Modern.az

Mahir Dərziyev: “Gürcülərin arzusu proporsional seçki sisteminə keçməkdi”

Mahir Dərziyev: “Gürcülərin arzusu proporsional seçki sisteminə keçməkdi”

23 İyun 2019, 11:32

“Hazırda vətəndaşlar daxili işlər naziri Giorge Qaxarianın istefasını və proporsional seçki sisteminə keçirilməsini tələb edirlər. Hər şey nəzarət altındadır”.

 

Bunu Modern.az-a açıqlamasında hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev deyib.

 

Onun sözlərinə görə, gürcülər heç vaxt işğal faktı ilə barışa bilməz:

 

“Destruktiv qüvvələr vətəndaşların, xüsusilə gənclərin təbii olaraq hiddətindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Rusiyalı deputatın Gürcüstan parlament sədrinin kürsüsündə əyləşməsi səmimi hiddət doğurmuşdu. Bu da normaldır. Bir daha ölkəmlə qürur duyuram ki, Gürcüstan vətəndaşları heç vaxt işğalla barışmırlar”.

 

Parlamentari bildirib ki, son iki gündə mitinqçilər daha məsuliyyətli olublar:

 

“Daha bir məqam var. Bir neçə gün bundan qabaq güc yolu ilə parlamentin tutulmasına cəhd edildi, iğtişaşlar oldu. Son iki gündə isə hadisələr başqa məcrada cərəyan etməyə başlayıb. Mitinqçilər daha təmkinli və məsuliyyətli davranmağa başlayıblar. Mitinqçilər, xüsusilə, gənclər bu hadisələrin siyasiləşdirilməsinə qarşı çıxırlar. Müxalifətdən olan siyasi partiya liderlərinin çıxış etməsinə imkan vermirlər. Onlara qarşı öz hiddətlərini ifadə edirlər. Butulka ataraq onların çıxışlarını yarımçıq kəsirlər”.

 

Xatırladaq ki, bir neçə gün bundan qabaq Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçiriblər.

 

Belə ki, Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Rusiyalı deputatlar dərhal ölkələrinə geri qayıtmalı olublar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı