Modern.az

Hüseyn Dəryanın qızı atasının vəsiyyətinə əməl etmək istəyir - Məşhurların son günü - FOTOLAR

Hüseyn Dəryanın qızı atasının vəsiyyətinə əməl etmək istəyir - Məşhurların son günü - FOTOLAR

16 Avqust 2019, 10:08

Kef elə, nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar
Kef elə, nə qədər ki pul var, nə qədər ki kef var, nə qədər ki varsan…

Yəqin ki, bu məşhur mahnıdan söhbətin reper Hüseyn Dəryadan gedəcəyini anladınız…

Modern.az saytının “Məşhurların son günü” rubrikası bu dəfə Hüseyn Dəryaya həsr olunur. 

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Bəs Hüseyn Dəryanın son sözləri, vəsiyyəti necə olub?

 

Hüseyn Dərya 1975-ci il iyunun 29-da Suraxanı rayonunun Bakıxanov qəsəbəsində doğulub. Ailədə 5 uşaq olublar - 3 bacı, 2 qardaş. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Bəzi məlumatlara görə, Hüseyn orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, ali təhsildən imtina edib. 
Qarabağ müharibəsində də iştirak edən  Hüseyn Dərya 4 il 2 ay hərbi xidmət çəkib. 


Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Sənətçinin karyerasında yüksəliş 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir.

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib.

Repçi ilə vida mərasimi Yasamalda Hüseyn Dəryanın bacısının evində keçirilib. Vida mərasiminə Hüseyn Dəryanın yaxınları, ailə üzvləri ilə yanaşı, sənət dostları və həmkarları da qatılıblar. Hətta onunla uzun illər aralarında münaqişə olan reper Anar Nağılbaz da mərasimə qatılıb. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbristanlıqda dəfn edilib.


Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var. 

 

Modern.az-ın Hüseyn Dərya ilə bağlı suallarını onun birinci xanımı Sevda Məmmədova, qaynanası Südabə xanım və qızı Ayşə cavablandırıb.

 

Sevda Məmmədova öncə Hüseyn Dərya ilə ilk tanışlığından danışıb:

 

“Hüseyn məni qaçırdı”

“Biz Hüseynlə 2002-ci ilin sonlarında şəhərdə - “Torqovı”da tanış olmuşuq. O, birinci prodüseri İdrislə idi, ayaqqabısını təmizlətdirirdi. Həmin dönəmdə televiziyadakı “Musiqili meydan” verlişində Hüseynlə Elşad Xose yarışacaqdılar. Mən də onların yanından keçirdim. O  an İdris məni saxladı və soruşdu: “Sizin fikrinizcə, kim daha yaxşıdı, Xose yoxsa Dərya. Mən isə “Elşad Xose” deyə keçib getdim. Mən onda heç Hüseyni yaxşı tanımırdım. Ümumiyyətlə, rep musiqisini sevmirəm və başa düşmürəm.

Gündüz saat 3-4 ərəfələrində yol gedərkən arxamca addım səsləri eşitdim. Döndüm baxdım ki, Hüseynlə İdris gəlir. Hüseyn onda mənə yaxınlaşıb soruşdu: ”Xanım, siz məni niyə bəyənmirsiniz?”. Mən isə “bəyənmirsiniz deyəndə ki, bu tərz musiqiləri sevmirəm” dedim.
Onda söylədi ki, “sizi 1 həftə sonra “Şəhriyar” sarayında keçiriləcək konsertimə dəvət edirəm. Bəlkə orda dinləyib bəyəndiniz”.

Və beləcə tanış olduq. Mənə 2 bilet verdi. 1 həftə sonra konsertinə getdim. Konsertdən əvvəl telefonla dost kimi danışırdıq, zəngləşirdik. Deyirdi ki, “heyrət içində qalmışam ki, bütün qızlar məni bəyənir, amma sən bəyənmirsən”. Konsertdən sonra da danışıb, görüşürdük. Verlişlərə gedəndə məni də özüylə aparır, hər konsertinə dəvət edirdi.

Bir müddət sonra sevgili olduq. Bir-birimizi sevirdik və evlənmək qərarına gəlmişdik. Amma ailələrimiz buna qarşı çıxdı. Mənim ailəm rep müğənnisinə getməyimə heç razı deyildi. Daha sonra Hüseyn mənə dedi ki, “gəl qaçırım səni”.
Beləcə biz evləndik, anamgil onda Rusiyada idilər. Bilən kimi Azərbaycana qayıtdılar. Qırğın-qiyamət qopdu. Amma bizim mentalitetimizdə qız qaçdısa, geri qayıda bilməz.
Daha sonra qızımız Ayşə doğuldu. Ayşənin adını Hüseyn özü qoyub”.

 


“Doğum evində səs-küy salmışdı”

Sevda xanım deyir ki, Hüseyn Dərya səhnədə olduğu kimi, evdə də şən, mehriban və zarafatcıl olub:

 

“Hüseyn mehriban və zarafatcıl insan idi. Lakin bəzi problemlər yaranandan sonra elə olurdu evə qanı qara, əsəbi gəlirdi. Hüseyn məni həqiqətən sevirdi. Buna göörə də heç vaxt məni incitmirdi, evdən kənarda problemləri olsa belə, demirdi, əsəbini gizlətməyə çalışırdı. Amma mən onun bəzi problemləri olduğunu bilir və bərk narahat olurdum”.

 

Sevda Məmmədova Hüseyn Dəryayla bağlı maraqlı xatirəsini də bölüşüb:

 

“Ayşə vaxtından 1 həftə tez dünyaya gəldi. Biz doğum evinə gəldik. Hüseynin Sumqayıtda konserti var idi, ora getmişdi. Ona zəng etdilər ki, Sevda xəstəxanadadı. Hüseyn özünü yanımıza çatdırdı. O gələn kimi necə deyərlər, aləmi qatdı bir-birinə. Mən uşaq dünyaya gətirirəm, Hüseyn isə qapının ağzında durub qışqırır: “Əgər Sevdaya bir şey olsa, buraları dağıdaram!”.
Bir gün sonra uşağı Hüseynə göstərdik, çox sevinirdi. Hər gün mənə gül buketi alıb gətirirdi. Sözün düzü, Hüseynin sevinəcəyini bilirdim, amma o qədər bəlli edəcəyini düşünməzdim. Mənim üçün ən yaddaqalan günlərdən biri idi həmin gün”.


“Pis vərdişləri və bir də Sona evimizi yıxdı”

O, Hüseyn Dəryanın düşdüyü pis vəziyyətlərdən kədərlə bəhs edib.

“Hüseynin düşdüyü pis vəziyyət - onun narkotikdən istifadə etdiyi dönəmlər - hər şeyi darmadağın etdi. Hüseyn çox gözəl insan idi, gözəl həyat yoldaşı, gözəl ata idi. Pis vərdişlərinə görə xarakteri dəyişməyə başladı.
Onun narkotik istifadəçisinə çevrilməsinə səbəb çevrəsi, dostları oldu” - deyən Sevda xanım bunu Hüseyn Dəryaya qəsdən etdiklərini açıqca vurğulayıb:

 

“Hüseynin nə ailədə, nə kənarda problemi vardı. Sadəcə, yanında dost bildiyi insanlar onun getdikcə yüksəldiyini, işində uğur qazandığını, populyarlaşdığını, əlinə pul gəldiyini görüb badalaq vurdular, düz yoldan sapdırdılar. Mən Hüseynlə tanış olanda o repə təzə başlamışdı. Onun “Keyf elə” mahnısı təzə çıxmışdı, mahnı qısa müddətdə özünə xeyli fanat yığmışdı.  Hüseynin işləri yolunda gedirdi, o narkotikdən istifadə etmirdi. Bir az pul qazanandan sonra ətrafına görə pis vərdişlərə yiyələndi. Hüseynin heç bir problemi yox idi, əksinə, xoşbəxt idi, sevdiyi qadın yanında, işində də uğur qazanırdı. Bir insan bundan artıq nə istəyə bilər ki?.”.


Sevda Məmmədova deyir ki, Hüseyn Dəryanın narkotikdən istifadəsi həmişə qəsdən gündəmə gətirilirdi.

Keçmiş həyat yoldaşının sözlərinə görə, Hüseynin düşdüyü durumu qəbul etmiş, pis vərdişlərini bildiyi halda ondan ayrılmaq istəməmişdi:

“Əksinə, onu müalicə edir, həmişə yanında olurdum. Neçə illər dözdüm ki, qızım atasız qalmasın. Bizim ayrılığımıza səbəb Sona İbadova (Hüseyn Dəryanın ikinci həyat yoldaşı-red.) oldu. Sona bizim ailəmizi dağıtdı, yuvamı yıxdı. Sonadan əvvəl də bir neçə xanım var idi ki, ailəmizi dağıtmaq istəyirdi. Onlardan biri “Space” telekanalında işləyən jurnalist idi. Gəlib mənimlə rəfiqə olurdular ki, həyat yoldaşımı əlimdən alsınlar”.

 

Sevda Məmmədova deyir ki, Sona Hüseynin ən pis vaxtlarında onu əldə edə bilib:

“Sona guya Hüseynin pərəstişkarı idi. Hüseynə tez-tez zəng edir, mesaj yazırdı. Belə pərəstişkar olar?! Deyirdim ki, “Hüseynin uşağı var, sən nə istəyirsən bizdən?! Bu insan səndən neçə yaş böyükdür, sən 15-16 yaşında məktəbli qızsan”. Yəni əlindən gələni elədi və istəyinə çatdı. Mən nə qədər yoldaşımı sevib, ona aşiq olsam da, axırda Hüseynə dedim ki, get o Sona, o da sən, mən səndən ayrılıram.
Hüseynin ailəsi həmişə deyirdi ki, “bizim bir gəlinimiz var, o da Sevdadır”. Hüseyn mənə xəyanət edəndən, mən də ondan ayrılandan sonra gedib Sonayla birlikdə yaşadı. Təbii ki, o, Hüseynin ailəsini dağıtmışdısa, yanına aparmalıydı. Çünki Hüseynin ailəsi onu qəbul eləmirdi. Ailəsi görürdü ki, Hüseyn narkoman olub, pis qadına görə ailəsindən üz döndərib. Sona da Hüseni apardı öz evinə”.



Hüseynə sonuncu zəng...

Sevda Məmmədova Hüseyn Dəryadan ayrılanda qızlarının hələ 3 yaşı var imiş. H.Dəryayla ayrılan birinci xanımı qızını götürüb Rusiyaya köçüb.


“Amma hər dəfə Bakıya gələn kimi Hüseyn bizi yoxlayırdı. Qızımızı gəzdirirdi, anasıgilə aparırdı. Əvvəllər whatsapp proqramı yox idi, amma skype və viber proqramaları var idi ki, Ayşə də onlar vasitəsilə atasıyla görüntülü danışırdı.
Novruz bayramı ərəfəsi idi, Hüseyn Ayşə ilə danışdı, dedi ki, “qızım, gəl Bakıya, ata səni gəzdirsin”. Biz gəldik və sabahı gün Hüseyn avtomobil qəzasına uğradı”.


Sevda Məmmədova H.Dəryanın son gününü belə xatırlayır:

 


“Biz martın 14-ü səhərə yaxın saat 05:00-da Bakıya çatdıq. Yatdıq, dincəldik. Günorta Ayşə atasına zəng etməyimizi istədi. Anam isə “hələ dincəlin, istirahət edin, sonra zəng edərsiniz” dedi.
Axsam 22:00 radələrində xalam qızı zəng etdi ki, bütün saytlar yazır ki, Hüseyn Dərya avtomobil qəzası keçirib. Dərhal Hüseynə zəng vurduq. Telefonu dostu Süleyman götürdü. Dedi ki, Hüseyn ağır vəziyyətdədir.
Anam qızının onu görmək istədiyini söylədi. Həmin vaxt Süelyman Hüseynin yanına gedib, ona deyib ki, qızın Bakıya gəlib. Ağır vəziyyətdə olan Hüseyn gözünü açıb, “Süleyman, de ki gəlsinlər” söyləyib. Az sonra Süleyman zəng vurdu və bizə dedi ki, “xahiş edirəm, Sevda xanım da, qızı da özünü tez xəstəxanaya çatdırsın”.

Gecə saat 12 idi, anam, qızım və mən getdik xəstəxanaya. Bizi əvvəlcə yanına buraxmırdılar. Dostu Süleyman işə qarışdı.
Biz içəri girəndə Hüseynin gözləri yumulu idi. Ayşə gedib atasının qolundan tutdu və “ata, ata” deyən kimi Hüseyn gözlərini açdı. Tez-tez nəfəsini alıb-verməyə başladı. Həkim bizi çölə çıxartdı ki, xəstə narahat olur. Həkim bizə “sabah saat 10:00-da gəlin, Hüseyni palataya keçirəcəyik, heç bir şeyi yoxdur” dedi. Mən dəfələrlə soruşdum ki, birdən beyin qanaması və ya daxili qanaxma keçirmiş olar, hara lazımdısa aparaq. Amma həkim icazə vermədi.

Evə getdik. Sonra dostu Süleyman anama zəng vurdu ki, Hüseyni əməliyyata aparırlar, təcili gəlin. Mən də dedim ki, “gəlirik, əməliyyata salmasınlar”. Axı unun astması var idi, narkoz vermək olmazdı. Biz paltarımızı geyinib çıxana kimi Süleyman zəng vurdu ki, “Hüseyn əməliyyat masasında qaldı”.
Narkozu verən kimi Hüseyn dünyasını dəyişib. Süleyman mən xəstəxanada olanda dedi ki, məndən əvvəl Sonaya zəng vurub, isə gəlməyib. İndi utanmır telekanallara çıxıb “səhərə kimi mən Hüseynin yanındaydım” deyir”.

Hüseyn Dəryanın qayınanası Südabə xanım:

 

“Hüseynin ölümü bütün Azərbaycanı sarsıtdı. Qızımla ayrlsa da, Hüseyn bizə gəlib-gedirdi. O, Məşhədə, Kərbəlaya gedəndən sonrakı vaxtlarda bizə tez-tez gələrdi.

Sevdagil Rusiyadan gələn kimi deyirdim zəng edin, Hüseyn gəlsin. Axır zamanlar çox istəyirdim ki, onlar barışsınlar. Çünki Hüseyn özü mənə yalvarırdı ki, “mənim ilk məhəbbətim Sevdadı, mən artıq düzəlmişəm. Bəlkə məni bağışlayar”.
Axrıncı gəlişində Sevda mənə dedi ki, “ana, Hüseynə zəng edək, gəlsin. Təsadüfə baxın ki, bu dəfə mən qoymadım ki, bir az dincəlin, sonra. Bəlkə də Sevda o an zəng etsəydi, Hüseyn bizə gələcəkdi. Allahın qismətdi. Ayşə evə girəndən ağlayırdı. Sanki hiss edirdi ki, atasına nəsə olacaq.

Mən ilk dəfədir mətbuata danışıram. Sona hər yerdə deyir ki, son günündə Hüseynin yanında o olub. Amma yalan deyir. Mən özüm dindar insanam, and içirəm ki, xəstəxanada Hüseynin dostları Süelyman və Ramindən başqa heç kəs yox idi. Hüseyn Sonadan ayrılandan sonra bir neçə dəfə təklif etmişdim ki, gəlsin bizdə qalsın. Amma o, qüruruna sığışdırıb gəlmir, dostugildə qalırdı. Hüseyn Sona ilə evləndikdən və ayrıldıqdan sonra maddi cəhətdən çox sıxıntı yaşayırdı. Mən həmişə ona kömək etməyə çalışırdım. Hüseyn mənə həmişə deyirdi ki, “elə bilirəm ki, anamsan”. Hüseyn həyatda çox əziyyətlər çəkib.

Mənim qızımın ailəsini Sona İbadova dağıdıb. Sona İbadova həmişə Hüseynin adındam istifadə edib, oğluna görə, özünün guya xərçəng xəstəliyinə görə məşhurlardan pul istəyib”.

 


16 yaşlı Ayşə atasının arzusuna əməl etmək istəyir

Mərhum reperin qızı Ayşə atasını belə Modern.az-a xatırladıb:

 

“Ata hər uşaq üçün qəhrəmandı, hələ qız üçün daha dəyərli varlıqdı. Mən həmişə atamı çox sevib, onunla fəxr etmişəm...

Atam rəhmətə gedəndə mənim 11 yaşım var idi. Ondan ayrılanda pis olurdum ki, atadan ayrı yaşayıram. Hər bir qızın ataya ehtiyacı var. Düzdür,  ata-anası ayrı yaşayan insan təkcə mən deyiləm və atası rəhmətə gedən tək uşaq da mən olmamışam”.

 

Ayşənin hazırda 16 yaşı var və  anası ilə Türkiyədə yaşayır və orada təhsil alır. Atası Ayşəni hüquqşünas görmək istəyirmiş. Qızını hüquqşünas kimi görmək reperə qismət olmasa da, Ayşə onun arzusunu reallaşdırmaq istəyir:

 

“Atam mənə həmişə “sən mənim yeganə övladımsan” deyirdi. Mənə zarafata deyirdi ki, “vəkil ol, bəlkə sən ananla məni barışdıra bildin””.

 

Ayşənin də atası kimi rep musiqisinə xüsusi marağı var:

 

“Bizim ailədə heç kəs rep musiqisini sevmir. Amma  mən atamın ifalarını çox bəyənərək, dinləyirəm. Onun ifalarına sırf atamdı deyə yox, sevərək qulaq asıram. Mən düşünürəm ki, atamın ifaları bütün replərdən fərqlənir. Çünki o, necə deyərlər 7-dən 70-ə hamının qulaq asa biləcəyi janrda oxuyurdu”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi