Modern.az

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”  

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”  

Diaspor

29 Mart 2020, 12:49

Fransadakı Azərbaycanın Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın koronavirusa yoluxması barədə danışıb.

 

Hazırda ev şəraitində müalicə alan Mirvari Fətəliyeva  Modern.az-a açıqlamasında bir az halsız olduğunu və nəfəsalmada çətinlik çəkdiyini deyib, ancaq tez sağalacağına ümid etdiyini bildirib.

 

“Getdikcə ağrılarım azalır”-deyə o əlavə edib. 

 

O, Fransada vəziyyətin çox ciddi olduğunu qeyd edib:

 

“Burada da vəziyyət çox təhlükəlidir. Fransanın baş naziri dünən xalqa müraciət etdi. Bildirdi ki, gələn hər 15 gün Fransa üçün geridə qalan 15 gündən daha ağır olacaq. Ölənlərin sayı daha da çoxalacaq. Çünki Fransa koronavirus bəlasına görə pik həddədir”.

 

Diaspor rəhbəri Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara riayət etməyən azərbaycanlılara da səslənib:

 

“Azərbaycanlılara demək istəyirəm ki, koronavirusu ciddiyə alsınlar. Onunla zarafat etmək olmaz. Bəziləri elə düşünür ki, bu virus gənclərə yaxın gəlmir. Ancaq elə deyil. Fransada gənclər arasında heç bir xəstəliyi olmayanlar belə koronavirusdan dünyasını dəyişirlər. Bu da çox narahatedici haldır. Ona görə də hər bir azərbaycanlıdan xahiş edirəm ki, özünüzü və ətrafınızı qoruyun. Mütləq şəkildə qanun və qaydalara riayət etməliyik. Karantini də ciddiyə almalıyıq ki, ətrafımızdakıları və sevdiklərimizi qoruyaq. Azərbaycan xalqına müraciətim bu olardı ki, vəziyyəti ciddiyə alın və evdə qalın!”.

 

Mirvari Fətəliyeva koronavirus testinin müsbət olduğu xəbərini alandan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun onunla telefon əlaqəsi yaradaraq səhhəti ilə maraqlandığını da bildirib.

 

Qeyd edək ki, M.Fətəliyeva bir neçə gün əvvəl Paris ətrafındakı xəstəxanada yoxlamadan keçib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...