Modern.az

Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi

Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi

Aktual

10 Dekabr 2019, 20:51

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin dekabrın 8-9-da Qətərin Doha şəhərində təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən simpoziumda iştirak edib.

 

Modern.az xəbər verir ki, “Media qurumları ilə beynəlxalq təşkilat arasında tərəfdaşlıq və həmrəyliyin qurulması: imkanlar və perspektivlər” adlı paneldə geniş auditoriya qarşısında məruzəçi qismində çıxış edən U.Mirzəyev bütün ölkələrə ədalətli və qərəzsiz yanaşma əsasında media və beynəlxalq təşkilatların inteqrasiyasını inkişaf etdirmək məsələsini qaldırıb.

Bildirilib ki, dünya mediası və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin timsalında Azərbaycana qarşı təcavüzü, o cümlədən jurnalistlərin qətl edilməsini pisləyən vahid yanaşma işləyib-hazırlamalıdırlar. “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və ölkəmizin ərazisinin 20 faizinin işğalı dövründə 7 xarici və yerli jurnalist öldürüldü. Bu cinayətlərin təşkilatçıları cəzasız qaldı və hətta rəhbər vəzifələr tutdular. Bu gün biz Suriya, Pakistan, Meksika, Filippin, Əfqanıstan, Afrika və digər ölkələrdə də jurnalistlərin və hətta humanitar işçilərin belə hədəfə alındığını görürük. Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq inanırıq ki, media, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq və həmrəyliyin inkişafı media işçilərinin və informasiya azadlığının qorunmasını təmin edəcək”,- deyə Fondun prezidenti vurğulayıb.

 

Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun Ermənistan tərəfindən işğalı ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq təşkilatların yanaşması ictimaiyyəti məyus etdi:

"Dünya mediası və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını, o cümlədən jurnalistlərin öldürülməsini qınamaq üçün vahid bir yanaşmanın olmaması əməkdaşlığın səmərəliliyinə inamı sarsıdır. Beynəlxalq təşkilatlarla media qurumları arasında əməkdaşlığın ədalətli və bütün ölkələrə qərəzsiz yanaşma şəklində idarə olunmasının zəruriliyinə dair məlumatlılığı artırmaq üçün bütün iştirakçıları qüvvələri birləşməyə və birgə çalışmağa çağırıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!