Modern.az

2 yaşlı saytın rəhbəri: “Elə işləyək ki, sabah qapımıza qıfıl vurulmasın” - MÜSAHİBƏ

2 yaşlı saytın rəhbəri: “Elə işləyək ki, sabah qapımıza qıfıl vurulmasın” - MÜSAHİBƏ

Media

25 Yanvar 2021, 10:04

Bu gün “Yenisabah.az” xəbər portalının fəaliyyətə başlamasının 2 ili tamam olur. Saytın rəhbəri Elnur Məmmədli Modern.az-ın suallarını cavablandırıb.

- Elnur müəllim, rəhbərlik etdiyiniz “Yenisabah.az” saytının 2 yaşı tamam olur. İki il tarix üçün qısa zaman kəsiyi sayılsa da, yaradıcı insanlar üçün az vaxt hesab olunmur. Bu iki  ildə nəyə nail oldunuz?

- “Yeni Sabah”ın fəaliyyətə başlamasının iki ilinin tamam olması münasibətlə saytımızın kollektivini və oxucularını təbrik edirəm. İki il həqiqətən də az vaxt deyil deyə düşünürəm. Xüsusilə də bu iki ildə Azərbaycanda elə hadisələr baş verdi, elə böyük dəyişikliklər gördük ki, son iki il bəlkə də 10 illərə bərabər olan bir zamandır.

Ölkədə siyasi sferada böyük kadr islahatlarına, Qarabağın işğaldan azad olunmasına şahidlik etdik. Həm də bütün dünyanın bəlasına çevirilmiş koronavirus pandemiyasını izləməkdəyik. Media baxımından, xəbərçilik nöqteyi-nəzərdən olduqca qaynar günlər və aylar yaşadıq. Ölkədə gündəm olanda, hadisə baş verəndə medianın vacibliyi əhəmiyyətli dərəcədə önə çıxır. Biz də “Yeni Sabah” olaraq bu gündəmə uyğun şəkildə oxucularımızı bacardığımız qədər informasiya ilə təmin etməyə çalışdıq. Müəyyən hədəflərimiz vardı və bu hədəflərə nail olmaq üçün mümkün vasitə və üsullardan istifadə etdik. Təbii ki, dağı dağ üstünə qoyduq kimi bir iddiada deyilik. Kiçik kollektivimizlə çalışdıq ki, xəbər saytları içində özümüzə yer edə bilək. Buna nə qədər nail ola bilmişik, o haqda kənardan izləyənlər daha doğru fikir söyləyə bilər.

Mənim fikrim isə bundan ibarətdir ki, etdiyimiz xeyli yanlışlar oldu və həmçinin də edə bilmədiyimiz doğrular da var. Yanlışlarımızı düzəltmək üçün zaman-zaman çalışırıq, bilmədiklərimizi öyrənirik. Etmək istədiyimiz, amma edə bilmədiklərimiz var ki, onların bəziləri tam olaraq bizdən asılı deyil. Ölkənin ümumi media syasətindən, mövcud olan reallıqlardan asılı vəziyyətdəyik. İllərlə Azərbaycanda mövcud olan yarıtmaz media siyasəti vardı ki, hələ də həm psixoloji olaraq, həm də müəyyən elementlər var ki, ondan tam azad ola bilməmişik. Yəni tam olaraq özümüz deyilik və proseslər göstərir ki, bir müddət də bu vəziyyət davam edəcək. Eyni zamanda prezidentin media ilə bağlı son sərəncamı, bu sahədə yeniliklərin edilməsi müəyyən ümid yaradır. Bundan başqa, hesab edirəm ki, medianı ağlar günə qoyan şəxslərin cəzalandırılması ilə indi bu sahəyə rəhbərlik edənlər “gözü çıxmış qardaş”dan ibrət dərsi götürəcəklər, ədalətli olacaqlar, medianın daha da inkişaf etməsi istiqamətində çalışacaqlar. Əgər biz güclü ölkəyiksə - hansı ki, son proseslər göstərir ki beləyik – o zaman bizim media da çox güclü olmalıdır.

- Şübhəsiz ki, indiki sayt bolluğunda rəqabət aparmaq çətindir. “Yenisabah.az” saytının rəhbəri olaraq media məkanında özünüzü harda görürsünüz?


- Bəzən tam olaraq episentrdə görürük, bəzən ümumiyyətlə heç yerdə görmürük. Yəni düşünürəm ki, media yalnız yaydığı xəbərlə gündəmdə olmalıdır. Bəzən elə bir xəbər yayırıq ki, həmin gün həqiqətən də gündəm yarada bilirik və dediyim kimi, episentrdə oluruq. Amma bəzən də bu şansımız olmur və ümumiyyətlə kölgədə qalırıq. Hər hansı bir xəbər saytının ümumi xəbər saytları içərisindəki yeri heç bir halda düzxətli deyil. Biz də eləyik. Enişlər də var, yüksəliş də... Rəqabət aparmağa gəldikdə, bu arenada olan hər kəs rəqibdir. Heç kimi kiçiltmək və ya böyütmək fikrində deyiləm.

- “Yenisabah” onlayn mediaya hansı yeniliklər gətirdi?

- Əgər kimsə deyirsə ki, mən mediaya filan-filan yenilikləri gətirdim, inanmayın. Uzun illərdir ki, Azərbaycan mediasında heç bir yenilik yoxdur. Kimsə görüntülü xəbər yayıb bunu yenilik kimi təqdim edirsə, manipulyasiya edir. Sadəcə, dünyada ümumi texnoloji yeniliklər var, bunu da jurnalistikanın yeniliyi kimi təqdim etmək yanlışdır. Medianın işi xəbər yaymaqdır, biz də xəbər yayırıq.

- Sizcə, “Yenisabah.az” deyəndə ağıla iqtidar mətbuatı gəlir, yoxsa müxalifət?

- Azərbaycanda hazırda klassik mənada müxalifət mətbuatının olduğunu düşünmürəm. Özümüzü və oxucuları aldatmağın mənası yoxdur. Bu gün gündəlik olaraq fəaliyyət göstərən, strukturu, əməkdaşları, redaksiyası olan müxalif media strukturu yox dərəcəsindədir.

Bəs biz nəyik? İqtidar mediasıyıqmı? Buna da 100 faiz “hə” cavabı verə bilmirəm. Çünki iqtidar KİV-ləri ilə müqayisədə bizim azadlıqlarımız var. Fəaliyyət azadlığımız var, tənqid azadlığımız var, müəyyən qədər maliyyə azadlığımız var və standart “hakimiyyət mediası” kreteriyalarından kənardayıq. Saytımızda iqtidar mediasında rast gələ bilməyəcəyiniz materiallar təqdim olunur və bütün bunların hamısına da biz özümüz qərar veririk. Təbii ki, bu qərarları verərkən mövcud reallıqları nəzərə alırıq. Özümüz üçün müəyyən etdiyimiz prinsip və sərhədlər mövcuddur. Biz elə fəaliyyət göstərməliyik ki, sabah qapımıza qıfıl vurulmasın və ya domenimiz bloklanmasın. Ölkədə bu təcrübələr olub zamanında. Məsələnin digər tərəfi də var ki, bizim siyasi iddiamız yoxdur axı... İşimiz informasiya yaymaqdır. Bunu da bacardığımız qədər həyata keçirməyə çalışırıq.


- Sonda jurnalistlərin ənənəvi sualı: Saytınızın gələcək planları, proyektləri barədə eşitmək istərdik…


- 2020-ci ildə həyata keçirməli olduğumuz bir sıra proyektlərimiz vardı. Təssüf ki, onlar hamısı kompüterimin yaddaşında hələ də fayllar olaraq qalmaqdadır. Koronavirus panmediyası bütün dünyanı ən azı bir il geridə saxladı. Biz də onun içindəyik. Yəni virusu nəzərə alsaq, bu gün bizim 2 deyil, 1 yaşımız tamam olur. Ortada itirilmiş 1 il var və bu vəziyyət hələ də davam etməkdədir.

Azərbaycanda indi reklam bazarı ağır durumdadır. Bu da birbaşa onlayn medianın gəlirlərinin azalmasına səbəb olur. Təəssüf ki, Azərbaycanda şirkətlər hələ də PR üçün ayırılan büdcənin önəmsiz olduğunu düşünürlər. Xərcləri azaltmaq lazım olanda ilk olaraq PR xərcləri ağıla gəlir. Digər tərəfdən, reklam bazarında azadlıq olmadığından, bu bazar inzibati qaydada idarə edildiyindən bizim kimi yeni media quruluşları problemlərlə qarşılaşmaq zorundadır. Bütün bunları ona görə deyirəm ki, nəzərdə tutduğum proyektləri həyta keçirmək üçün maliyyə mənbəyi bu gün üçün yoxdur. Bununla bərabər müəyyən danışıqlar aparılır, güman edirəm ki, 2021-ci il ərzində təkcə 2020-də itirdiklərimizi bərpa etməyəcəyik, həm də bu il üçün olan hədəflərimizə də çata biləcəyik.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü