Modern.az

“Aprel yüksəkliyi” filmi təqdim olundu

“Aprel yüksəkliyi” filmi təqdim olundu

Aktual

26 Fevral 2019, 19:06

Fevralın 26-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun döyüş yoluna həsr olunmuş "Aprel yüksəkliyi" sənədli filminin təqdimatı keçirildi.

 

Modern.az xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında lentə alınıb.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Rafiq Bayramov və Sevda Məmmədəliyeva, nazirliyin kollektivi, hərbçilər iştirak edirdi.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edən kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev Xocalı soyqırımı haqqında məlumat verdi. Bildirdi ki, bəşəriyyət tarixində ən qəddar, vəhşi cinayətlərdən olan Xocalı qətliamının iştirakçıları hələ də layiqli cavablarını almayıblar. Qeyd olundu ki, qabaqcadan planlaşdırılan kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. 

Milli Qəhrəman Şükür Həmidov çıxış edərək Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışdı. Həmçinin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri xüsusilə vurğuladı. Ş.Həmidov ümidvar olduğunu bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağı gün heç də uzaqda deyil.

Daha sonra "Aprel yüksəkliyi" sənədli filmi nümayiş olundu. Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov, operatoru Ömər Kutuyevdir.

Film 2016-cı ilin Aprel döyüşləri zamanı ordumuzun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərən Ş.Həmidovun döyüş yolundan bəhs edir.

Qeyd edək ki, Şükür Həmidov Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!