Modern.az

Qarabağ probleminin sülh yolu həlli yoxdur

Qarabağ probleminin sülh yolu həlli yoxdur

10 May 2019, 08:17

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Paşinyan Azərbaycan ordusunun nə vaxtsa Şuşanın başını "dumanlandıracağına" inanır...

Əvvəllər Şuşa deyəndə çoxlarının göz önünə Cıdır düzü, İsa bulağı, Xarı bülbül, qulaqlarına isə uca dağlardan havalanan Xanın səsi gəlirdi. Amma indi zaman ötdükcə Vətəndən-Vətənə məcburi köçkün düşmüş nəmli gözlər, qəmli baxışlar, ümidi qırılmış küskün könüllər gəlir. 

Dünən Xankəndində ermənilər üç "bayramı" - 9 may faşizim üzərində qələbə gününü, "Artsax respublikasının müdafiə ordusu"nun yaradılması və Şuşanın "azad" edilməsinin 27-ci il dönümünü bir yerdə qeyd ediblər.

Bir vaxtlar böyük ümidlərlə "Zaman Azərbaycanın xeyrinə işləyir" deyilsə də, təəssüf ki, dövran dəyişdi və bu, belə olmadı. Yəni, ermənilər iqtisadi böhran içində boğulsalar da acından ölmədilər, daha doğrusu onları ölməyə qoymadılar. Sarkisyandan "qurtulmuş" Azərbaycan politoloqları yeni erməni "paşasına" qarabağlı olmadığını əsas gətirərək Qarabağı qaytaracağına böyük ümid bəsləsələr də, onun milliyyətcə erməni olduğunu unutdular və bu ümid də elə beşiyindəcə öldü. 

 

Baxın, əgər Paşinyandan əvvəlki "ermənibaşlar" Dağlıq Qarabağla bağlı danışıqlarda yalnız onun statusunu əsas məsələ kimi qabardırdılarsa, Paşinyan  Azərbaycana  heç bir qarış da torpaq qaytaracağına söz vermir.

 

Əslində istər Paşinyanın, istərsə də ondan əvvəlki digər "ermənibaşlar"ın işğal etdikləri Qarabağa gəldikdə Azərbaycana qarşı təhdid dolu bəyanatlar verməsi, onların birbaşa "dava-dava" deməsindən başqa bir şey deyil. Artıq məşhur aprel döyüşlərindən sonra Rusiya tərəfindən "bellərini bərkidən" haylar "papasının gül balaları" kimi bildiklərini edirlər. Rəsmi Bakı isə ermənilərin bütün bu həyasızlıqları qarşısında onlara böyük qardaşlıq edən Rusiyanın yanında bir söz deyə bilmədiyindən dişi dodağını kəsə-kəsə qalıb.

 

Dağlıq Qarabağ məsələsinin ədalətli həll olunması üçün rəsmi Bakının ümidini, Azərbaycan xalqının isə gözünü yalnız sülh danışıqlarına "dikdirən" dünyanın "ağaları" məgər özləri qanmırlar ki, ermənilər "ulduz" görməsə ölməyəcəklər?


Baxın, bu gün Ermənistan prezidenti Armen Sarkisyanın Xankəndinə göndərdiyi təbrik məktubunda - "Əziz həmvətənlilər, sizi qələbə və sülh, həmçinin Şuşanın "azad" olunması münasibətilə ürəkdən təbrik edirəm" deməsi, Paşinyanın öz feyzbuk səhifəsində - "erməni xalqını və xüsusən də qəhrəman "Artsax xalqını" üçqat bayram münasibətilə təbrik edirəm" yazması və "dqr prezidenti" Bako Saakyanın - "Bu üçqat şanlı bayram, xalqımızın bütün nəsillərini və dünyanın müxtəlif ölkələrində yaşayan ümumerməniliyi birləşdirir" deməsi, onların "bu bağdan" kiş deməklə çıxmayacaqlarını açıq şəkildə ortaya qoyur.


Bu günlərdə Paşinyanın Rusiya prezidenti Vladimir Putinin oktyabrın 1-də İrəvana səfər edəcəyini açıqlaması, yəqin ki, Azərbaycan politoloqlarının dilində yeni mövzuya çevriləcək. Onlar xalqı bu ilin payızında Putinlə Paşinyanın "sayacaqları cücələrlə" yenə də ümidləndirəcəklər. Hərçənd, ötən illər ərzində Azərbaycan xalqı istər bu "cücələrin", istərsə də onların ata-anası olan "xoruz və toyuqların" sayını, hətta xasiyyətini çox yaxşı bilir. Sadəcə onlara sözün əsl mənasında kiş deməyə Rusiya icazə vermir. Çünki hayların bu işğalçı siyasətinin arxasında məhz Rusiyanın hərbi təhlükəsizlik təminatı dayanır. Bundan əlavə, rusiyalı politoloq Aleksandr Duqinin bildirdiyinə görə Rusiya həmçinin, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısıdır. Artıq bu, Rusiyanın özünün tarix boyu vərdiş etdiyi ilhaq siyasətini dolayısı ilə ermənilərə də öyrətməsi deməkdir.

 

Əslində Rusiya Qüzey Qafqaz siyasətində nə Azərbaycan, nə də Ermənistanla əlaqəni pozmaq istəyir. Başqa sözlə desək, "nə yardan doyur, nə əldən qoyur". Eyni zamanda, Azərbaycanın üzünə gülüb, arxada isə "Dəli Kür"dəki Molla Sadıq kimi ermənilərə "işinizdə olun" - deyir.


Belə olan halda artıq rəsmi Bakı Moskva ilə bağlı öz mövqeyini konkret olaraq ortaya qoymalıdır: ya Rusiya dolayısı ilə ermənilərə alıb verdiyi Qarabağı geri qaytarmalı, ya da Azərbaycan Rusiya ilə siyasi kursuna yenidən baxmalı və ya buna ən azı açıq formada cəhd etməlidir. Ermənistan Rusiyadan tamami ilə asılı vəziyyətdə olduğu halda istədikləri vaxt "qaragözlük" edib Rusiya əleyhinə mitinqlər keçirdiyi halda, Azərbaycan bunu haqlı olaraq niyə etməsin?  


Azərbaycan Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanatında Şuşada artıq 4 min erməni məskunlaşdırıldığını bildirir. Bundan başqa, işğalçılar Azərbaycan ərazilərində təmas xəttinə yaxın yerlərə yeni yollar çəkir. Bununla yanaşı, Dağlıq Qarabağın baş keşişi Parkev Martirosyan "Qarabağ əhalisi artıq tam əmindir ki, onlar öz torpaqlarını qaytarıblar. Burda müqəddəs daşlar - xaç heykəlləri o qədər çoxdur ki, bizim burada yaşamaq hüququmuzu sübut etməyə ehtiyac yoxdur" - deyir.

 


Bütün bunların fonunda artıq rəsmi Bakı bilməlidir ki, indiyədək geridə qalmış illər Qarabağ probleminin həllinə təsirsiz ötüşmədiyini açıq göstərir. Bu işdə zaman Azərbaycanın xeyrinə heç də işləmədi. Artıq Qarabağda doğulan yeni nəslə bu torpağın Azərbaycan torpaqları olduğunu inandırmaq bu gedişlə çətin olacaq.

 


Əgər işğalçılar Azərbaycan ərazilərində təmas xəttinə yaxın yerlərə yeni yollar çəkirlərsə, bu o deməkdir ki, Qarabağ probleminin sülh yolu həlli yoxdur.

 


Bəlkə də elə "dünya başbilənlərinin" sülh nağılına inanıb bu qədər səbr edib dözdüyünə görədir ki, zaman Azərbaycandan üz döndərdi. İndi az qala xalq işğal altında qalan torpaqların azad edilməsinə bütün olan-qalan ümidini itirir. Amma erməni "paşasının" təmas xəttində atəşkəsin tez-tez pozulması hallarını dilə gətirərək - "Azərbaycan son 25 ili intensiv şəkildə müharibəyə hazırlaşır. Əgər hər gün atəş açılırsa, deməli, biz yarımmüharibə vəziyyətindəyik" deməsi, bu onun müharibənin hələ bitmədiyinə və Azərbaycan ordusunun nə vaxtsa Şuşanın başını "dumanlandıracağına" inandığını təsdiqləyir. Əslində bu inam Paşinyandan daha çox ruhdan düşmüş Azərbaycan xalqında və ordusunda olmalıdır! 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir