Modern.az

Şair İsmayıl İmanzadənin “Seçilmiş əsərləri” çap olundu

Şair İsmayıl İmanzadənin “Seçilmiş əsərləri” çap olundu

Ədəbi̇yyat

11 Avqust 2019, 14:25

Ötən əsrin altmışıncı illərinin sonlarına yaxın çeşidli qəzet-jurnal və ədəbi almanaxlarda dərc olunan şeirləri ilə imzasını tanıdıb, 1980-ci ildə “Gənclik” nəşriyatında işıq üzü görən “Səni soraqlaram” adlı ilk şeirlər kitabı ilə geniş oxucu kütləsi qarşısına çıxan şair-publisist İsmayıl İmanzadənin bu günlərdə “Mütərcim” nəşriyyatında iki cildlik “Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxıb.

   
Modern.az xəbər verir ki, şairin sovetlər dönəmində “Gənclik” və “Yazıçı”

nəşriyyatında işıq üzü görən dörd kitabı, o cümlədən  sonrakı vaxtlada nəşr edilən əsərləri ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, ömrü boyu əyalətdə yaşayan şairin yaradıcılığına yüksək qiymət verilib.

 
  
Müəllifin “Seçilmiş əsərləri”nin birinci cildində müxtəlif illərdə yazdığı şeir və poemaları, satik məzmunlu şeir, həcv və bədahətən deyimlərindən nümunələr yer alıb.

 
 Doğma ata yurdu  Cəbrayıl rayonu, dünyaya göz açdığı Böyük Mərcanlı kəndi düşmənlər tərəfindən işğal olunandan sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşan, son iyirmi ildən bəri fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinə rəhbərlik etməklə, şəhərdə və ətraf bölgələrdə ədəbi aləmin formalaşmasında pay sahibi olan və ədəbi proseslərə fəal surətdə qoşulan şairin nəfis şəkildə oxuculara təqdim edilən bu kitabı onun yaradıcılığı haqqında geniş təəssürat yaradır.

  
 Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru  Rüstəm Kamalın “Evini axtaran səsin sözü” başlıqlı ön sözü ilə təqdim edilən kitabda  Vətən sevgisi, itirilmiş torpaqlarımızın timsalında Qarabağ yanğısı, əzəli-əbədi məhəbbət motivləri, günümüzün ağrı-acıları və ana təbiətin gözəllikləri ilə yoğrulmuş şeir və poemaları şairin iç dünyasının aynası hesab etmək olar.

   
Ədəbi ictimaiyyətin sadə-səmimi insan və istedadlı söz adamı kimi dəyər verdikləri İsmayıl İmanzadənin insanlara nəcib hisslər aşılayan kitabı ilə tanış olanlar heç şübhəsiz ki, onun növbəti addımını bir daha təqdir edəcəklər.

   
Xatırladaq ki, müəllifin hazırda çap prosesində olan “Seçilmiş əsərlərinin ikinci cildində povest, hekayə, səhnə əsərləri və uşaqlar üçün yazdığı şeirlər yer almışdır.

  
 Sonda sayca iyirmi altıncı olan yeni kitabının nəşrinə görə şairi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü