Modern.az

Dağlıq Qarabağın gələcək taleyi, üfüqdəki sülh- arzu və reallıqlar haqqında

Dağlıq Qarabağın gələcək taleyi, üfüqdəki sülh- arzu və reallıqlar haqqında

Diaspor

23 Oktyabr 2020, 12:15

 

Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir! (Otto fon Bismark)

Frensis  Fukuyama keçmiş SSRİ dağılandan sonra  “dünyanın sonu”nun gələcəyini ifadə  edərkən təbii  apokalipsisi nəzərdə tutmurdu.  Bu üfüqdə görünən etnik və dini münaqişələrin müjdəsi  idi.  Dedi və oldu! 

Dağlıq Qarabağ  uğrunda Ermənistan-Azərbaycan münaqişəsinin  illərlə latent xarakter daşıdığını çoxları iddia etsə də, bu latentlik xalqların timsalında sistemli, əlaqəli və  permanent deyildi. Davamlı latent olan isə xalqların və dövlətlərin milli hisslərindən onların özlərinə və azadlıqlarına qarşı yönələn kənar təsirlər- geopolitik ambisiyalar idi. 

Kral öldü, yaşasın yeni kral! Beləcə Dağlıq Qarabağ hər iki xalqın cənnətindən cəhənnəminə çevrildi. “Böyük Ermənistan” mifiylə zəhərlənmiş ermənilər tarixin acı dərslərindən nəticə çıxarmaq yerinə, yenə eyni yola əl atdılar - əsassız torpaq və soyqırım iddialarına. Əsrlərdir birgə yaşadıqları, kirvə dedikləri, milli və mədəni dəyərlərini mənimsədikləri, hətta ad və soyadlarının çoxu türk sözləri olan, etnik çoxluğu türk kökənli olan Azərbaycanla müharibə etdilər. Şiddətli döyüşlər, çoxlu insan tələfatı, milyonlarla məcburi köçkün, işğal və xarabalıqlar-bu 1994-cü ildəki atəşkəs ərəfəsində olan dəhşətli  mənzərəni ifadə edən minimumdur. 

Ötən 26 illik atəşkəs.... Regiona dəfələrlə “sülhpərəst”  vasitəçilər, dünya liderləri, yeni nəsil smartfonlar, elektromobillər, sosial şəbəkələr, yeni modifikasiyalı silahlar, bir sözlə mümkün olan bütün vasitələr gəldi, sülhdən başqa. Azərbaycan hakimiyyəti bu illər ərzində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə dəfələrlə münaqişənin həllini ehtiva edən sənədlərə, pozitiv qərarlara, xoş niyyətə və həqiqi sülhə yönələn addımlar atdı. Bu mövqe beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara və ədalətli həllə söykənən siyasəti ifadə edirdi. Ermənistanın  məqsədi isə danışıqlar prosesini sonsuza qədər uzatmağa və status-kvonu saxlamağa yönələn bic siyasət yürütmək,  avantüralar qurmaq, özü belə müstəqilliyini tanımadığı Dağlıq Qarabağı və işgal etdiyi 7 rayonu xaricdən gətirilən ermənilərlə məskunlaşdırmaqla əldə saxlamaq idi. Atəşkəsdən sonra Dağlıq Qarabağ transmilli cinayətkarların, beynəlxalq terrorçuların, narkobaronların sevimli məkanına çevrilərək nəinki Azərbaycana, eyni zamanda bütün dünya üçün  təhlükə mənbəyinə çevrildi. Psevdovətənpərvərlik, terrorçulardan, transmilli cinayətkarlar və narkotik dövriyyəsindən gələn pullar Ermənistanın ali hakimiyyətinin “qarabağ klanı”-na transformasiya olunması ilə nəticələndi və bu xunta rejimi 10 illərlə müvafiq vasitələrdən istifadə edərək hakimiyyətlərini qoruyub saxladılar. Bu işdə bəlli dövlətlərin  ciddi dəstəyi   mühüm rol oynayırdı. Vəziyyət o yerə çatdı ki,  işğal etdikləri ərazilərin təbii sərvətlərindən,  transmilli cinayətkar dəstələrdən və narkotik ticarətindən əldə etdikləri gəlirlərdən “havalanaraq” “yeni ərazilər uğrunda yeni müharibə” doktrinalarını elan etdilər. Həm də bu fikri guya islahatçı və demokratik lider olan Paşinyan səsləndirdi. Bu yerdə məşhur bir məsəl tam yerinə düşür: “İlanın ağına da lənət, qarasına da”. Dağınıq və zəif iqtisadiyyat səbəbindən vətəndaşlarının böyük qismi xaricə miqrasiya edən bir dövlətin bu cür siyasəti təbii ki,  uğurlu və stabil ola bilməzdi. Xaricdən asılılığı aradan qaldırmaq, ölkənin inkişafına yönəlik siyasət aparmaq əvəzinə, Paşinyanın erməni romantikliyi sülh istiqamətindən yan keçdi.

Qarşı tərəf- Azərbycan isə ötən illərdə sülhə yönəlik proqressiv siyasəti və ölkə iqtisadiyyatının sürətli inkişafı ilə qısa zamanda dünyanın siyasi xəritəsində öz yerini möhkəmlədə bildi. Azərbaycan - tolerant və multikultural dəyərlərini dünyaya tanıtdı, sevdirdi. Qoşulmama hərəkatının öncüllərindən biri oldu və 100-lərlə dövlətin dəstəyini aldı. Gürcüstanın inkişafında da Azərbaycanın danılmaz rolu hal-hazırda da davam edir.  Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı omadan ciddi layihələrin reallaşması mümkünsüzdür.

 Azərbaycanın Ermənistandan üstünlüyünü ifadə edən müqayisəli təhlili yetərincə genişləndirə bilərik. Bu, Ermənistan üçün itirilmiş şanslar, regional layihələrdən bəhrələnməmək və blokada deməkdir. Siyasət romantikaya və şovinizmə deyil,  sülhə, reallığa və insana yönəlik olanda inkişaf olur.

Paşinyanın “ Qarabağ Ermənistandır və nöqtə”  yanaşması sülhə yox, müharibəyə çağırış idi və Əliyev də “ Qarabağ Azərbaycandır və nida” ilə  ciddi siyasətin necə aparıldığını sübut edir. Nöqtənin nidanın altında olması da bir növ sətiraltı  məna daşıyır.

27.09.2020 tarixində başlayan müharibə regiona sülhü gətirə biləcəkmi? Qısa zaman kəsiyində davam edən döyüşlərdə Azərbaycan beynəlxalq hüquqa və ədalətə söykənərək, ərazi bütövlüyünü bərpa etmək üçün sürətlə irəliləyir. Artıq  ox yaydan çıxıb və 26 ildir bu münaqişəni həll etmək üçün mandat verilmiş beynəlxalq təşkilatların edə bilmədiyini Azərbaycan qısa zamanda reallığa çevirir. 

Hətta 21-ci əsrdə də klassik müharibələrin aparılması bir daha bəşəri ədalətin geosiyasi və transmilli maraqlara qalib gələ bilməməsini və Bismark  məntiqinin doğruluğunu isbatlamış olur. Münaqişənin coğrafiyası və geopolitik məkanın aktorları yeni dünyanın prioritetlərinə uyğunlaşmaq əvəzinə, fiziki gücə üstünlük verməklə, mövcudluqlarını nümayiş etdirirlər.  Ədalətə söykənməyən güc isə sonucda özünü zəiflədir. Bu baxımdan, Rusiyanın öz geopolitikasına və Avrasiyaçılıq konsepsiyasına dəyişikliklər etməsi qaçılmazdır. 

 

Yurdda sülh, cahanda sülh (Mustafa Kamal Atatürk)

 

Müharibənin gətirəcəyi sülhün rəngini tərəflərin siyasi iradəsi və geopolitik güclərin təsir imkanları həll edəcək desək, yanılmarıq. Pessimist yanaşmaya əsas verən səbəblər çoxluğunu nəzərə almamaq qeyri-mümkündür. Məhz bu səbəblərin varlığı 26 ildir sülhün əldə edilməməsinə real təsir edib. Beynəlxalq hüquqa, atəşkəs dövründə irəli sürülən prinsiplərə əsaslansaq, Azərbaycan tərəfinin mövqeyi daimi sülh üçün zəmin yaradır. Əsrlərdir bərabər yaşayış, bərabər imkanlar, muxtariyyət, dövlətlər arasında geniş ticarət imkanları və s sülh üçün önəmli faktorlar olaraq qalır. 100-lərlə xalq və dövlət tarix boyu ərazi üstündə müharibələr edib və hal-hazırda əmin-amanlıq şəraitində birgə yaşamlarını davam etdirirlər. Gücün əraziylə ölçülməsi dövrü ən yaxşı halda 20-ci əsrin prioriteti ola bilərdi. Əslində isə güc texnoloji, kosmik, mədəni, iqtisadi və digər sivil sahələrin inkişafındadır. Məhz bu səbəbdən Dağlıq Qarabağın Azərbaycanın tərkibində  inkişafı Cənubi Qafqazda hər 3 respublikanın əlaqələrinin ən yüksək səviyyədə qurulması üçün  müstəsna imkanlar yaradar. 

Artıq ermənilər birgəyaşayışın sivil formasının müqəddəratı təyin etməklə deyil, fərdi inkişafla, mədəni, iqtisadi və multikultural dəyərlərlə müəyyən olunduğunu anlamalıdırlar. Uzağa getməyə də gərək yoxdur. Azərbaycan dünyanın ən multikultural və tolerant dövlətidir. 

Sülhü psevdovətənpərvərlik, imperiya mifləri, milli düşmənçilik deyil, multikultural və tolerant cəmiyyət olaraq bərpa etmək olar. 

Sülhün rəngi ağ, simvolu isə göyərçin olmalıdır. Başqa cür sülh müharibəyə bərabər olacaq!

 

Ceyhun Abbasov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir