Modern.az

Azərbaycanlıların təxliyyəsi davam edir – Avropanın 5 ölkəsindən XƏBƏR VAR                      

Azərbaycanlıların təxliyyəsi davam edir – Avropanın 5 ölkəsindən XƏBƏR VAR                      

17 Mart 2020, 16:48

Dünya üzrə indiyədə kornavirusa 183 min 198 nəfər yoluxub. Asiyada formalaşan pandemiya sürətlə Avropa ölkələrinə inteqrasiya edib.

Maraqlıdır, Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın hazırda ümumi vəziyyəti necədir? Təxliyyə olunmaq üçün müraciət edilirmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov deyir ki, bu gün İtaliyadan Azərbaycana növbəti təxliyyə həyata keçiriləcək:

“Demək olar ki, hər gün İtaliyada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Elə olur ki, gecə saat 4-5 radələrinə qədər əlaqədə qalırıq. Çünki İtaliyada olan vəziyyət bizləri narahat etməyə bilməz. Karantin şəraiti davam edir, Allaha şükürlər olsun ki, azərbaycanlı tələbələrdən bu virusa yoluxma halı barədə məlumat daxil olmayıb. Tələbələrdən bəziləri qalmaq, bəziləri isə vətənə geri dönmək istəyir. Bugün dövlətimiz, axşam saatlarından Roma - Bakı çarter reysi ilə, İtaliyada qalan və vətənə dönmək istəyən həmvətənlərimizin təxliyəsini təşkil edəcək. Fürsətdən istifadə edib, ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycanın İtaliyadakı səfirliyinə, və bu işlər yaxından uzaqdan əlaqəsi olan bütün qurumlara təşəkkür edirəm”

 

Brandenburq Texniki Universitetinin magistrantı, Almaniya Azərbaycanlıları Alyansının icraçı direktoru Qurban Məmmədov deyir ki, artıq azərbaycanlılar arasında təxliyə edilmək üçün müraciət edənlər var:

 

“Aktual Koronavirus böhranı ilə əlaqədar olaraq Almaniya Azərbaycanlıları Alyansınının Berlin şəhərində yerləşən mərkəzi ofisi (Berlindəki Azərbaycan Evi) gücləndirilmiş iş rejiminə keçib. Bu məqsədlə istənilən vaxt mərkəzi ofislə aşağıdakı telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür. Ölkədə məktəblər, bağçalar, universitetlər bağlanıb, bəzi universitetlərdə distant təhsilə keçirilib. Bir çox şirkətlərdə və dövlət qurumlarında iş “evdən iş” rejiminə keçib. Kinoteatrlar, teatrlar, muzeylər, kitabxanalar, klublar, barlar, qəlyanxanalar bağlanıb. Almaniyada rəsmi statistikaya görə, 25 min azərbaycanlı yaşayır ki, onlardan da 1400 nəfəri tələbədir. Vətəndaşlarımızadan bəziləri ölkədən təxliyə olunmaq üçün müraciət edir. Amma hələ ki, təxliyə məsələsi ilə bağlı bir xəbər yoxdur. Turistik məqsədlə və Almaniyaya təcrübəyə gələn soydaşlarımız var ki, onların vizalarının bitməyinə az müddət qaldığı üçün bizə müraciət edirlər. Bildirmək istəyirəm ki, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinə daxil olmuş rəsmi məlumata əsasən, Almaniyada səfərdə olan və koronavirusla bağlı mövcud olan durum səbəbindən ölkəni tərk edə bilməyən Azərbaycan vətəndaşları vizalarının uzadılması (ehtiyac olduğu təqdirdə) ilə bağlı olduqları ərazidə yerləşən Əcnəbilər İdarəsinə (Ausländerbehörde) müraciət etməlidirlər".

 

Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov yaşadığı şəhərdə daha çox azərbaycanlının olduğunu bildirərək, diasporluğun azərbaycanlılara bütün mənalarda dəstək olduğunu vurğulayıb:

 

“Dünən saat 08:00 radələrində Fransa prezidenti çıxış etdi. Yarım saat davam edən çıxışı bütün Fransa diqqətlə izlədi. Bu gün saat 12:00-dan etibarən Fransada bəzi qaydalar məcburi olaraq həyata keçiriləcək. Belə ki, yalnız aptekə, mağazaya və işə getmək olar. Hər üç hal yalnız məcburi olduqda və icazə ilə mümkündür. Bu rejim ölkədə 15 gün davam edəcək. Mən Fransanın Nant şəhərində yaşayıram. Bu şəhər azərbaycanlıların ən çox məskunlaşdığı şəhərlərdən biridir. Daimi olaraq vətəndaşlarımızla əlaqə saxlayırıq, azərbaycanlıların vəziyyəti normaldır. Çalışdığımız qədər insanlara lazımi olan məlumatları verək və sıxıntıları olarsa, yardım edək. Maksimum şəkildə çalışırıq ki, pozitiv olaq”.

 

Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli hostellərin bağlanması ilə əlaqədar olaraq Polşada yaşayan azərbaycanlılara yaşamaq üçün yer təşkil edildiyini bildirib:

“Hal-hazırda Polşada koronavirusla əlaqədar ciddi tədbirlər görülür. Biz də öz növbəmizdə soydaşlarımızla əlaqədəyik. Bildiyiniz kimi demək olar ki, bütün hostellər bağlanıb. Bununla əlaqədar mən və digər böyük şəhərlərdə yaşayan soydaşlarımız qalacaq yerlər təşkil etmişik. Həmçinin marifləndirmə işləri həyata keçiririk. Azərbaycan Evi 24 saat fəaliyyət göstərir. Soydaşlarımızın təşəbbüsü ilə WhatsApp qrup yaradılıb. Bütün ehtiyaclar barədə qrupda yazırlar. Hal-hazırda həm səfirliyin, həm də diasporanın qaynar xətti fəaliyyət göstərir. Həmçinin, təxliyyə barədə müraciətləri səfirlik qəbul edir. Polşa Azərbaycanlıları Şurasının rəhbəri olaraq soydaşlarımızın hər zaman yanında olmağı özümə borc bilirəm. Qeyd olunan linkdə diaspor fəaliyyəti barədə ətraflı məlumat əldə etmək olar.

//diaspor.gov.az/xeberler2020/x1294.php”.

 

Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov İspaniyada 5-6 nəfər azərbaycanlının təxliyə olunmaq üçün müraciət etdiyini deyir:

“Diaspor burda olan azərbaycanlılarla hər gün daimi olaraq əlaqə saxlayır. Ölkədə hal-hazırda fövqəladə vəziyyət elan edilib və dövlət olaraq mövcud vəziyyətə qarşı mübarizə tədbirləri gedir. İspaniyada yaşayan azərbaycanlıların sayı ilə bağlı nə səfirlikdə, nə də Komitədə dəqiq məlumat var, yəni, hər hansı bir qurumun dediyi say reallığı əks etdirməyəcək. Mən də dəqiq yox, sadəcə, öz təxmini hesablarımı desəm, məncə bu say 1500-2000 nəfər ola bilər. Təxliyə üçün müraciət etməyə əslində heç bir səbəb yoxdur, çünki burda insanlar arasında əsaslı panika yoxdu. Sadəcə, hamı dövlətin mövcud şəraiti olan qaydalarına riayət etməyə çalışır və daha çox vaxtını evdə keçirirlər, başa düşürlər ki, birlikdə bu virusun qabağını almaq mümkün olacaq. Kataloniyadan təxliyə ilə bağlı heç bir müraciət olmayıb amma İspaniyanin bir neçə regionunda 5-6 nəfər təxliyə üçün müraciət edib və aiddiyyatı qurumlarla əlaqələndirmişik. Artıq bir neçə gündür ki, diaspor tərəfindən qaynar xətt yaradılıb və hər gün bizimlə mövcud vəziyyəti öyrənmək üçün mütəmadi olaraq əlaqə saxlayırlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı