Modern.az

“Rəsul Quliyev ilin sonuna qədər Bakıya qayıtmaq istəyir”

“Rəsul Quliyev ilin sonuna qədər Bakıya qayıtmaq istəyir”

Müsahibə

11 May 2012, 14:28

“Amerikada söz verdilər ki, Azərbaycan müxalifətinə kömək edəcəklər”

Azərbaycan Liberal Demokrat partiyasının sədri Fuad Əliyev Demokratik Cəmiyyət Uğrunda Hərəkatın təmsilçisi kimi ABŞ-da səfərdə olub. Vaşinqton və Nyu-Yorkda bir sıra görüşlər keçirən F.Əliyev  bu tədbirlərdə eks-spiker Rəsul Quliyevlə birgə iştirak edib.

Modern.az Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevlə müsahibəni təqdim edir.

- Fuad bəy, Amerikaya səfəriniz necə keçdi? Səfər çərçivəsində kimlərlə görüşdünüz?

- Amerikaya səfərim çərçivəsində həm Nyu-York həm də Vaşinqtonda çox yüksək səviyyədə görüşlərimiz olub. Nyu-Yorkda, BMT nümayəndəliyinin baş ofisində, Vaşinqtonda isə Senatda və Dövlət Departamentində uğurlu görüşlərimiz keçdi. Görüşlərdə əsas söhbətlər Azərbaycandakı ictimai-siyasi vəziyyətlə, jurnalistlərə təzyiqlərlə, vətəndaşların azad toplaşmaq hüququnun həyata keçirilməməsi ilə bağlı idi. Eləcə də digər mühüm məsələlərlə bağlı ciddi müzakirələrimiz olub. Sözsüz ki, bu görüşlərin faydalı nəticələri olacaq.

- Amerikaya səfər çərçivəsində Rəsul Quliyevlə görüşdünüzmü?

- Bəli, mən Rəsul bəylə görüşdüm. Nyu-Yorkda, BMT nümayəndələri ilə görüşdə Rəsul Quliyevlə bir yerdə iştirak etdik. Bundan başqa, biz Müqavimət hərəkatı ilə, “Protest” mitinq komitəsinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi apardıq. Qeyd etmək istəyirəm ki, yaxın aylarda bu Hərəkat böyük bir irəliləyişə nail olacaq.

- Rəsul Quliyevlə görüşünüzdə hansı məsələləri müzakirə etdiniz?

- Əlbəttə, Rəsul bəylə müzakirə olunacaq məsələlər çox idi. Biz əsasən “Protest” mitinq komitəsinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı və bu komitənin iş istiqaməti ilə əlaqadar fikir mübadiləsi aparmışıq. Bundan sonra komitənin işində müəyyən yenilik olacaq. İctimaiyyət yaxın aylarda bu yeniliyin şahidi olacaq. Digər tərəfdən biz bundan sonra çalışacağıq ki, Rəsul bəyin Azərbaycana qayıtması ilə bağlı iş aparaq. Biz buna imkan yaratmağa çalışacağıq. İlin sonuna kimi çalışacağıq ki, bunların hamısı həyata keçsin.

- Rəsul Quliyev vətənə qayıtmaqla bağlı nə düşünür?

- Rəsul bəyin əhval-ruhiyyəsi çox yüksək səviyyədədir. O, inanır ki, Azərbaycana qayıdacaq, ölkəmizdə demokratik proseslərdə irəliləyiş olacaq. Bir sözlə Rəsul bəyin hazırki durumu olduqca yaxşıdır.

-  Amerika səfəri ilə bağlı təmsil etdiyiniz Müqavimət hərəkatının üzvləri ilə görüşüb müzakirələr aparmısınızmı?

- Amerikadan qayıdandan sonra biz hələ görüşməmişik. Amma həftənin birinci günü bizim iclasımız olacaq. Sözsüz  ki, görüşüb səfərimlə bağlı onlara da ətraflı məlumat verəcəm.

- Necə düşünürsünüz Rəsul bəy Müqavimət Hərəkatı ilə bundan sonra da əməkdaşlıq etməyi düşünürmü?

- Rəsul Quliyevin sədri olduğu Açıq Cəmiyyət Partiyası bu hərəkatın təsisçilərindən biridir. Bundan sonra da əməkdaşlığımız davam edəcək.

- Amerikada Azərbaycanın hazırki mənzərəsi necə görünür? Xüsusən də son zamanlar gərgin tonda olan  müxalifət- iqtidar münasibətlərinə münasibət necədir?

-  Azərbaycanın daxilində olanda səhvləri görmürsən. Amma kənardan bu prosesləri müşahidə edəndə əlbəttə, müxalifətin bir neçə səhvini görə bilirsən. Bu prosesləri analiz edərkən düşünürəm ki, bizim Müqavimət Hərəkatı gələcəkdə ümumi müxalifətin birliyinə nail ola bilsək,  bu səhvlər olmaz. Amerikadan Azərbaycana baxanda görünür ki, bəzən düşünülməmiş, tələsik addımlar atılır. Mən hesab edirəm ki, mitinq keçirmək də lazımdır. Sözsüz ki, iqtidar-müxalifət arasında razılığa gəlmək lazımdır. Düşünürəm ki, müxalifətin 20-ci sahədə mitinq keçirməsi yalnış addım idi.

-  ABŞ səfərinin nəticələrini necə qiymətləndirirsiniz? Sizcə, səfər uğurlu alındımı?

- Mənim istər tək keçirdiyim görüşlərin, istərsə də Rəsul Quliyevlə keçirdiyimiz görüşlərin əsas məğzi budur ki, Azərbaycan demokratik proseslərə təkan verilsin. Bu görüşlərdə iştirak edən insanların Azərbaycanda gedən proseslərdə xəbərləri var. Onlar da gözəl bilirlər ki, Azərbaycan demokratiya boğulur. Onlar da öz növbəsindı söz veriblər ki, bu istiqamətdə müxalifətə kömək olacaqlar. Bəziləri köməyi başqa məsələdə görürlər. Dünyada heç kim heç kimə pul vermir ki, sən ölkəndə demokratiya yaradasan. Azərbaycan xalqı özü demokratik cəmiyyətə yaşamaq istəyirsə, bunun üçün mübarizə aparmalıdır.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir