Modern.az

“Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ

“Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ

15 Dekabr 2019, 12:39

Professor Şirməmməd Hüseynovun anadan olmasının 95 illiyi münasibətilə

17 dekabr tarixi böyük və qayğıkeş insan, mahir maarifçi, tələbkar pedaqoq, cəsarətli, cəfakeş və istedadlı  alim, milli istiqlalın sevdalısı, həqiqətin və mənəvi dəyərlərin dayağı ,mətbu- ədəbi, əbədi müəllimim professor Şirməmməd Hüseynovun doğum günüdür.

Onun haqqında az qala 50 illik tanışlığımızdan yaranan kitablıq xatirələrim var. Elə bilirəm ki, düz 28 il bundan əvvəl - Sovet imperiyasının dağılması və Azərbaycanın müstəqilliyinin bərpa olunması ərəfəsində  pak əməlləri və  sarsılmaz əqidəsi ilə cəmiyyətdə böyük nüfuz qazanmış Şirməmməd Hüseynovdan aldığım müsahibə (“Odlar yurdu” qəzeti, №21 noyabr, 1991-ci il) onun fenomenal düşüncəsi, uzaqgörənliyi, arzu və istəkləri, dövrünün ən aktual problemləri  barədə zəngin təəssürat yaradır. Odur ki, həmin müsahibəni Modern.az-ın oxucularının diqqətinə təqdim edirəm. 

 

Beləliklə, müsahibimiz siyasi icmalçı, Bakı Dövlət Universitetinin professoru Hüseynov Şirməmməd Ağaməhəmməd oğludur.

- Mümkünsə, bir neçə kəlmə ilə özünüzü oxucularımıza təqdim edin.

- Məmnuniyyətlə. 1924-cü ildə Şəkidə anadan olmuşam. 3 yaşında ikən atamı itirmişəm. Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsini bitirdikdən sonra Moskvada aspiranturaya daxil olmuşam.1954 –cü ildə “1917-1918-ci illərdə Azərbaycan mətbuatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm. Həmin ildən Bakı Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətlə məşğulam. Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün yazdığım dərsliklərə, çoxillik elmi-pedaqoji fəaliyyətimə görə professor adına layiq görülmüşəm.

- Bilirik ki, sovet dövründə obyektiv çətinliklərə baxmayaraq, vicdanın səsi ilə işləmiş, tələbələrinizə əsl həqiqəti söyləməkdən çəkinməmisiniz. Bununla belə, yəqin siz də etiraf edərsiniz ki, illər boyu kommunist ideologiyasını təbliğ, təşviq edən minlərlə jurnalistin həyata vəsiqə alması üçün siz də xeyli zəhmət çəkmisiniz. Həyatınızın həmin illəri üçün təəssüflənmirsiniz ki?

- Bu suala birmənalı cavab vermək çətindir.”Təəssüflənirəm” desəm, bu qeyri-obyektiv, qeyri-səmimi olar, bir az da dərinə getsəm, öz mənliyimə toxunar. Axı, acılı-şirinli həmin illərdə minlərlə tələbə ilə təmasda olmuş, rəsmi proqramdan əlavə, özümün yazılmamış proqramım ilə tələbələrimə həyat dərsi vermişəm.  Bilirsiniz, mənim dünyagörüşüm, həyata baxışım iki zəmində formalaşıb. Biri məktəb mühiti, digəri ailə. Məktəb, istər şagirdkən, istər tələbə ikən kommunist ideallarına sədaqət ruhunda tərbiyələndirirdi. Ailəmizdə isə bəzəksiz, hay-küysüz mühit hökm sürürdü. Dayılarım cəmiyyətin iyrəncliyini bütün çılpaqlığı ilə söyləyir, nifrətlərini gizlətmirdilər. Onların sualları təbii ki, məni də düşündürürdü: Namuslu filankəsi gecə ikən niyə apardılar? Namussuz filankəs isə öz keyfindədir, niyə? Bir sözlə, ailəmiz qapalı, məhdud çərçivədə cəmiyyətin müxalif qüvvəsi idi. Bax, özüm də müəllim  ikən çalışmışam ki, tələbələrim sərbəst düşünsün, ətrafda baş verən hadisələri açıq gözlə götür-qoy etsinlər, özləri düzgün nəticə çıxarsınlar.

      
Bir fakt deyəcəm. ”İskra”nı biz ilk partiya mətbuatı kimi tədris edirdik. Deməli, orada dərc olunan məqalələrə müraciət edə bilərdik. Mən qəsdən “İskra”nın 1901-ci il 13-cü nömrəsində çap olunmuş “Gürçüstanda rus süngüsünün 100 illiyi” məqaləsini tələbələrə açıqlayırdım. Bunu elə dövrdə edirdim ki, respublika hökuməti Azərbaycanın Rusiyaya birləşdirilməsinin ildönümü az qala milli bayram kimi qeyd edirdi. Məslək, əqidə dostum Bəxtiyar Vahabzadə ( yeri gəlmişkən, o da Universitetin proqramı ilə dərs deyirdi, eyni zamanda “Ana dili”, “Latın dili” kimi şerlərini də yazırdı) ilə məni də çoxları kimi 1986-cı il Alma-Ata hadisələri həm sarsıtdı, həm qəlbimizə işıq saldı: demək Sovetlər birliyindəki türk dünyası, hələ yaşayır, mübarizə aparır. Lakin Alma-Ata hadisələrinə münasibətimizi necə bildirək? Mən Bəxtiyara dedim ki, hadisə ilə ad günüm eyni vaxta-17 dekabra təsadüf edir. Şeiri ad günümə ithaf et və ürəyindən keçəni yaz. Beləliklə,  “17 dekabr” şeiri meydana gəldi. Şeirin leytmotivi türk ruhunun yaşaması və ölməzliyidir. Auditoriyalarda da bu məzmunda söhbətlərimi yəqin ki, tələbələrim də xatırlayır. Odur ki, universitetdə keçirdiyim illər üçün təəssüflənməyə dəyməz. Digər tərəfdən isə təəssüflənməmək də olmur. Tələb olunanları deməmək özünü yaşamaq imkanından məhrum etmək idi. Ürəyimizdə olanların hamısını isə çox vaxt söyləyə bilmirdik. Bu gün dönə-dönə müraciət etdiyim, sitatlar gətirdiyim mətbuat tariximizi, şübhəsiz, o vaxt indikindən yaxşı bilirdim. Amma susurdum. Bilirdim ki, tələbələrin arasında da Dövlət Təhlükəsizlik Komitəsinin agentləri var. Fikrimcə, bizim nəsil həm bədbəxt, həm də xöşbəxt nəsildir. Ona görə bədbəxtik ki, ömrümüzün böyük bir hissəsi Leninin təbirincə, “xalqlar dostluğu həbsxanasında”, Qorbaçovun fikrincə, “bədbəxtliyə ortaq qardaşlar” cəmiyyətində, nəhayət akademik Şmelyov demişkən, “dəlixanada” yaşamışıq. Xoşbəxti, ona görə ki, xalqımızın qəddinin yavaş-yavaş düzəldiyi günləri də görürük. Azərbaycan Cümhuriyyətinin bərpasının şahidi  və iştirakçısı olmaq əsl səadət deyilmi?


- Bir halda ki, söhbət Azərbaycan Cümhuriyyətinin bərpasından düşdü, zəhmət olmazsa, deyin, sizcə, indi nə üçün Azərbaycan Respublikasını tanımırlar?

- Bunun bir neçə səbəbi var. Başlıcasını deyirəm. BMT-nin Nizamnaməsində hansı ölkələri müstəqil dövlət kimi tanımaq şərtləri yazılmışdır. Əlbəttə, ən əvvəl müstəqilliyini elan etmiş dövləti müstəmləkəçisi olduğu dövlət tanımalıdır, yəni onun razılığı olmalıdır. Bu razılıq isə iki yolla alınar: ya dinc yolla, ya da zorla. Bizdə necədir? Moskva kağızda hər şey, həqiqətdə isə az şey verir. Təkcə respublikaların xarici siyasətlərinə nəzər salmaq kifayətdir ki, mənzərə aydın görünsün. Baltikyanı ölkələr istisna olmaqla, keçmiş SSRİ-nin bütün respublikalarının rəhbərləri, məncə, xarici ölkələrə yalnız mərkəzin razılığı ilə gedə bilərlər. Eləcə də iqtisadi-maliyyə məsələləri Moskvasız mümkün deyil. Bir sözlə, Moskva əvvəlki imperiyanın cildini dəyişib saxlamaq istəyir.

- Sizcə, mərkəz bundan sonra respublikalara qarşı necə siyasət yeridəcək?

- Mərkəz bütün gücü ilə çalışacaq ki, respublikaların ağzını bir yerə bağlasın. Bu zaman yaratmaq istədiyi birliyə ya iqtisadi, ya hərbi, ya da suveren dövlətlərin ittifaqı deyəcək. Fəqət, imperiyanın dağılmamasına çalışacaqlar.


- Azərbaycanın bütün mənalarda müstəqilliyini özünün başlıca vəzifəsi hesab edən müxalifətə münasibətiniz necədir?

- Əvvəlcə, müxalifət anlayışının özünə münasibətimi bildirim. Təəssüflər ki, bizdə bəzən qüvvələr marksist- leninçi tərəzi ilə ölçülür, cəmiyyət təbəqələrə, siniflərə bölünür. “Bizimlə olmayanlar düşmənimizdir”- bu, çox təhlükəlidir. Xeyr, müxalifət düşmən sinif, təbəqə, qüvvə deyil. Yaxud, əksinə, hakimiyyətdə olanlara sinfi düşmən kimi baxmaq lazım deyil. Müxalifətin cəmiyyətdəki rolunu, mövqeyini müəyyənləşdirmək üçün uzağa yox, öz mətbuat tariximizə müraciət edək.


1917-ci ildə N.Nərimanov “Hümmət” qəzetinin birinci nömrəsini çapdan buraxır və baş məqalədə öz məramını elan edir. M.Rəsulzadə “Açıq söz”də “Tazə rəfiqimizi təbrik” adlı məqalə ilə çıxış edir və “Hümmət”i təbrik edir. Bununla belə, N.Nərimanovun baş məqalədə irəli sürdüyü tezislərə qarşı öz fikrini qoyur. Demək istədiyim odur ki, tərəflər öz proqramını əsaslandırmalı, inandırmalı, təmkinlə qəbul etdirməlidir. Yox, əgər sənin proqramın elmi şəkildə əsalandırılmayıbsa, yaxud yarımçıqdırsa və mənə onu zorla qəbul etdirmək istəyirsənsə, bu, düzgün deyil. Bu o deməkdir ki, “bəy oğlusan, demək, köpək oğlusan”. Bu gün bizdə vəziyyət necədir?


Əvvəlcədən deyim ki, məncə, müxalif qüvvələr hakim qüvvələrdən bir baş yuxarıdır. Bu, parlament iclaslarında özünü daha parlaq büruzə verir. Müxalif qüvvələr “Bizi hara aparırsınız”- sualına qismən cavab verməyə hazırdırlar və cavab verirlər. Lakin nə prezident, nə  baş nazirimiz xalqın “Biz hara gedirik” –sualı qarşısında hələlik susurlar. Onlar nə öz proqramları, nə son məqsədləri, nə tutduqları yol barədə hələlik xalqa bütöv və açıq söz deməmişlər. Həyata keçirilən dəyişikliklər, islahatlar, qərarlar təzyiqlər, mitinqlər vasitəsilə olmuşdur.


- Sizcə, Dağlıq Qarabağ problemi necə yaranmışdır və onun həlli yolu hansıdır?

- Bu barədə lazım olduğundan çox danışılmış, deyilmişdir. Əgər kim hələ də Dağlıq Qarabağ münaqişəsinin səbəbini, həlli yolunu bilmirsə, deməli ya özünü bilməməzliyə, görməməzliyə qoyur, yəni bunu qəsdən edir, ya da o, kənar planetdən gəlib. Bu belədir. Mənsə, başqa şey demək istəmirəm. Ömər Faiq Nemanzadə 1906-cı ildə “İrşad” qəzetində “Nə etməliyik” məqaləsində yazırdı ki, ermənilər bizi öz təbii düşməni hesab edirlər. Təbii düşmənlə isə düşmən kimi rəftar etməyi bacarmalısan. Erməni milli faşizmi bizi bir xalq kimi tanımaq istəmir, bizi məhv etməyi qarşısına məqsəd qoyub. Bunu heç vaxt, hətta sülh zamanı unutmamalıyıq. Odur ki, hər bir azərbaycanlı doğularkən. onun qulağına, həm də erməni zərbəsindən sayıqlıq duası oxunmalıdır: erməni səni təbii düşmən sayır.

- Bu gün sanki  əksəriyyət latın əlifbasının tərəfdarıdır. Lakin ona doğru irəliləyiş yoxdur. Niyə?

- Çünki əlifba məsələsini siyasi oyuna çevirənlər var. Bəziləri üçün bu, çatmamış məsələ, digərləri üçün zaman-zaman nüfuz qazanmaq vasitəsidir. Bir başqası üçün alternativ qoymaq alətidir: ərəb, yoxsa, latın?! Bütün bunların arxasında əlifbaya qətiyyən dəxli olmayan niyyətlər, əməllər durur. Latın xalqımız üçün zərurətdir, kim bu nemətdən də sui-istifadə etmək istəyirsə, onun vicdanı təmiz deyil.

- Əvvəllər yaşı 100 olmayan KP-nin tarixinin tədrisinə az qala təhsil illərinin yarısı həsr olunurdu. Halbuki Azərbaycan tarixinə bir neçə saat vaxt ayrılır və ikinci növ fənn kimi öyrədilirdi. İndi vəziyyət necədir?

- Təhsil sisteminin ümumiyyətlə, köklü islahata ehtiyacı var. Sualınıza isə sevindirici cavab verə bilməyəcəyəm. İndi, Kommunist Partiyasının tarixi öyrənilmir, eyni zamanda Azərbaycan tarixini də istənilən səviyyədə öyrətməyə kadr yoxdur.

- Sonuncu sualı verməyəcəm. Belə demək mümkünsə, deyilməyən , suala cavab verin.

- Xalq hələlik siyasətçilərlə siyasətbazları yaxşı seçə bilmir. Odur ki, kim siyasətbazlıqla məşğul olub xal toplamaq istəyirsə, xalqa xəyanət edir. Gəlin bunu unutmayaq.



Abid Tahirli

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...