Modern.az

Bütün addımlar bir-birini tamamlayır

Bütün addımlar bir-birini tamamlayır

3 Oktyabr 2020, 08:11

Hamının qulağı səsdədir, amma müharibə təkcə döyüşdən ibarət deyil, onun siyasi, hüquqi, diplomatik və əlbəttə informasiya kimi komponentləri də var. İnsanların qanı bahasına döyüş meydanında qazanılan uğur diplomatiyanın və ya informasiya işinin yanlışları səbəbindən öz real əhəmiyyətini itirə bilər.

Odur ki, bu gün bütün işlərimiz soyuqqanlı və dəqiq hesablamalar əsasında aparılmalıdır. Əsasən də rəsmi qurumlar tərəfindən. Etiraf etməliyəm ki, bu mənada keçirilən müntəzəm brifinqləri və orada jurnalistlər qarşısına çıxan şəxslərin işini bəyənməmək mümkün deyil.

Hələlik, bütün addımlar bir-birini tamamlayır desək, yəqin ki, yanılmarıq. Odur ki, tələsməyək (etiraf edim ki, hərdən özüm də tələsirəm və ümumi işə ziyan vura biləcək fikirləri və məlumatları bölüşürəm), gözləyək və üzərimizə gəlmək üçün hazır duranlara rəvac verməyək.

Bizə müttəfiq olanlar və təəssübkeşlik edənlər kimi, hər anda böhtan atmaq, bizi təcavüzkar kimi təqdim etmək üçün kiçik bir bəhanə gözləyənlər də var. Belələrinin müxtəlif motivləri olur. Bir hissəsi öz dövlətlərinin marağından, digərləri öz siyasi, bəzilərii də şəxsi maraq müstəvisindən çıxış edirlər.

Məsələn, Fransa boyda dövlətin başçısı cihadşılarla bağlı sərsəm bir bəyanatla az qala bütün düşmənlərimizi bizə qarşı qaldıracaqdı, amma elə digər bir Qərb ölkəsinin rəsmisi, ABŞ-ın dövlət katibi muzdlularla bağlı məlumatı olmadığını bildirdi və dolayısı ilə Makronun cavabını verdi.

Müasir dünyamızda hər şey sırf maraqlar üzərində qurulub və bizim haqlı mübarizəmizə münasibətdə də bu, istisna deyil. Dini, milli və digər bu kimi amillər olsa-olsa yalnız maraqların təmin olunması naminə sui-istifadə və istismar olunan vasitələrdir. Odur ki, bunlara çox da önəm verib, gücümüzü yanlış istiqamətlərə yönəltməməliyik.

Bizim mübarizəmiz yalnız işğalçıya qarşıdır, ədalətlidir, haqlıdır və buna görə də uğurumiz qaçılmazdır.
Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza və xalqımıza güc versin.


Ərəstun Oruclu,
politoloq

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir