Modern.az

Elçibəy PARADOKSU

Elçibəy PARADOKSU

22 Avqust 2019, 10:05

Elçin Alıoğlu

"Sən elə bilirsən, asandı?! Anlamırlar məni, mən də onları anlamıram".

Dedi. Siqaretindən bir qullab aldı. Kədərli idi. Əlimdəki siqaretin nə zaman yanıb bitdiyini heç bilmədim. Ona baxırdım. O isə pəncərədən çölə.

... 1995-ci ildi, yanvar ayı idi, "Azadlıq" qəzetinin redaksiyası idi. AXCP-nin də qərargahı idi. Yaşar Türkazər dəhlizdə dolanırdı, "Azadlıq" qəzetinin "uşaq"ları - onlar jurnalist deyildilər, azadlıq övladları idilər - gərgin və yorğun baxışlarla sanki cavabsız suallar verir, məşhur çayxanada həmişəki kimi, Çindən tutmuş, Boliviyayadək məsələlər müzakirə olunurdu.

Elçibəy, hamının "Böyük Bəy" dediyi adam da oturmuşdu otağında.

Anlamaq istəyirdi, onu anlamırdılar.

Hələ də anlamırlar.

Anlamırıq.

Ona sayğım böyukdü. Bilirdim - hakimiyyətdə özünü az qala naqolay hiss edirdi, nazirləri bivec, məmurları yarıtmaz, təyinatları bəzən o qədər sual doğuran, siyasəti romantika, romantikası da siyasət.


Amma o, İnsandı. Kövrələ bilən, ağlaya bilən, dərdə dava ola bilən, dinləyə bilən, dinlədə bilən.

Aldada bilmirdi - onu daim aldadırdılar.

Kələkini sevən bir uşaq qəlbi vardı onda.

Sadəlövh, dünyaya böyük gözlərlə baxan, siyasətdən uzaq, hakimiyyətdən kənar.

İdarəetmə sistemi çox pisdi. Amma özü yaxşı idi.

Bu, Elçibəy paradoksu idi.

Nur içində yat...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi