Modern.az

Deputat kimin tərəfində dayanmalıdır? - həmkarının, yoxsa nazirin...

Deputat kimin tərəfində dayanmalıdır? - həmkarının, yoxsa nazirin...

Parlament

30 İyun 2020, 14:55

Parlamentdə təmsil olunan deputatların fikir ayrılıqlarına mütəmadi olaraq rast gəlirik. Bu da hardasa, normaldır. Parlamentin bütün üzvlərinin hansısa məsələdə eyni hədəfə vurması doğru olmaz.

Bəs doğru olan nədir?

Toxunduğumuz mövzu deputatların həmrəy ola bilməsi ilə bağlıdır. Ümumiyyətlə, 121 deputatın hamısı bir-birinə dəstək ola bilirmi?!

 

Tutaq ki, parlamentdə hansısa həyati vacib qanun layihəsinin müzakirəsi gedir. Parlamentə təşrif buyuran hansısa qonaq (bu nazir də, komitə sədri də ola bilər) bir neçə parlamentari tərəfindən açıq suallara, bir az da irəli getsək, tənqidlə də qarşılaşa bilər.

Belə olan halda deputatlar həmrəylik nümayiş etdirməlidir, yoxsa qonağın tərəfində dayanmalıdır?

 

Modern.az mövzuya münasibət öyrənməyə çalışıb.

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, parlament müzakirə yeridir və fikirlər üst-üstə düşməyə bilər:

 

“Azərbaycanın bütün regionlarından olan vətəndaşlar deputatlar tərəfindən Milli Məclisdə təmsil olunur. Parlament cəmiyyətin formalaşmasında böyük rol oynayır. Milli Məclisdə oturan deputatların əksəriyyəti həmrəydirlər. Çünki ölkəmizdə bütövlükdə birlik mövcuddur. Bu birliyin fonunda seçiciləri təmsil edən insanlar da həmrəy olmalıdır və həmrəydirlər. Təbii ki, hər hansısa məsələdə fikirlər üst-üstə düşür və bunu demək doğru olmaz. Əgər bütün fikirlər üst-üstə düşsəydi o zaman parlamentin fəaliyyətinə ehtiyac olmazdı. Parlamentdə bir çox məsələlər müzakirə olunur və fərqli fikirlər təqdim olunur. Ümummilli məsələlərdə həm müxalifət, həm də iqtidaryönümlü deputatlar bir-birilə həmrəy olmalıdırlar. Ümumilikdə isə parlament müzakirə yeridir. Hər bir deputat fərqli fikir sərgiləyə bilər. Parlamentin də özəlliyi bundan ibarətdir”.

 

Milli Məclisin deputatı Vüqar İskəndərov da deputat həmrəyliyinin vacibliyini qeyd edib:

 

“Kimin nə fikir səsləndirməsindən asılı olmayaraq ədalətin tərəfindəyəm. İstər parlamentə təşrif buyuran qonaq, istərsə də deputat həmkarım fikir söyləsin, əgər orada ədalətli mövqe varsa, kimliyindən asılı olmayaraq tərəfindəyəm. Bu, hər zaman da belə olacaq. Parlament bizim evimizdir. Hazırda 121 deputat təmsil olunur. Hər birimiz də həmkarıq. Hesab edirəm ki, biz lazım olan məqamda bir-birimizə dəstək olmalıyıq. Bu çox vacib məsələdir. Düzdü, parlamentdə siyasi cəhətdən fikirləri üst-üstə düşməyən deputatlar var. Bu da normaldır. Əgər dövlətimizlə, dövlətçiliyimizlə bağlı ümummilli məsələlər varsa, burada həmfikir olmalıyıq. Düşünürəm ki, deputatlarımız arasında həmrəylik mütləq şəkildə olmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?