Modern.az

Bu qədər şərləmək olmaz axı!

Bu qədər şərləmək olmaz axı!

Aktual

15 Dekabr 2019, 14:28

MülatifAdurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
veteran telejurnalist


İnsan gərək öz danışığına və davranışına hər zaman diqqətli və məsuliyyətli olsun, dediyi sözə sonrakı reaksiyasını başa düşsün, danışığına necə fikir verildiyini dərk eləsin. Bunlar olmayan fikirlər havaya atılan güllə kimidir, adamın necə bilik və düşüncəyə malik olduğunu təyin edir. Elə ki bu keyfiyyətlər olmadı, necə deyərlər, “apar at çölə”, danışanın çıxışı heç kimin nə marağına, nə də reaksiyasına təsir göstərmir, ikrah hissindən başqa bir fikir oyatmır.


Cəmiyyətimizdə belə nadanlar az deyil. Özü də tanınmış şəxsiyyətlər arasında. Kimə deyəsən ki alim, tanınmış adam sözünün yerini bilmir. Bax belə adamların el arasında hörməti də olmur, hamı ona kəmsavad kimi baxır.


Bu günlərdə saytlardan birində tanınmış şəxsiyyətin dediyi düşünülməmiş sözlərindən aldığım təəssürat məni mütəəssir etdi. Axı başqasını yersiz şərləyən, televiziya ilə məsuliyyətsiz çıxışına laqeyd qalmaq mümkün deyil.  Dəvət olunduğu sanballı verilişdə danışdığını bilməyən adama nə deyəsən! Bu şəxsiyyət sıradan bir adam deyil: sabiq deputatdır, vaxtılə hər yerdə adı çəkilən adam olub. Hər halda dözülməz ifadələri ilə dəvət olunduğu verilişin nüfuzuna xələl gətirməklə AzTV-nin ünvanına, onun sanballı verilişinə zərbə vurur.


Saytlardan birində sabiq deputatın danışığını dinləmək çox ağır olsa da, onun haqqında mənfi təəssürat yaratdı, bəlkə də minlərlə adamın ovqatını təlx etməklə, onun necə düşüncə və biliyə malik olduğunu göstərdi. Vaxtılə özünü bilmirəm necə tanıdıbsa indi onu dinləmək çox təəssüf doğururdu. Bu, sabiq deputat Cümşüd Nuriyev idi. Onun bir cümləsini ikrah hissi ilə qarşılamamaq mümkün deyildi. O bilə-biləmi, ya başa düşməyərəkdənmi məsuliyyətinə diqqət vermədi. O heç də əvvəlki tanıdığımız  şəxsə oxşamırdı. Bəlkə də onu əvvəllər yaxşı tanımamışıq. Amma indi sanballı televiziya verilişində çıxışı onun düşüncənin məntiqi nəticəsi narazılıq doğurdu. Görün o çıxışında kimə söz atır: dünyanın hər yerində adı əzizlənən zərif qadın duyğularına. Hər halda danışığı ilə səhvə yol verdi. Onun dediyi sözlər adamı sarsıtmaya bilməzdi. Boşanmış qadınlar guya fahişədirlər, pozğundurlar. Adı dünyanın hər yerində sevgi ilə çəkilən qadına qarşı belə danışmaq olar? O, böyük hörmət və sayğıya malik qadınları sözün əsl mənasında təhqir edib. Bu və ya digər səbəbdən boşanmış qadınlar haqqında deyilən fikirlərə görə laqeyd qala bilmirsən. Zərif insanlara təhqir dolu ifadələr minlərlə ana və bacımıza, bir sözlə bütün Azərbaycan qadınlarının adına ağır ləkədir.


Boşanmış qadınlar həyatda özlərinə yer tapır, hər cür mənəvi və iqtisadi çətinliklərə mətanətlə sinə gələrək övladlarını sağlam ruhda böyütməyə, hətta ali təhsil verməyə nail olurlar. Sabiq deputat bilməlidir ki, boşanmış qadınlara ucdantutma şər atmaq səviyyəsizlikdir.


Hər zaman belə çıxışlara çox ciddi yanaşan qadın qurumları bu ifadələrə necə dözürlər? Qadınlarımıza qarşı belə münasibətlə barışmaz mövqe tutan qadın birlikləri, hüquq müdafiəçiləri niyə susurlar? Axı bu ifadələr qadınlarımızın hamısının ünvanına ağır təhqirdir. Onlar, çox şübhəsiz ki, bu çıxışa laqeyd qalmayacaq, öz sözlərini deyəcəklər.


Qadın ləyaqəti hər vəchlə qorunmalıdır. Buna hamımız səy göstərməliyik! Xüsusən hüquq-mühafizə orqanları efirdə ağzına gələni danışanların çıxışlarına qarşı hüquqi cəhətdən qətiyyətli cəza tədbirləri görməlidirlər!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar