Modern.az

“Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub”

“Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub”

22 Yanvar 2020, 14:19

“Siyasi məhbus kimi təqdim olunan şəxslərin məsələsi həmişə Azərbaycanla Avropa Şurası arasında böyük qalmaqallar, mübahisələr, qarşıdurmalar, fikir ayrılıqlarına gətirib çıxarırdı. Bunun əsası da var idi. Çünki müxtəlif yerlərdən, insanlardan, təşkilatlardan, mənbəyi, sayı bilinməyən qeyri-obyektiv, qərəzli, hansısa məqsədləri daşıyan siyahılar təqdim olunurdu”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib. O, AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottirin hazırladığı məruzə  ətrafında müzakirələrin aparıldığını təsdiqləyib. S.Seyidovun sözlərinə görə, İnsan haqları komitəsində müzakirəyə çıxarılan Azərbaycan üzrə məruzədə bu məsələlər artıq məruzəçi tərəfindən kənara qoyulub:

 

“Ona görə yox ki, bu siyahıların təqdim olunması dayanıb. Siyahıları müxtəlif yerlərdən yenə göndərirlər. Ancaq yanaşma dəyişib. Yanaşma Avropa İnsan Haqları Məhkəməsinin qərarları əsasında formalaşdırılır. Biz də hesab edirik ki, bu, tamamilə düzgün yanaşmadır. Biz həmişə demişik ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası altındadır, bu səbəbdən də onun qərarları bizim üçün vacib, əhəmiyyətlidir. Hansısa təşkilatın, qeyri-dövlət qurumunun siyahısı sənədlərin içərisinə daxil edilə bilməz. Məhz bu yanaşmanın məruzədə bu şəkildə əks etdirilməsi çox vacib və çox əhəmiyyətlidir”.

 

Nümayəndə heyətinin rəhbəri bildirib ki, məruzədə Azərbaycan hakimiyyətinin 2017-ci ildən başlayaraq hüquq sistemində islahatlar aparması, xüsusilə Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı xüsusi yer alıb:

 

“Məruzədə həm də qeyd edilir ki, bu qərarlar əsasında islahatlar başlayaraq müsbət nəticələr verməyə başlayıb. Əsas məsələ budur. Yəni biz islahatları islahat naminə etmirik. İslahatları ona görə həyata keçiririk ki, müsbət nəticəsi olsun. Bax, bu məruzədə belə bir ifadənin yer alması çox vacib və əhəmiyyətlidir. Üçüncü, ilk dəfə məruzədə bizim üçün də vacib bir məsələ əksini tapıb. Məruzədə qeyd edilib ki, siyasi məhbus kimi təqdim edilən şəxslərlə bağlı məsələlər ölkənin daxilində müstəqil və yüksək peşəkarlıq qabiliyyəti olan strukturun rəyi əsasında və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilənə qədər həll olunsun. Azərbaycanda vaxtı ilə İnsan haqları üzrə İşçi Qrupu yaradılmışdı. Hesab edirəm ki, bu, İşçi Qrupunun işinin daha aktiv şəkildə təşkil olunmasına və fəaliyyət göstərməsinə çox böyük təkanverici bir məqamdır. Nəhayət, məruzənin ümumi ab-havası Azərbaycan hakimiyyəti, Azərbaycan parlamenti, Azərbaycan nümayəndə heyəti ilə konstruktiv şəkildə işləri davam etdirmək və real nəticələr əldə etmək nöqteyi-nəzərdən yüksək qiymətləndirilməlidir. Bu da vacibdir”.

 

Səməd Seyidov məruzədə xeyli tənqidi məqamların yer aldığını da söyləyib:

 

“Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra edilməməsi, Avropa İnsan Haqları Məhkəməsinin xüsusən 18-ci protokolunun pozulması, müntəzəm olaraq Azərbaycanda hansısa insan haqlarının pozulması ilə bağlı məqamlar da məruzədə mövcuddur. Bunların hamısı müzakirə və təhlil etmək üçün materialdır. Biz də bu istiqamətdə məsələləri konstruktiv şəkildə araşdıracağıq. Ancaq ən vacib məsələ bu məruzədəki ab-havadır. Biz bu məruzəni bu gün də təkrarən Monitorinq Komitəsində müzakirə edəcəyik. Hesab edirəm ki, Monitorinq Komitəsində də həmin ab-havanı görəcəyik. Ən vacib məsələ odur ki, Avropa Şurası Azərbaycanla bu istiqamətdə konstruktiv formada, dialoq şəklində, hüququn aliliyi çərçivəsində əlaqələri və münasibətləri təşkil etmək fikrindədir və bu istiqamətdə də məruzə təqdim olunub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir