Modern.az

Sizin icra başçınız: Məhərrəm Quliyev Goranboyda etimadı doğruldurmu?..

Sizin icra başçınız: Məhərrəm Quliyev Goranboyda etimadı doğruldurmu?..

Reportaj

30 Oktyabr 2019, 10:41

İcra başçısı rayon və şəhərlərin yerli idarəetməsində rəhbər şəxsdir. Əgər bir bölgənin icra başçısı işini layiqincə yerinə yetirirsə, heç sözsüz ki, ərazidə əmin-amanlıq, dinclik olur. Vay o hala ki, başçın pis ola... Həmin şəhər və ya rayonda narazılıq  olmağı bir yana, yaradıcılıq, elm, təsərrüfat, ümumiyyətlə, bütün bu kimi sahələrin sütunu zəifləyəcək. Çünki uğura gedən yol çətinlikdən keçir, əgər çətinliyin, problemin həll olunmasa, tərəqqidən söhbət gedə bilməz.


Elə bəlkə də məhz bu məsələdən dolayı gənclərin əksəriyyəti bölgələrdə özünü inkişaf etdirə bilmir, lazımi dəstəyi almayıb ev-eşiyindən olur. Əgər sənin bütün problemlərinlə maraqlanan, sənə dəstək göstərən bir  icra başçın varsa, niyə ev-eşiyindən, bölgəndən olasan ki? Lazımi şərait yaradılsa, inkişaf üçün düzgün mühit olsa, kimsə uzaqlara can atmaz. Təəssüf ki, əksər rayon və bögələrin İcra hakimiyyəti strukturlarında ürəkaçan vəziyyətlə rastlaşmırıq. Narazı kütlə, əhalidən kilometrlərlə ayrı gəzən, əyləşdiyi kreslodan qalxmaq istəməyən icra başçıları...


Lakin bu o demək deyil ki, bütün icra başçıları pisdir, öz işlərini layiqincə yerinə yetirmir. Yox, işini vicdanla görən, öz bölgəsinin hər dərdi ilə maraqlanan başçılar da az deyil.


Modern.az
saytının “Sizin icra başçınız” adlı rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?


Rubrikanın növbəti təqdimatı, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə həsr edilir.


Quliyev Məhərrəm Böyükağa oğlu ölkə prezidentinin 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 



Azərbaycanın Milli Qəhrəmanı Goranboy rayonun Kəpənəkçi kəndində yaşayan Maşallah Abdullayev başçının işini müsbət qiymətləndirsə də, onunla görüşməməyindən narazıdır:


“Artıq 6 aydır ki, yeni icra başçısı Goranboya təyin olunub, lakin mən hələ onunla görüşməmişəm. Belə ismarıc da göndərmişəm ki, vaxtı olanda məni qəbul eləsin. Lakin bir ağsaqqal, Milli Qəhrəman kimi məni yanına çağırıb, söhbət eləmir. Gərək danışanda doğrunu deyəsən, Məhərəm müəllim Goranboya gələndən rayonun küçələri təmir olunur, müəyyən işlər görülür”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının Goranboy rayon təşkilatının sədri Kərim Kərimli:


“Məhərrəm Quliyev ilk başlarda  icra başçısı kimi əhalini qəbul edib, problemləri ilə maraqlanırdı. Şəhərin bəzi yollarına asfalt örtüyü çəkdirmişdi. Lakin son vaxtlar o da digər köhnə icra başçıları elə xüsusi bir fəaliyyət göstərmir. Onu da deyim ki, bir insan kimi onunla görüşməmişəm, ümumi rayon camaatının rəyini deyirəm”. 



Jurnalist Kamil Həmidov:


“Artıq 30 ildir ki, işimlə əlaqədar olaraq Bakıda yaşayıram. Lakin ara-sıra rayona gedəndə Məhərrəm müəllimlə bağlı müsbət fikirlər eşidirəm. Düzdür hələ ki, onun haqqında mənfi və ya tam müsbət fikir demək tezdir. Lakin rayon əhalisi arasında onunla bağlı fikrlər müsbət tendensiyaya doğrudur. Ondan əvvəlki icra başçısının vaxtında xüsusilə insanlarla ünsiyyətdə ciddi problemlər var idi. Yeni icra başçısı təyin olunduqdan sonra isə rayon əhalisinin yerli rəhbərlə ünsiyyəti asanlaşıb. İstəyərdim ki, yeni icra başçısı rayondakı sosial problemlərin, məmur özbaşınalığının, işsizliyin həll olunmasında addımlar atsın”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnistutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov:


“Məhərəm müəllimin pisliyinə hələ ki bir söz eşitməmişəm. Bu yaxınlarda Goranboydan qayıtmışam. Rayona gedəndə gördüm ki, insanlar yeni icra başçısından razılıq edirlər. Ondan əvvəlki başçıdan isə narazılıq çox güclü idi. Yeni icra başçısı ona müraciət edənləri qəbul edir, problemlərinin həll edilməsində yardımçı olur ki, yerli əhali arasında bu qədər razılıq var”.



Goranboyda yaşayan Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov deyir ki, başçının qəbulunda olmasa da, onun yaxşı işlədiyini qeyd edə bilər:


“Məhərrəm Quliyev gəldiyi gündən rayon camaatını qəbul edir, yolları düzəltdirir, aparatda müsbət istiqamətdə dəyişikliklər edir. Rayonun kəndlərinə gedir, məktəblərə baş çəkir, müəllimlərin, şagirdlərin problemləri ilə maraqlanır. Əvvəllər kimsə İcra Hakimiyyətinə şikayətə gedirdisə, ona imkan vermirdilər ki, başçı ilə görüşsün. Lakin Məhərrəm müəllim kollektiv şəkildə, gün ərzində bəzən dayanmadan 5-6 saat müddətdə camaatı qəbul edir, problemlərlə maraqlanır. Kiməsə bir tapşırıq verəndə axıradək izləyir ki, onun tapşırdığı işi həyata keçirirlər ya yox. Bəzi məmurları sırf onlara tapşırılan işi görmədiyi üçün işdən də çıxarıb. Ümid edirəm ki, bu vəziyyət axıradək elə belə də davam edəcək. İcra başçısı düzgün işləyib, hər şeyə rəy verəndə, həmin bölgədə əmin-amanlıq olur”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir