Modern.az

Qayğanaq, sonra da çolpa çığırtması

Qayğanaq, sonra da çolpa çığırtması

2 İyul 2019, 11:40

Akif Cabbarlı


Bu əhvalat sovet dönəmində dağətəyi kəndlərimizin birində baş verib. Həyat yoldaşı Bakıya, nəvələrinə baş çəkməyə getdiyindən bütün işlər Qafar kişinin özünün boynuna düşmüşdü. Mal-qaraya baxmaq, həyət-bacanı səliqəyə salmaq, özünə də qulluq eləmək təklikdə ləzzət eləməsə də, bir təhər yola verirdi. Üstəlik, təsərrüfat briqadirinin ara-sıra verdiyi tapşırıqları da şərəflə, əsl kommunist kimi yerinə yetirirdi.


Günlərin birində Qafar kişi işlərini başa çatdırıb iri bir tavada, özünün də dediyi kimi vicdanlı bir qayğanaq bişirdi. Çil toyuğun yumurtası, sarı inəyin yağı ola, indi gör qayğanaq necə olur da. Ürəyindən keçdi ki, çıxsın darvazanın ağzına, tay-tuşlarından hansı girinə keçsə, dəvət eləsin nahara. İllər boyu tək-tənha yeməyə o qədər də alışmamışdı. Çıxdı. Elə bu vaxt kənd sovetinin sabiq katibi Əmralı kişi yoldan keçirdi. O da elə bil himə bənd imiş, həyətə keçib tut ağacının kölgəsində buğlanan samovarın böyründəcə əyləşdi. Qayğanağı yedilər, üstündən də pürrəngi bir çay içdilər. Sağollaşanda darvazanın tuşunda kəndirlə bağlanıb qarşısına qarışıq yem qoyulmuş iri bir cöngə Əmralının sual obyekti oldu.

-Yaxşı heyvandır, quruya bağlamısan, hə?

-Hə, ay Əmralı kişi, gədənin əsgərlikdən gəlməyinə bir şey qalmayıb axı, ayağının altında kəsəcəyəm, İnşallah.

-İnşallah, kəsərsən – deyə Əmralı cöngəyə iştahla baxa-baxa həyətdən çıxdı və kolxoz idarəsi tərəfə addımladı.

İdarənin qənşərində xeyli adam yığışmışdı. Tanımadıqları da vardı. Rayon mərkəzindən gələn zəhmli bir kişi kolxoz sədrini sözün əsl mənasında divara dirəmişdi.

-Mən bilmirəm, katibə özün cavab verərsən. Ət planınız xeyli geri qalıb. Gör neynirsən.

Sədr də gözlərini döyür, cavab tapmırdı. Belə vaxtlarda camaat köməyinə çatır, həyətdə bəslədikləri mal-qaradan planı doldurmağa heyvan ayırırdılar. İndi də kiminsə qapısına getməyə üzü qalmamışdı.

Məsələdən agah olan Əmralı sədri kənara çəkib qulağına nə isə pıçıldadı. Sonra sədr və rayon mərkəzindən gələn qonaq, arxalarınca da Əmralı üz tutdular düz Qafar kişigilə. Sədr əlini Qafarın çiyninə şappıldadıb cöngəni ətliyə göndərməyi xahiş elədi. Amma bu xahişin mayasında bir təpinmək havası da vardı.

-Aparın, bir halda ki, gərəyinizdir, qurbandır sizə - dedi Qafar kişi. Sonra üzünü Əmralıya tutub asta-asta dilləndi:

-Hə, deməli belə, çuğul qardaşım. Sabah günortaya yaxşı bir çolpa çığırtması bişirəcəm. Gələrsən bizə, başının dəstəsi ilə...

 

Axırıncı xəbərdarlıq

 

Əslən Ağdamdan olan qələm dostlarımızdan birinin danışdığı maraqlı əhvalatı yazı mövzusu hesab elədim. Deməli, dostumun doğulub boya-başa çatdığı kənddə sovet dövrünün termini ilə desək, zəhmətkeş bir ailənin üç yeniyetmə oğlan uşağı el adəti üzrə qoyun-quzunu növbə ilə (çox yerdə bu qayda “nobat” adlanır) otlağa aparır, axşam da hər kəsinkini həyətlərinə ötürüb geri qayıdırmış.

Bu uşaqlardan biri qardaşlarından fərqli olaraq çox cığal imiş. Hər şeyi bəyənməz, bütün deyilənləri tərsinə yozarmış. Valideynləri də Vəlişin xasiyyətini yaxşı bildiklərindən üstünə çox getməzlərmiş. Qardaş da axşam-səhər dava salmağa, səs-küy qaldırmağa bir bəhanə gəzərmiş. Hər dəfə nobatdan qayıdanda süfrə başında mütləq mərəkə qopardarmış. Qarşısına qoyulan yemək dolu boşqabı kənara itələyib qışqırarmış:

-Bu nədir, hərəniz iki boşqab yemək yeyib, mənə cəmi bir qab saxlamısınız? Daha güdüyə-zada gedən deyiləm.

Növbəti dəfə ana ərköyün oğlunun qarşısına iki boşqab yemək qoyur. Bu dəfə də qaqaş möhkəm çığırır:

-Hə, özünüz üç boşqab yeyib, mənə cəmi iki tarelka verirsiniz? Olmaz belə, daha məndən gözünüzü yığın.

Dinmirlər, oğlanı bir təhər sakitləşdirirlər. Günlərin birində güdükdən qayıdan dostumuzun qənşərinə bir qazan qoyurlar ki, bax, hamısı buradadır. Ye, nə qədər istəyirsən, qalsa, biz də dadarıq.

Cığal qardaş bu dəfə də qazanı geri itələyib ucadan qışqırır:

-Hə, deməli, iki qazanı özünüz boşaltmısınız, mənə birini saxlamısınız? Olmaz, axırıncı dəfə deyirəm, bir də belə eləsəniz, nobata-zada gedən deyiləm, dədə canı. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər