Modern.az

“Ordudakı “sadıkov ənənələri”ndən tam qurtulmaq lazımdır” - Hərbi ŞƏRH

“Ordudakı “sadıkov ənənələri”ndən tam qurtulmaq lazımdır” - Hərbi ŞƏRH

23 Dekabr 2020, 12:44

“Müharibələr bir qayda olaraq, hərbi sahədəki çatışmazlıqları və nöqsanları da üzə çıxarır”.

Modern.az xəbər verir ki, bu sözləri hərbi icmalçı, hər iki Qarabağ savaşının iştirakçısı, polkovnik-leytenant Nazim Bayram Vətən Müharibəsi sonrası ordu ilə bağlı sosial şəbəkələrdəki müzakirələri şərh edərkən bildirib.

“Adətən ilk döyüşlərin “silkələnməsi” dərhal bir sıra xırda, ancaq zəncirvari təsirinə görə ciddi çatışmazlıqları üzə çıxarır. Misal üçün, məlum oldu ki, bəzi mövqelərimiz atəşkəs dövrü üçün pis deyildi, ancaq fəal döyüşlər üçün yaramırmış... ona görə müəyyən yerdəyişmələr və əlavə möhkəmləndirmə işləri aparıldı”, - N.Bayram əlavə edib.


Onun sözlərinə görə, ilk hücumlarda obyektiv çətinliklərlə bərabər, çatışmazlıqlar Fizuli şəhərinin alınmasının yubanmasında özünü göstərdi.

“Fizulinin azad olunmasına həsr etdiyi çıxışında Ali Baş Komandan İlham Əliyev çatışmazlıqların olmasını, onların bəzilərinin operativ qaydada aradan qaldırılmasını, bəzilərinin gələcəkdə ordu quruculuğunda nəzərə alınacağını söyləmişdi.

Baş Qərargah rəisi və bir neçə general vəzifələrindən kənarlaşdırılmışdı. Ondan sonra əməliyyatlar ildrım sürəti ilə davam etdi. Demək, hərəkətin qarşısını alan əsas maneə qaldırıldı”.

Nazim Bayram bildirib ki, o, Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılan Nəcməddin Sadıkovun ordumuzun inkişafına əsas maneə olmasını hələ 2019-cu ilin sonlarından söyləyib  əsaslandırmışdı.

“O zaman müxtəlif yerlərdən çoxsaylı müraciətlər, təzyiqlər oldu. Məni o zaman danışdıran da məhz müharibə hazırlığı idi, çünki baş verəcəyinə əmin idim və iki il əvvəl vaxtını proqnozlaşdırmışdım, düşünürdüm ki, bu, mütləq olmalıdır.

Ordumuzdakı digər nöqsan və çatışmazlıqların kökü Nəcməddin Sadıkovun uzun illər ərzindəki idarəçilik fəlsəfəsində və üslubunda idi”.


Hərbi icmalçı deyir ki, hazırda ordumuz dünyanın ən döyüşkən orduları sırasında yer tutur.


“Cəbhədəki müşahidələrim əsasında qənaətimə görə, noyabrda atəşkəs bağlanan anda ordumuz əhvalına və gücünə görə daha iki belə müharibə aparmağa qadir idi. Hələ sanki “ikinci nəfəsi” açılırdı...

Ancaq müharibədə çatışmazlıqlar əsgər və zabitlərin fədakarlığı, son dərəcə gərgin əməyi və qəhramanlığı ilə aradan qaldırılırdı. İndi ordu atəşkəs halına qayıdır, eyni zamanda, iri qoşun yerdəyişmələri aparılır. Söhbət 100 minlik canlı ordudan gedir. Obyektiv çətinliklər var.

Lakin anlaşılan çətinliklərə bərabər, yerlərdə “sadıkov ənənələrinə”- insanlara laqeydlik, ədalətsizlik, rüşvətxorluq, özbaşınalıq, hərbi hissələrin və obyektlərin komandirlərin hesabına tikdirilməsi, h/h ərazilərin mənimsənilməsi praktikası kimi neqativ hallarına - atəşkəs dövründə yenidən qayıtması yolverilməzdir. Müzəffər ordumuzun müzəffər zabitləri belə halları şərəf və ləyaqətlərinə yaraşdırmamalıdırlar. Dövlət hərbçilərə kifayət qədər maaş verir, təmin edir, qayğı göstərir. Prezident yaralılarla görüşəndə dedi, siz mənim ən yaxınlarımsınız. Bu, bütün orduya deyilib. Ali Baş Komandan sizinlədir!”.

Polkovnik-leytenant Nazim Bayram deyir ki, Ordu quruculuğunda bundan sonra müsbət dəyişikliklərin olacağına əminliyinin bir səbəbi də Türkiyə Silahlı qüvvələri ilə daha sıx əlaqələrin qurulmasıdır.

“Orduda mühitin və kadrların saflaşdırılması ilə rüşvət kimi ordunun ruhuna zidd hallar sıxışdırılıb, aradan qalxacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü