Modern.az

“Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI      

“Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI      

21 Fevral 2020, 15:34

Bir neçə gündən sonra Xocalı soyqrımının 28-ci ildönümü qeyd olunacaq. Hər il insanlar soyqırım qurbanlarını yad etmək üçün “Ana harayı” abidəsini ziyarət edir.

 

“Ana harayı” abidəsi Bakının Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılıb.

Ancaq abidə bir neçə dəfə restavrasiya olunub. Bəzi iddialara görə, soyqırım abidəsi tam olaraq ümumi mənzərəni əks etdirmir. Məhz bu səbəblərdən də abidə bir neçə görkəmdə olub.

 

Əslində, “Ana harayı” abidəsi necə görünməlidir?

Əməkdar memar, “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı Baş Plan layihəsi”nin məsləhətçisi Feyzulla Quliyev Modern.az-a açıqlamasında bildirib ki, belə abidələrin ucaldılması tək memarın işi deyil:

“Bu cür abidələrin ucaldılmasında  heykəltəraşla memar birgə çalışmalıdır. Hər ikisinin yaradıcılığı birgə olmalıdır.  “Ana harayı” abidəsi bir neçə dəfə dəyişdirilib. Görünür, hələ də tam olaraq abidənin indiki halından narazı məqamlar qalmaqdadır.  İkinci Dünya Müharibəsinin ən qızğın dövrləri olan 1941-1945-ci illər əks etdirən bir abidə var. Həmin abidədə  ata uşağı əlində tutub. Abidə kompleks şəklindədir. Həmin abidəni çox bəyənirəm. Çünki o dövrün hadisələrinə uyğun memarlıq heykəltəraşlıq kompleksidir”.

 

Memarın sözlərinə görə, abidənin yeni formaya salınması o qədər də mürəkkəb proses olmamalıdır:

“İndi insanlar bir-biri ilə daha tez ünsiyyətə girir. İnternet əsrində bu cür məsələlər daha rahat həll olunur. Tender elan etməklə, bunu ictimaiyyətin ixtiyarına buraxmaq olar. Əgər cəmiyyət doğrudan da abidənin başqa formada olmasını istəyirsə, yenidən nəsə etmək olar”.

 

Feyzulla Quliyev abidənin yerləşdiyi yerin sıx olduğunu da qeyd edib:

“Hesab edirəm ki, “Ana harayı abidəsinin  yerləşdiyi yer dardır. Bir qədər genişlənsə yaxşı olar”.

 

Qeyd edək ki, bir neçə dəfə “Ana harayı” abidəsinin yerinin dəyişdirilməsi təklif edilib.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?