Modern.az

Məşhurların övladları - Ramiz Quliyevin dirijor oğlu - FOTO  

Məşhurların övladları - Ramiz Quliyevin dirijor oğlu - FOTO   

13 Oktyabr 2018, 08:58

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 


Budəfəki təqdimatımız Azərbaycanın xalq artisti, məşhur tarzən Ramiz Quliyevin oğlu Əyyub Quliyev barəsindədir.

 

Bu il 71 yaşını tamam edən Ramiz Quliyev... Tarın adı Ramiz müəllimlə qoşa çəkilir. Tar və Ramiz müəllim fərqli bir vəhdətin özülünü yaradıb. Bu vəhdət daim öz canlı və əsrarəngiz gücünü göstərməkdədir. O, adını tar ifaçılığı sənətinin ən yüksək zirvəsinə yazıb və hər gün də bu zirvəni öz varlığı ilə zənginləşdirir...

 

Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb

Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963-1964-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məkləblərində, 1974-1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 

Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və s. öikələrdə konsertlər verib. 1989-cu iidə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib. 1964-1994-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib. 1981 və 1984-cü illərdə XVIII və XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib.

1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti olub. 1993-cü ildə "Humay" Milli mükafatına, 2001-ci ildə "Simurq milii mükafat fondu"nun təsis etdiyi "XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı - "ilin fədakar sənətçisi" fəxri adına, 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb

 

Əyyub Quliyev haqqında atası Modern.az-a belə deyib: “Oğlum haqqında xoş sözlər eşidəndə fərəhlənirəm və coşuram. Oğlumun nailiyyətlərini və uğurlarını özümün uğuru sayıram. O, xüsusi bir fitri istedada malikdir. Əyyubun keçdiyi  yol çox ağır və çətindir. Dərəli, təpəli, tikanlı bir yoldur. Çoxları deyir ki, övladım  mənim yolumu davam etdirməsin, amma mən deyirəm ki, davam etdirsin. Bu yol çox  şərəfli və şöhrətli yoldur. Millətin musiqisi, vətənin səsi, mədəniyyətin qüdrəti bizim əlimizdədir və bundan da böyük nə ola bilər?  Əyyub da bu sənəti ilə məni varlandırır. Hə, bir də Allah üzümə baxdı ki, o tarın dalınca getmədi. Mənim kimi getsə idi, nəfəsimi kəsəcəkdi. Çünki çox güclü rəqib idi”.


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru (2013-cü ildən), Azərbaycanın əməkdar artisti Əyyub Quliyev 26 iyul 1984-cü ildə anadan olub.

İlk təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə gedib. Gənc sənətkarın musiqiyə olan sevgisi nəticəsində 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olub. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.

 

Əyyub Quliyev 2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil alıb. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirib.

 

Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə edib.

Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayıb. Dirijor 2010-cu ildə Taskanini Beynəlxalq müsabiqəsində də iştirak edib. Bu nüfuzlu müsabiqənin qalibi 170 nəfər arasından məhz Əyyub Quliyev seçilib.

 

Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev 2013-cü ilin iyul ayında Rusiyada keçirilən V. Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalında iştirak edib. O, Raxmaninov beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır. Əyyub Quliyev bu festivalda Safonov adına Federal Filarmonik orkestri ilə birlikdə çıxış edib.

 

Əyyub Quliyev 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.

 

30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

 

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?