Modern.az

İran viza ləğvi üçün Azərbaycana xahiş edəcək - Ekspert

İran viza ləğvi üçün Azərbaycana xahiş edəcək - Ekspert

25 İyul 2019, 16:07

“Azərbaycana gəliş üçün viza rejiminin ləğv edilməsi məsələsində Türkiyədən sonra növbəti qonşu ölkə İran olacaq”.

 

Modern.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə Bakıya gəldikdə viza məsələsini qaldırırdı:

 

“Ərdoğan bu məsələnin uzanmasından narahat idi.  Ayrıca, türk jurnalistlərin Azərbaycan prezidenti İlham Əliyevə verdikləri hər iki sualdan biri rəsmi Bakının Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı nə zaman ortadan qaldıracağı ilə bağlı idi. Azərbaycan rəsmiləri bunu hansısa texniki məsələnin həlli ilə əlaqələndirirdilər. Əsl həqiqətdə isə rəsmilərimiz ikili söhbətlərdə bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirirdilər. Yəni viza ortadan qaldırılsa, Türkiyədən hansısa qruplar Azərbaycana gələ və bizə problemlər yarada bilərlər. Bu arqumenti əvvəldən qəbul etmirdim. Ona qalsa Türkiyə başqa dövlətlərin vətəndaşlarına viza tətbiq etmir və gərək indiyənə qədər problemlər içərisində boğulardı. Tam əksinə Türkiyə və ya digər qonşumuz Gürcüstan viza prosedurlarından imtina etdikdən sonra turizmdə sıçrayış yaşayırlar. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və vizanın ortadan qaldırılmaması müttəfiqliyə kölgə salan yeganə amil idi. Gec də olsa doğru qərar verildi”.

 

Politoloq təklif edib ki, rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza sistemini də ortadan qaldırsın:

 

“Onsuz da rəsmi Bakının yeni qərarından sonra Tehran Ankara kimi eyni xahişlə Bakıya müraciət edəcək. İranla bağlı da müəyyən təhlükəsizlik məsələləri ön plana çıxa bilər. Ancaq önəmli odur ki, İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycana rahat gəlişi təmin edilsin. Doğrudur, o da deyilə bilər ki, ABŞ-la İran arasında müharibə başlasa, qonşu ölkədən qaçqın axını ilə üzləşə bilərik. Ancaq belə bir ehtimal olsa, biz onsuz da müharibədən qaçmaq istəyən soydaşlarımıza sərhəddin qapısını bağlı saxlaya bilməyəcəyik”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Bundan əvvəl Azərbaycan vətəndaşları Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı