Modern.az

Fransa, Belçika və Niderlanddakı azərbaycanlılardan SON XƏBƏR

Fransa, Belçika və Niderlanddakı azərbaycanlılardan SON XƏBƏR

Diaspor

3 Aprel 2020, 15:52

Koronavirus pandemiyası səbəbindən hər bir ölkə sərhədləri bağlamaq zorunda qalıb. Yalnız ölkə vətəndaşları öz ölkələrinə qayıda bilərlər.

 

Ölkəmiz də öz vətəndaşlarının təxliyyə olunmasını həyata keçirərək  xarici ölkələrdə olan soydaşlarımızın ölkəyə gətirilməsi prosesini davam etdirir.

 

Ölkəyə qayıdan vətəndaşlarımız arasında tələbələr üstünlük təşkil edir.

 

Bəs, xarici ölkələrdə qalan soydaşlarımız biri-birlərindən xəbər tuturlarmı?

 

Modern.az  Azərbaycan diaspor təşkilatlarının xaricdəki Koordinasiya Şuralarının əlaqələndiriciləri ilə əlaqə saxlayaraq vəziyyəti öyrənməyə çalışıb.

 

Niderland-Belçika Azərbaycanlıları  Koordinasiya Şurasının əlaqələndiricisi və “Ana-Vətən” Azərbaycan Qadınları Birliyinin sədri Maisə Ağamirzəyeva:

 

 

“Ailəmlə burdayam. Təbii ki, koronavirusa görə bütün planlar dəyişib. Burada oxuyan azərbaycanlı tələbələr Azərbaycana qayıdır. Eyni zamanda bura müqavilə yolu ilə işləməyə gələn soydaşlarımız da geri qayıtmalı oldular. Martın 21 və 25-də bir hissə burdan yola salındı. Martın 29-da Bakıya getməli olanların bir çoxu gedə bilmədi. Onlarla əlaqə saxlayarkən London reysi ilə Bakıya yola salınacaqlarını dedilər. Koordinator olaraq buradakı azərbaycanlılarla əlaqə saxlayıram. Ümumi vəziyyəti hamı bilir. Çalışırıq ki, biri-birimizə dəstək olaq. Belə vəziyyətdə qürbətdə olmaq çətindir. Ona görə də vaxtaşırı əlaqə saxlayıram”.

 

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının(ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov:

 

 

“Təbii ki, buradakı azərbaycanlılarla əlaqə saxlayırıq. Azərbaycanlıların daha çox olduğu Fransanın Nant şəhəridir. Bundan başqa Strasburq, Lion, Parisdə də yaşayan soydaşlarımızdan həm zənglər alırıq, həm də zənglər edirik. “evdə qal”maqla bağlı təlimatlar verir, işin ciddi olduğunu insanlarımıza çatdırırıq. Davamlı olaraq burada yaşayan azərbaycanlılar Fransanı tərk etməyiblər və buradadırlar. Buranı tərk edən tələbələr və iş adamlarıdır. Burada yaşayn azərbayanlılar evdə qalaraq həyatlarına davam edirlər. Biz evdən kağızla çıxa bilirik. Bu da market, apteklərdir. Çalışırıq ki, evdə qalaq. Evdə qalsaq da işlərimizi telefon, onlayn vasitəsilə idarə edə bilirik”.

 

Belçika-Niderland Koordinasiya Şurasının əlaqələndiricisi, “EuroAzNL” cəmiyyətinin sədri Emil Əliyev hər kəs kimi qaydalara əməl etdiyini deyir:

 

 

“Niderlanddayam, Azərbaycanda deyiləm. Burada vəziyyət stabildir, qaydalar başqa cürdür. Baş Nazir insanlara müraciət edərək koronavirus infeksiyasına məsuliyyətli yanaşmağa, verilən qaydalara əməl  etməyə çağırıb. Təbii, bir çoxları əməl edir. Burda da müəyyən problemlər oldu. 2 həftə əvvəl dövlət evdən çıxmamağa çağırdı, ancaq həftə sonu meşələr, parklar dəniz kənarı insanlarla dolu idi. Bu da Niderland dövlətini qorxutdu. Dərhal daha ciddi qaydalar tətbiq etdilər. Meşəyə, dənizə gedən yollar hasarlandı. Artıq insanlar ehtiyac olmadan evdən çıxmırlar. Burada yaşayan azərbaycanlılarla daimi olaraq telefon əlaqəsi yaradıram. Dünyada yaşayn azərbaycanlıların ən böyük sosial qrupu olaraq Avropa azərbaycanlıları facebook qrupunda aktiv oluram. 30 mindən çox üzvümüz var. Hələ ki ciddi problem yoxdur. Əsas problem sərhədlər bağlanan zaman yaşandı. Buradan Azərbaycana qayıtmaq istəyən azərbaycanlılar müraciət edib,  təxliyyə olunmalarını istəyirdilər. O məsələləri də həll etdik. Diasporla İş  üzrə Dövlət Komitəsi, Niderlanddakı səfirliyimiz bizə dəstək olaraq soydaşlarımıza kömək etdilər. Niderland hökuməti də bəzi güzəştlər edir. İşə gedə bilməyənlər dövlət tərəfindən yardım alacaq. Bir çox işlər onlayn həyata keçirilir. Mən də evdən onlayn işləyirəm. Daima azərbaycanlılarla əlaqədəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır