azərbaycan sərhədinə gələrək “binokl diplomatiyası” ilə məşğul olur, Azərbaycan Ordusunun mövqelərini izləyirdilər. Açıq şəkildə Ermənistanın yanında olduqlarını göstərirdilər.

44 günlük müharibədən sonra ilk səfərlər zamanı bəzi ölkələrin nümayəndələri Qarabağa getməkdən imtina edir, yaxud aşağı səviyyəli təmsilçilər göndərirdilər. İndi isə diplomatlar həmin ərazilərə gedərək həqiqətləri öz gözləri ilə görürlər. Onlar Azərbaycanın cəmi bir neçə il ərzində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, yaradılan infrastruktur və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlərlə tanış olurlar.

Heç kim öz evini dağıtmaz

– Sizcə, diplomatların bu səfərləri işğal dövründə baş verən dağıntıların beynəlxalq ictimaiyyətə çatdırılmasına hansı rolu oynayır?

– Diplomatlar müqayisə aparmaq imkanı əldə edirlər. Azərbaycan qısa müddətdə həmin əraziləri yenidən qurur. Ermənistan isə 30 illik işğal dövründə yalnız dağıntılar törədib. Heç kim öz evini dağıtmaz. İnsan məcburən evindən çıxanda belə, qayıdacağına ümid edərək qapısını bağlayır. Ancaq ermənilər Kəlbəcəri, Laçını tərk edərkən evləri yandırıb getdilər. Bu faktın özü həmin torpaqlara münasibətin göstəricisidir.

Mən oxşar mənzərəni 2006-cı ildə kəndimizə- Qərbi Azərbaycanın Zəngəzur bölgəsindəki Urud kəndinə gedərkən də görmüşdüm. Babalarımızın əkdiyi, yüz illərlə yaşı olan qoz, alma, armud və ərik ağacları kəsilmişdi. Yerində bostan əkmişdilər. Babalarımız qoz ağacı əkəndə bilirdilər ki, onun məhsulunu övladları və nəvələri yeyəcək. Çünki həmin torpaqlarda əbədi yaşayacaqlarına inanırdılar.

Azərbaycan bütün mədəni abidələri qoruyur

– Səfər zamanı diplomatlara dini və tarixi abidələrin göstərilməsi hansı baxımdan əhəmiyyətlidir?

– Ermənistan və bəzi Qərb dairələri tərəfindən uzun müddət Azərbaycan guya xristian abidələrini dağıtmaqda və qorumamaqda ittiham edilirdi. Diplomatlar səfər zamanı bunun həqiqətə uyğun olmadığını gördülər.

Həmin abidələr Qafqaz Albaniyasından qalan tarixi-mədəni irsdir. Bununla belə, abidənin hansı xalqa və dinə aid olmasından asılı olmayaraq, Azərbaycan dövləti ölkə ərazisindəki bütün mədəni irsi qoruyur və bərpa edir.

Gəlin bunun müqabilində işğal dövründə Azərbaycan məscidlərinin və qəbiristanlıqlarının hansı vəziyyətə salındığına baxaq. Qarabağda salamat məscid və dağıdılmamış qəbiristanlıq qalmayəb. Qərbi Azərbaycandakı bütün abidələrimiz, o cümlədən, qədim Urud qəbiristanlığı da dağıdılıb. 

Urud abidəsi, adi qəbiristanlıq deyildi, böyük bir tarixin izlərini daşıyırdı.

Diplomatlar bir tərəfdə dağıntını, digər tərəfdə isə Azərbaycanın tarixi və dini abidələrə münasibətini gördülər. Bu baxımdan səfərin çox böyük əhəmiyyəti var.

Qərbi azərbaycanlıların qayıdışı ərazi iddiası deyil

– Ermənistan cəmiyyətində diplomatların Qarabağa səfərinə etirazlar səsləndirildi. Qərbi Azərbaycan İcması isə buna sərt münasibət bildirdi. Bütün bunlar Qərbi Azərbaycanlıların qayıdışına təsir edə bilərmi?

– Qərbi Azərbaycan İcmasının mövqeyi haqlıdır. Ermənistan Azərbaycanın ərazisində kimin hara səfər etməsinə etiraz edə bilməz. Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir. Digər tərəfdən isə Azərbaycan hökumətinin təşkil etdiyi səfərlərə etiraz edilir. Bu iki mövqe bir-biri ilə ziddiyyət təşkil edir.

Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq istəyi isə Ermənistana qarşı ərazi iddiası deyil. Hər bir insanın doğulduğu, ata-babalarının yaşadığı yurda təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ var. Bu, fundamental insan hüququdur.

Biz həmin torpaqlara silahla deyil, sivil və dinc yolla qayıtmaq istəyirik. Ermənistan dövləti də insanların təhlükəsizliyinə təminat verməlidir. Kimsə orada daimi yaşamaq, kimsə işləmək, digəri isə ata-baba yurdunu ziyarət etmək istəyə bilər. Bunun hansı hüquqi formada həyata keçiriləcəyini gələcək göstərəcək.

Qərbi azərbaycanlıların qayıdışı sülh prosesinin bir hissəsidir

– Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı nə zaman reallaşa bilər?

– Bunun vaxtını dəqiq müəyyənləşdirmək çətindir. Proses üçün zaman və ciddi hüquqi təminatlar lazımdır. Mən düşünürəm ki, Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, bundan sonra sülh müqaviləsi imzalanmalıdır. Sülh sazişindən sonra qəbul ediləcək qərarlardan biri də Qərbi Azərbaycan İcmasının haqlı tələbləri ilə bağlı olmalıdır.

Bizim istəyimiz insanların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasıdır. Bu tələb gec-tez reallaşacaq, sadəcə, zamana ehtiyac var.

Türk olduğumu ilk dəfə ermənidən eşitmişəm

– Siz Qərbi Azərbaycanda doğulmusunuz. Azərbaycanlılarla ermənilərin yenidən yanaşı yaşaması nə dərəcədə mümkündür?

– Mən Qərbi Azərbaycanda doğulmuşam, orada böyümüşəm. Əcdadlarımın, yeddi nəsil şəcərəmin həmin torpaqlarla bağlılığı var. Ailəmizdə 1905-ci və 1918-ci illərin hadisələrini görmüş insanların ağrılı xatirələri yaşayırdı. Keçmişdə baş verənlər sadə insanların yaddaşında ermənilərə qarşı inamsızlıq yaratmışdı.

Bununla yanaşı, sovet dövründə münasibətlər müəyyən qədər fərqli idi. Mən bir faktı danışmaq istəyirəm, “türk” sözünü ilk dəfə bir ermənidən eşitmişəm. Təxminən 10 yaşım vardı. Avrobusda bir erməni qadını mən ermənicə sual verdi ki,  "hayes, türkes?" Mən bunu məktəbdə müəllimimə danışanda o mənə  “Sən nə ermənisən, nə də türk, azərbaycanlısan” demişdi. 

Bu söhbəti evdə babama danışanda çox sərt reaksiya verdi. Dedi ki, sən deməli idin ki, türksən, atan da türkdür, baban da türkdür. Sovet ideologiyası bizə türk lmadığımızı deyirdi, xalqın yaddaşı isə kimliyimizi qoruyurdu. Hətta ermənilər də bizi türk kimi tanıyırdılar.

Düşmənçiliyin unudulması üçün uzun illər lazımdır

– İki xalq arasında düşmənçiliyin aradan qalxması üçün xalq diplomatiyası hansı rolu oynaya bilər?

– Otuz illik işğal həm fiziki, həm də mənəvi yaddaşımızda dərin izlər buraxıb. Buna görə xalqların düşmənçiliyi unudaraq yenidən yanaşı yaşaması üçün uzun illər lazımdır. Mən buna həddindən artıq nikbin yanaşa bilmirəm. Ancaq başqa yolumuz da yoxdur, çünki qonşuyuq. Dövlət siyasəti ilə yanaşı, xalq və parlament diplomatiyası çərçivəsində görülən işlər də xalqları tədricən yaxınlaşdırmağa yönəltməlidir. Lakin Azərbaycan xalqı yaşananları indi nə unuda bilər, nə də uzun illər müəyyən ideologiyanın təsiri altında formalaşan erməni cəmiyyəti keçmişi qısa müddətdə arxada qoya bilər.

– Ermənistanda revanşist çağırışların yenidən güclənməsi sülh prosesinə necə təsir göstərə bilər?

– Təəssüf ki, Ermənistanda revanşizm meyilləri yenidən baş qaldırır. Bəzən Nikol Paşinyanın çıxışlarında və davranışlarında da narahatedici məqamlar görürük.

Revanşizm ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. İkinci dəfə yanlış addım atılarsa, bunun nəticələri Ermənistan üçün daha ağır ola bilər. Bu, bütövlükdə regionun təhlükəsizliyinə də təhdiddir. Regionda sabitlik istəməyən, tranzit xətlərinə və təbii resurslara nəzarət etməyə çalışan qüvvələr erməni cəmiyyətindəki revanşist hissləri qıcıqlandıra bilərlər. Bu baxımdan Fransanın müəyyən addımları da erməni xalqına sevgidən deyil, siyasi və iqtisadi maraqlardan irəli gəlir. Hər bir siyasi davranışın arxasında müəyyən maraq dayanır. Buna görə də Ermənistanda revanşizmin yenidən körüklənməsi region üçün təhlükəli nəticələr yarada bilər.

Türk dövlətlərinin ortaq hərbi doktrinası yaradıla bilər

– Türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığının gələcəyini necə görürsünüz?

– Türk dövlətləri bir-birinin hərbi imkanlarından yararlanmalı və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidirlər. Gələcəkdə zərurət yaranarsa, ortaq hərbi doktrinanın qəbul edilməsi də müzakirə oluna bilər. Bu yanaşma bu günün və ya sabahın məsələsi olmaya bilər. Ancaq dünyada gedən proseslər göstərir ki, türk dövlətləri siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində də daha sıx əlaqələr qurmalıdırlar.

Qırğızıstan tərəfdən adekvat fəallıq görmürəm

– Siz Azərbaycan–Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. DostluQ qruplarının münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Bu münasibətlərin daha sürətli inkişafına ehtiyac var. Azərbaycan tərəfi olaraq kifayət qədər çalışmış, təşəbbüslər göstərmişik. Müəyyən nəticələr də əldə olunub.  Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Qırğızıstan parlamentində yüksək səviyyədə qeyd olunub. Qırğızıstan nümayəndələri Azərbaycanda keçirilən mühüm tədbirlərdə iştirak ediblər. Əvvəlki parlamentin sədri iki dəfə Azərbaycana gəlib, görüşlər keçirib və Şuşaya səfər edib.

Dövlət başçıları səviyyəsində münasibətlər çox yüksəkdir. Prezidentlər arasında qarşılıqlı səfərlər və görüşlər keçirilib. Qırğızıstanda Azərbaycan–Qırğızıstan Dostluq Parkı salınıb, Nizami Gəncəvi adına məktəb və Heydər Əliyev adına lisey fəaliyyət göstərir. Azərbaycanda isə Çingiz Aytmatovun abidəsi ucaldılıb və onun adı küçələrdən birinə verilib, yubiley tədbirləri keçirilib.

Bütün bunlar yüksək münasibətlərin göstəricisidir. Bununla belə,  parlamentlərarası əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması üçün təşəbbüslərimizi artırmalıyıq. Bu işdə hər iki ölkənin səfirlərinin daha da fəal olması arzu ediləndir.

Qanun layihələri dövlət qurumları ilə birgə müzakirə olunur

– Siz Əmək və sosial siyasət komitəsinin sədrisiniz, komitənizin müvafiq dövlət qurumları ilə əməkdaşlığı necə qurulub?

– Komitənin dövlət qurumları ilə işgüzar münasibətləri normaldır. Profilimizə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, turizm sahəsində fəaliyyət göstərən qurumlar, həmkarlar ittifaqları və digər təşkilatlarla əməkdaşlıq edirik. Sosial büdcə və sosial siyasətlə bağlı məsələlərdə iqtisadi qurumlarla da müzakirələr aparılır.

Qanun layihələrinin müzakirəsinə aidiyyəti dövlət qurumlarının nümayəndələrini mütləq dəvət edirik. Bəzi məsələlər üzrə mütəxəssis rəyləri alınır, zərurət yarandıqda operativ müzakirələr keçirilir. Məqsəd qəbul edilən qanunların praktikada səmərəli işləməsini təmin etməkdir.

Komitənin profilinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, turizm sahəsində fəaliyyət göstərən qurumlar, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, iqtisadi qurumlar və digər təşkilatlarla əməkdaşlıq edirik.

Qanun layihələrinin müzakirəsinə aidiyyəti dövlət qurumlarının nümayəndələrini mütləq dəvət edirik. Bəzi məsələləri operativ şəkildə telefonla müzakirə edir, bəziləri üzrə isə mütəxəssis rəyi alırıq. Münasibətlərimizdə nə xüsusi yaxınlıq, nə də hər hansı asılılıq var. Normal işgüzar əməkdaşlıq mövcuddur.

Əmək və sosial siyasət komitəsinin fəaliyyət istiqaməti elədir ki, ölkənin hər yerindən və istənilən sahə üzrə vətəndaşlar bizə müraciət edirlər. Məsələ komitənin səlahiyyətinə aid olmadıqda belə, müraciəti aidiyyəti quruma yönləndiririk.Qəbullarımız da müntəzəm keçirilir. Mümkün olan məsələlərlə bağlı yerindəcə müvafiq təşkilatlarla əlaqə saxlayırıq. Əlavə araşdırma tələb edilirsə, rəsmi məktub göndəririk. Müraciətlərimiz cavabsız qalmır.

Vətəndaş deputatdan məhkəməyə müdaxilə etməsini istəyir

– Uzun illərdir parlamentdə Gəncəni təmsil edirsiniz. Şəhər seçicilərinin müraciətləri digər bölgələrdən nə ilə fərqlənir?

– Şəhər və kənd rayonlarını təmsil edən deputatların işində müəyyən fərqlər var. Kənd rayonunda deputat ayrı-ayrı kəndlərə gedir, sakinlərlə görüşür və həmin yaşayış məntəqəsinin ümumi problemlərini yerində görür. Şəhərdə isə qəbul günləri keçirilir, bu barədə mətbuatda və sosial platformalarda əvvəlcədən məlumat verilir.

Biz ayda iki dəfə qəbul keçiririk. Son illərdə müraciətlər daha çox fərdi məsələlərlə bağlı olur. Əvvəllər ümumi problemlər üstünlük təşkil edirdi. Sakinlər daha çox küçənin su təminatı, asfaltlanması və ya binanın dam örtüyünün dəyişdirilməsi ilə bağlı müraciət edirdilər. Ümumi problemlərin həlli bəzən fərdi müraciətlərdən daha asan olur.

Fərdi müraciətlərin bir hissəsi qanunla həlli mümkün olmayan məsələlərdir. Məsələn, vətəndaş qonşusu ilə torpaq mübahisəsinin məhkəmədə araşdırıldığını deyir və deputatdan işə müdaxilə etməsini istəyir. Məhkəmənin fəaliyyətinə necə müdaxilə etmək olar?

Başqa bir vətəndaş qohumunun dövlət xəstəxanasında tibb bacısı kimi işə qəbul olunmasını istəyir. Biz müraciət edə bilərik, ancaq bunun üçün vakansiya olmalı, namizəd müvafiq seçimdən və sertifikasiyadan keçməlidir. Deputat həmin qaydaları dəyişdirə bilməz.

Bununla belə, millət vəkilinin vəzifəsi seçicini səbrlə dinləmək, ona mövcud hüquqi imkanları izah etmək və mümkün istiqamətləri göstərməkdir. Şəhərlərdə fərdi müraciətlərin çoxluğu yalnız Gəncəyə aid deyil. Bakı və Sumqayıtda da vəziyyət oxşardır.

Qanun yazmaq xətrinə qanun qəbul edilməməlidir

– Əvvəllər qanunvericilik təşəbbüsləri ilə daha çox çıxış edirdiniz. Son illərdə belə təşəbbüslərin azalmasının səbəbi nədir?

–Əvvəllər qanunvericilikdə çoxlu boşluqlar mövcud idi. Səhiyyə, sosial siyasət, turizm, ailə, qadın və uşaq məsələləri də eyni komitənin fəaliyyət dairəsinə daxil idi. Özüm də həkim olduğuma görə səhiyyə ilə bağlı bir çox qanunun hazırlanmasında iştirak etmişəm.

Həmin dövrdə əvvəlcə çərçivə qanunları, sonra isə onların tətbiqindən irəli gələn sahəvi qanunlar, digər sənədlər qəbul edilirdi. İndi milli qanunvericiliyimiz elə mərhələyə çatıb ki, əsas fundamental qanunların böyük əksəriyyəti artıq mövcuddur. Yeni “ana qanunlar” nadir hallarda qəbul edilir. Əsasən, qüvvədə olan qanunlara əlavə və dəyişikliklər edilir.

İcra qurumları qanunları gündəlik tətbiq etdiklərinə görə boşluqları daha tez görürlər. Hansı müddəanın işləmədiyini, hansı dəyişikliyin zəruri olduğunu praktikada müəyyən edirlər. Buna görə təşəbbüslərin bir hissəsinin hökumətdən gəlməsi normaldır. Bu isə deputatların prosesdən kənarda qalması demək deyil. Komitə üzvləri qanun layihələrinin hazırlanması və müzakirəsində fəal  iştirak edirlər.

Sosial sahədə qəbul olunan bütün qanunların maliyyə təminatı olmalıdır. Hər hansı güzəşt, müavinət və ya yeni təminat nəzərdə tutulursa, onun büdcəyə nə qədər başa gələcəyi hesablanmalıdır. Bu hesablamaları isə hökumət daha dəqiq apara bilir.Qanun qəbul etmək üçün ictimai ehtiyac və sosial sifariş olmalıdır. Sadəcə qanun yazmaq xətrinə sənəd qəbul etmək düzgün deyil. Sosial sifariş yoxdursa, həmin qanun praktikada işləməyəcək.

Bir seçicinin müraciəti qanunun dəyişməsinə səbəb oldu

– Seçicilərdən gələn müraciətlər konkret qanun dəyişikliklərinə səbəb olubmu?

– Belə hallar olub. Bir neçə il əvvəl Gəncədə seçki kampaniyası zamanı bir qadın mənə müraciət etdi. Həyat yoldaşı müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi mənzil növbəsində idi. Növbəsinin çatmasına az qalmış həyat yoldaşı vəfat etmiş, qadın iki uşağı ilə birlikdə mənzil növbəsindən çıxarılmışdı.

Qanunvericiliyə baxdıq və müəyyən etdik ki, həmin vaxt mövcud norma güzəştli mənzil hüququnu yalnız şəxsin özünə şamil edir. Məsələni komitə rəhbərliyi və aidiyyəti qurumlarla müzakirə etdik, dəyişiklik layihəsini hazırladıq. Qısa müddətdə qanuna dəyişiklik edildi.

Başqa bir məsələ məhkəməyə müraciət zamanı dövlət rüsumundan azadolma ilə bağlı idi. Şəhid ailələri və müharibə veteranları müəyyən güzəştlərdən istifadə edirdilər, ancaq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər ayrıca göstərilməmişdi. Təşəbbüs göstərdik və həmin kateqoriya da qanuna əlavə olundu.

Belə təşəbbüslərin yerlərdən gəlməsi çox vacibdir. Çünki qanundakı boşluğun insanın həyatında hansı problem yaratdığını konkret nümunə üzərindən görürük.

Süni intellekt haqqında qanunu tələsik qəbul etmək olmaz

– Yeni texnologiyaların inkişafı hansı qanunlara ehtiyac yarada bilər?

– Artıq süni intellekt və robot texnologiyaları dövrüdür. Qanunvericiliyin istiqaməti də tədricən bu sahələrə yönələcək. Ya mövcud qanunlara dəyişikliklər ediləcək, ya da yeni qanunlar hazırlanacaq.

Milli Məclisdə süni intellekt haqqında ayrıca qanunun qəbul edilməsi ilə bağlı təkliflər səsləndirilib. Ancaq belə bir qanunu tələsik qəbul etmək olmaz. Əvvəlcə süni intellektin necə tətbiq ediləcəyi, müsbət və mənfi tərəfləri, digər qanunlara təsiri və beynəlxalq təcrübə dərindən öyrənilməlidir.

Məsələn, “Dərman vasitələri haqqında” Qanun hazırlanarkən iki ilə yaxın işlədik və 40 ölkənin təcrübəsini öyrəndik. Qanun yaradıcılığı uzun və məsuliyyətli prosesdir.

Bəzən layihə hazırlanır, ancaq sonradan qəbul edilmir. Reproduktiv sağlamlıq haqqında qanun layihəsi üzərində də uzun müddət işlənmişdi. Türkiyənin təcrübəsi öyrənilmiş, görüşlər keçirilmişdi. Layihə Milli Məclisə təqdim olunsa da, bəzi müddəalar ətrafında fikir ayrılığı yarandığı üçün qəbul edilmədi. Yəni hər hazırlanmış layihənin qanuna çevrilməsi mümkün olmur.

Bu sessiya əsasən büdcəyə həsr olunacaq

– Payız sessiyasında vətəndaşların uzun müddətdir gözlədiyi hansısa mühüm sosial qanunun qəbulu gözlənilirmi?

– Bu sessiyada komitəmizin xətti ilə fundamental yeni qanunun qəbul olunacağını düşünmürəm. Çünki payız sessiyası əsasən büdcə müzakirələrinə həsr edilir.

Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri müzakirəyə çıxarılacaq. Komitə və parlament səviyyəsində aparılan müzakirələr dekabradək davam edəcək.

Eyni zamanda, məşğulluqla bağlı geniş dinləmə keçirməyi planlaşdırırıq. Hökumət qurumları, sahibkarlar və ictimai təşkilatlar müzakirələrə dəvət olunacaq. Dinləmələr zamanı “Məşğulluq haqqında” Qanunun hansısa müddəalarına dəyişiklik edilməsi zərurəti də ortaya çıxa bilər.

Məsafədən iş qanunda var, amma tətbiqini görmürəm

– Əmək bazarında hansı yeniliklərin daha geniş tətbiqinə ehtiyac var?

– Əmək Məcəlləsinə məsafədən işlə bağlı mühüm dəyişiklik edilib. Artıq işçi ofisə getmədən evdən və ya başqa məkandan əmək funksiyasını yerinə yetirə, əməkhaqqını ala bilər. Təəssüf ki, qanun qəbul edilsə də, onun geniş tətbiqini görmürəm.

Məsafədən iş xüsusilə böyük şəhərlərdə tıxacların azaldılmasına ciddi töhfə verə bilər. Mühasibatlıq, hüquq, kadr işi, sığota, vergi maliyyə xidmətlərinin bir hissəsi,  məlumatların təhlili, tərcümə, hüquq məsləhəti, satış, marketink, reklam və digər ofis fəaliyyətlərinin bir hissəsini evdən həyata keçirmək mümkündür. Bunun üçün ölkədə internet və texniki imkanlar mövcuddur.

İşçi vaxt itirmir, tıxacda qalmır, nəqliyyat xərclərinə qənaət edir və fəaliyyətini daha rahat planlaşdırır. Əsas məsələ işçinin harada oturması deyil, üzərinə düşən işi vaxtında və keyfiyyətlə yerinə yetirməsidir. Təbii ki, müəllim, həkim, tikinti və istehsal sahəsində çalışan şəxslərin hər zaman məsafədən işləməsi mümkün deyil.  Ancaq işi əsasən telefon və kompüter üzərindən olan əməkdaşların hər gün ofisə gəlməsi vacib deyil. Azərbaycanda muzdlu əməklə məşğul olanların təxminən 40%- i məsafədə və hibrid iş formasında çalışa bilər.

İşçi həftənin üç günü evdən işləyə bilər

– Hibrid iş modelinin tətbiqi necə təşkil oluna bilər?

– İşçi həftənin üç günü evdən, iki günü isə ofisdən işləyə bilər. Ofisə gəldiyi günlərdə rəhbərlik və həmkarları ilə müzakirələr aparar, qalan işləri məsafədən yerinə yetirər. Bu model insanın əməyini asanlaşdırmaqla yanaşı, şəhərlərdə tıxacın azalmasına da kömək edər. Vaxt itkisi və nəqliyyat xərcləri azalar.

Biz uzun müddətdir pilləli iş qrafikinin tətbiqini də təklif edirik. Bankların, ofislərin hamısı niyə səhər saat 9-da açılıb axşam eyni vaxtda bağlanmalıdır? Bəziləri saat 10-da və ya 11-də fəaliyyətə başlaya, daha gec saatadək işləyə bilər. Xidmət müəssisələrinin hamısının şənbə və bazar günləri istirahət etməsi də düzgün yanaşma deyil. Vətəndaş özü istirahətdə olduğu gün həmin xidmətdən istifadə edə bilmir. Müəyyən xidmət sahələri həftəsonu işləyib, həftənin başqa günlərində istirahət edə bilər. Məktəblərin dərs saatlarının da fərqləndirilməsi mümkündür. Bəzi məktəblərdə dərslər saat 8-də, digərlərində 9-da və ya daha gec başlaya bilər. Bu addımlar ictimai rahatlığa və nəqliyyat yükünün azalmasına xidmət edər

Bir çox hallarda işçilərin əmək hüquqları pozulur

– İş vaxtına nəzarətlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

– Axşam marketlərə gedəndə satıcı və kassirlərin yorğunluqdan taqətdən düşdüyünü görürük. Bəziləri səhər saatlarından gecə saat 11-12-dək işləyirlər. Bu, əmək hüquqlarının pozulmasıdır. Azərbaycan qanunvericiliyinə görə normal iş vaxtının müddəti həftədə 40 saatdan artıq ola bilməz. İşçinin hər gün 10-12 saat işlədilməsi yolverilməzdir.

Bu məsələ ayrıca araşdırılmalıdır. Marketlərdə, restoranlarda və digər xidmət sahələrində çalışan insanların faktiki olaraq neçə saat işlədiyi, əmək müqavilələrinin olub-olmadığı və istirahət hüquqlarının necə təmin edildiyi öyrənilməlidir.

İqtisadi fəal əhalinin yalnız 35-36 faizi sosial sığorta ödəyir

– Musa müəllim, ölkədə çalışan insanların böyük hissəsinin sosial sığorta sistemindən kənarda qalması gələcək pensiya təminatına hansı təhlükələri yaradır?

– Azərbaycanda təxminən 5 milyon 200 min iqtisadi fəal əhali var. Onların 1 milyon 800 min nəfəri muzdlu əməklə məşğuldur və Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəyir.

Qalan insanların hamısı işsiz deyil. Təxminən 1,5 milyon nəfər kənd təsərrüfatında çalışır və onların bir hissəsi çox aşağı məbləğdə ödəniş edir. Digərləri isə müxtəlif sahələrdə işləsələr də, heç yerdə rəsmi qeydiyyatda deyillər, özünəməşğul və qeyri formal işçilərdir, Məsələn, usta kimi fərdi evlərdə çalışan, xidmət göstərən və ya qeyri-rəsmi ticarətlə məşğul olan şəxslər var.

Bu, ciddi problemdir. İqtisadi fəal əhalinin təxminən 35-36 faizi sosial sığorta ödəyicisidir. Qalan hissə ya ümumiyyətlə ödəniş etmir, ya da simvolik məbləğ ödəyir. Bu vəziyyət Dövlət Sosial Müdafiə Fondunun dayanıqlılığına mənfi təsir göstərir, pensiya və müavinətlərin daha yüksək səviyyədə artırılması imkanlarını məhdudlaşdırır.

Sığorta ödəməyən şəxs gələcəkdə pensiya ala bilməyəcək

– Qeyri-rəsmi çalışan vətəndaşları sosial sığorta sisteminə necə cəlb etmək olar?

– İlk növbədə ciddi maarifləndirmə aparılmalıdır. İnsan bilməlidir ki, qeyri-rəsmi işlədiyi zaman yalnız gələcək pensiyasını deyil, bu günkü əməyini təhlükəsizliyini, digər əmək və sosial hüquqlarını, eləcə də sosial müdafiəsini də itirir.

Vətəndaş qeyri-rəsmi işlədiyi yerdə xəsarət ala, əmək qabiliyyətini itirə və ya həyatını itirə bilər. Rəsmi əmək müqaviləsi və sığortası yoxdursa, onun və ailəsinin lazımi təminatı olmayacaq. Pensiya yaşına çatanda isə məlum olacaq ki, pensiya stajı və  kapitalı formalaşmayıb. Belə şəxs əmək pensiyası deyil, yalnız yaşa görə sosial müavinət ala biləcək.

Dövlət Əmək Müfəttişliyi bu sahədə daimi monitorinq aparmalıdır. Son illərdə müəyyən irəliləyiş var, ancaq problem hələ də ciddidir.

Əsas çətinliklərdən biri aqrar sektorda çalışanlarla bağlıdır. Kənd təsərrüfatında gəlirlərin səviyyəsi hər kəsə yüksək sosial sığorta haqqı ödəməyə imkan vermir. Digər tərəfdən, həmin insanları gələcək pensiya təminatından tam məhrum etmək də ədalətli olmaz və kəndlərin boşalmasına səbəb ola bilər. Buna görə balanslı mexanizm tapılmalıdır.

Sosial islahatlar ən çətin islahatlardır

– Sizcə, sosial sahədə islahatlar ləng həyata keçirilmirmi?

– Sosial islahatlar bütün ölkələrdə ən ağır və adətən ən sonda həyata keçirilən islahatlardır. Əvvəlcə siyasi, hüquqi və iqtisadi islahatlar aparılır, sonra onların üzərində sosial sistem qurulur. Təhsil, səhiyyə, məşğulluq və pensiya təminatı həmişə daha çox tənqid edilən sahələrdir. Bu, yalnız Azərbaycana aid deyil. Sosial sahədə insanların gözləntiləri daha yüksəkdir və qəbul olunan hər qərar milyonlarla vətəndaşın həyatına təsir edir.

Bölgünün üç forması var, bərabər, ədalətli və sosial ədalətli bölgü. Bərabər bölgüdə hər kəs eyni pay alır. Ədalətli bölgüdə insanların fərqli imkanları nəzərə alınır. Sosial ədalətli bölgüdə isə daha böyük pay ona ən çox ehtiyacı olana verilir.

Ən çətini sosial ədalətli bölgüdür. Çünki birinin ödədiyi vəsait hesabına digərinə dəstək göstərilir və bu, bəzən narazılıq yaradır.

İcbari tibbi sığortada da oxşar yanaşma mövcuddur. Daha yüksək əməkhaqqı alan şəxs daha çox sığorta haqqı ödəyir, ancaq daha az ödəyən şəxslə eyni tibbi xidmətdən istifadə edir. Sosial sistemin xüsusiyyəti budur.

Buna görə sosial sahədə qanunlar ehtiyatla qəbul edilməli, yüz dəfə ölçülüb-biçilməlidir. Qərarlar ayrı-ayrı şəxslərin və qrupların deyil, ümumi ictimai marağın və sosial ədalətin təmin olunmasına xidmət etməlidir.

Sizə yeni x var
Keçid et
O yollardan heç tank da keçə bilməz! - Bunun adını nə qoyaq?!