Arxiv
21 Aprel 2021, 11:40 | PARLAMENT
Dövlət başçısının  məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır - MÜSAHİBƏ

Milli Məclisin deputatı Ülvi Quliyev Modern.az saytına  müsahibə verib.

 

- Ülvi müəllim, bir neçə gün əvvəl Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu.Ermənistan cəmiyyəti bir yana,dərhal Qərb ölkələrinin bəzilərindən belə bir parkın açılışına etiraz səsini eşitdik.Hətta soydaşlarımız arasında “sülh göyərçinləri” tapıldı və təqdir əvəzinə, onların da etirazının şahidi olduq. Bu etiraz səsləri haradan və nədən qaynaqlanır?

 - Zəfər paradından sonra hərbçilərlə baş tutan görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, məhv edilən və hərbi qənimət qismində götürülən düşmən texnikası ilə bağlı müəyyən düşüncələri və xüsusi planı var. Aprelin 12-də Prezident öz düşüncələrini, verdiyi bu vədi də Hərbi Qənimətlər Parkının açılışı ilə gerçəkləşdirdi. Ötən günlər ərzində həmvətənlərimizin,eləcə d ə xarici qonaqların Parka olan marağı, Parkın önündəki növbələr bir daha onu təsdiq edir ki,”sülh göyərçinlərindən” fərqli olaraq,cəmiyyətimizin mütləq əksəriyyəti unutqanlığı qəbul etmir. Dövlətimizin başçısı aprelin 13-də ADA Universitetində keçirilən beynəlxalq konfransda açıq şəkildə bəyan etmişdi ki, regionda dayanıqlı sülhün tərəfdarıdır və əgər Ermənistan yeni təxribatlara yol verməzsə, orada revanş meyilləri sıfıra endirilərsə,iqtisadi əməkdaşlığın qurulması üçün mümkün olanları etməyə hazırdır. Eyni zamanda, onu da bildirmişdi ki, Xocalı soyqırımını, 44 günlük Vətən müharibəsində Gəncənin, Bərdənin, Tərtərin, Naftalanın,  Mingəçevirin və digər rayonlarımızın mülki əhalisinə qarşı Ermənistan tərəfindən törədilən müharibə cinayətlərini və 30 ilə yaxın müddətdə milyona yaxın insanımızın qaçqın-köçkün vəziyyətində mənəvi iztirablar içində yaşamasını heç kim xalqımıza unutdura bilməz. Kim bu mövqeni ədalətsiz hesab edirsə, belələrinin nə ədalətdən, nə beynəlxalq hüquqdan, nə də bu illər ərzində xalqımızın torpaq-yurd nisgili ilə bağlı yaşadığı mənəvi iztirabdan xəbəri var. Ermənistan azərbaycanlılara qarşı müharibə cinayətlərini  Parkda sərgilənən elə həmin döyüş texnikası ilə törədib. Yeri boş qalan kaskalar bu texnikadan xalqımıza qarşı istifadə etmiş erməni hərbçilərinin başında olub. Erməni anaları öz rəhbərlərindən daha sərt şəkildə tələb etməlidirlər ki, balalarını başqa  ölkənin-Azərbaycan torpaqlarına göndərib onların taleyi ilə oynamasınlar,gəncləri ölümə məhkum etməsinlər və bu cür təhlükəli avantüralara birdəfəlik son qoysunlar. Bəzi Qərb ölkələrinin etirazına gəldikdə isə, məgər onlar Qarabağın necə viran edildiyini, tarixi və mədəni irsimizin necə məhv olunduğunu, məscidlərimizin, hətta qəbirlərimizin necə dağıdıldığını, daşın-daş üstündə qalmadığını görmürlər?! Görürlərsə, niyə onların etiraz səsi eşidilmir?! Birinci Qarabağ savaşında itkin düşən dörd mindən yuxarı uşaq, qadın, ahıl azərbaycanlının ölüsü ya dirisindən onların doğmalarına xəbər vermək üçün bu illər ərzində nə ediblər?! Niyə Ermənistana demirlər ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə növbəti müharibə cinayətini törədir?! Axı, müharibə bitdikdən sonra neçə-neçə əsgərimiz, 100-dən çox mülki azərbaycanlı minaya düşərək həyat və sağlamlığını itirib. Hərbi Qənimətlər Parkının açılışında dövlətimizin başçısı həm də onların yadına saldı ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlılara məxsus şəxsi avtomobillərin nömrə nişanlarından xüsusi lövhə düzəldib xarici türistlərə nümayiş etdirirdilər, heysiyyatımızla oynayırdılar. Bu, yalnız qəsbkar zehniyyətinə uyğun olan hərəkət idi. Bakıdakı Parkda sərgilənən lövhəyə isə ermənilərin döyüş meydanında məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının  nömrə nişanları vurulub. Şəxsi maşınla hərbi texnika arasındakı fərqi görməyənləri heç  qınamağa da dəyməz. Çünki 28 il davam edən danışıqlar masasında Ermənistanın imitasiya oyunlarına göz yumanlar, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyanlar elə belələri idi. Etiraza ən tutarlı cavabı Xarici İşlər nazirliyimiz verdi. Cavabda qeyd olunduğu kimi, Bakıda Park-muzeyin açılışına etiraz edənlər məgər İrəvanın mərkəzində faşist cəlladı Qareginin şərəfinə ucaldılan heykəldən, beynəlxalq səviyyəli terrorçu Melkonyanın qəhrəmanlaşdırılmasından, digər terrorçu Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə ucaldılan abidədən xəbərsizdirlər?! Guya bilmirlər ki, bir çox dünya dövlətlərində belə təcrübə mövcuddur və hərbi muzeylər onilliklərdir ki,oralarda fəaliyyət göstərir. Danimarkada müharibə muzeyi var. Orada İkinci Dünya müharibəsində qəddarlıq törətmiş nasistlərin uniformaları nümayiş olunur. Belə muzeylər Böyük Britaniyada, Polşada da fəaliyyət göstərir. Seulda da hərbi muzey mövcuddur. Parisdə yerləşən Katakomba muzeyində isə milyonlarla insanın kəllə sümüyü sərgilənir. Bu gün kənardan ənənəvi olaraq Ermənistana züy tutanlar, istər xaricdə, istərsə də  içərimizdə “sülh göyərçini” missiyasına iddialı olanlar yaddan çıxarmamalıdırlar ki, dayanıqlı sülhə nail olmağın yolu unutqanlıq və ya unutdurmaq deyil. İstənilən təcavüzkar bilməlidir ki,başqasının torpağına göz dikmək,istənilən işğal və qəsbkarlıq aktı gec-tez acı məğlubiyyətə məhkumdur. Bu cür cinayətlərdə iştirak edənlərin bir çoxunun kaskasının, ya da papağının boş qalması labüddür,müharibənin sərt üzü və öz qanunları var. Bu, eyni həvəsdə olan başqalarına da tarixi ibrət dərsidir. Təəssüf ki,keçmişdə etdiyimiz unutqanlıq və bu gün  Hərbi Qənimətlər Parkı ilə bağlı bizdən istənilən humanistlik zamanında bir çox ərazilərimizin itkisinə səbəb olub. İrəvan, Zəngəzur, Göyçə üzərində qurulan Ermənistan kimi dövlətlərə tarixi saxtalaşdırmaq, növbəti təcavüz aktına imkan verməmək üçün unutqan olmağa haqqımız yoxdur. Hərbi Qənimətlər Parkı tarixi yaddaşımızın şanlı və ləyaqətli səhifəsini əks etdirən bir məkandır. Elə buna görə, həmin məkana hər gün insan axınının şahidi oluruq.İctimai münasibət etiraza ən tutarlı cavabdır.

 

Rusiya Müdafiə nazirliyi belə bir məlumat yaydı ki,sülhməramlı kontingent mayın 9-da parad keçirəcək. Cəmiyyətimizin münasibəti birmənalıdır və bunu sülhməramlı missiyanın öz həddini aşması kimi dəyərləndirir. Sizin yanaşmanız necədir?

 

- Rusiyanın sülhməramlıları Qarabağda yerləşdiyi gündən etibarən ictimai yanaşma birmənalı olmayıb. Bayaq unutqanlığın zərərindən danışdıq. Xalqımız 20 Yanvarı,366-cı alayın cinayətlərini unutmayıb və unutması da mümkün deyil.Yaxın tarixi keçmişimizdə, hətta Vətən müharibəsi günlərində Rusiyadan Ermənistana silah daşınması,onun dövlət sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunması, Ermənistan və Rusiyanın eyni hərbi blokda-KTMT-də təmsil olunmaları cəmiyyətimizə yaxşı məlumdur. Bu günlərdə belə bir məlumat da yayıldı ki, Ermənistan ordusu Rusiyanın köməkliyi ilə modernləşdiriləcək. Prezident İlham Əliyev ictimai şəkildə haqlı olaraq belə bir sual verdi: "Kimə qarşı?". Hərbi Qənimətlər Parkında “İsgəndər-M” raketinin qalıqları önündə dövlətimizin başçısı başqa bir sualı da çılpaqlığı ilə səsləndirdi: "Haradandır bu raketlər Ermənistan ordusunda?Bu raketlər olmamalı idi...Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki,cavab ala bilməmişik.Amma alacağıq". ADA Universitetindəki beynəlxalq konfransda Prezident diqqəti Rusiyanın ayrı-ayrı rəsmilərinin ziddiyyətli açıqlamalarına yönəltdi. Açıqlamalar ona görə ziddiyyətlidir ki,”İsgəndər-M”raketinin qalıqlarının Azərbaycan ərazisində aşkar olunmasına məntiqli cavab tapmaq müşgül məsələdir.  Görünür, Ermənistan ordusunun modernləşdirilməsi, 9 may paradı, sualınıza əlavə olaraq, 120 min azərbaycanlının Rusiyadan deportasiyası haqda məlumatlar məntiqli cavabın boş qalan yerini doldurmaq istəyindən irəli gəlir.

 

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına dünənki müsahibəsində açıqladığı yeni məlumatlar bir daha təsdiq edir ki, Rusiya rəsmiləri məntiqli cavab tapmaqda çətinlik çəkirlər, verdikləri izahat isə dolğun və inandırıcı deyil. Elə bu səbəbdən, Prezident müsahibədə xüsusi olaraq qeyd etdi: "Bu, əslində, bizim məktuba olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki,ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb?..Bax,bu suala bizə cavab verilməlidir.Biz bu cavabı gözləyirik,Azərbaycan xalqı gözləyir... Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki,Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki,bu məsələyə aydınlıq gətiriləcək”. Bu açıqlama o deməkdir ki,Azərbaycan hakimiyyəti cəmiyyətimizi ciddi şəkildə narahat edən suallara məntiqli cavabın alınmasında israrlıdır. Prezidentimiz öz təkidi ilə növbəti dəfə sübut edir ki, o, istənilən ünvan qarşısında xalqımızın iradəsini ifadə etmək və onu qorumaq qətiyyətinə sahibdir.  Dövlətimizin başçısı israrlı mövqeyinin motivlərinə də aydınlıq gətirdi:”Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır.Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub,həmişə öz sözünün üstündə durmuşdur,öz sözünü yerinə yetirmişdir”.Heç şübhəsiz,cəmiyyətimizdəki narahatlıqlar, ictimai müzakirə və ünvanlı qınaqlaq Rusiya siyasi elitasının diqqətindən yayınmır.Məhz bu təbəqə Azərbaycan cəmiyətində əminlik yarada bilər ki,strateji tərəfdaşlıq münasibətlərimizə konkret əməllərlə şübhə toxumu səpən şəxslər cəzasız qalmayacaqlar.Təəssüf ki,Rusiyanın dövlət telekanallarında bəzi ekspert,politoloq və jurnalistlərlə yanaşı,hətta rəsmi status daşıyan ayrı-ayrı şəxslərin fərqli açıqlamalarını müşahidə edirik.Xalqımızın ibrətamiz atalar sözləri var:”Dost-dosta tən gərək,tən olmasa gen gərək”,yaxud “örtülü bazar dostluğu pozar”.Eyni məzmunlu,oxşar məsəllər rusların qədim mədəni irsinə də xasdır. Qonşularımız tərəfindən onlardakı hikmətin nəzərə alınıb zəruri korrektələrin edilməsi cəmiyyətimizin haqlı gözləntisinə ədalətli cavab ola bilər...

 

Prezident İlham Əliyev  bundan bir qədər əvvəlki açıqlamalarında sülhməramlıların fəaliyyəti ilə bağlı iradlarından bəzilərini ictimailəşdirmişdi. Şübhəsiz ki,şəxsi təmaslarda həmin iradlar daha detallı müzakirələrin predmeti olub. Prezidentin açıqlamalarını dərindən təhlil etsək görərik ki,o,sülhməramlıların fəaliyyətinin əsasən qane etdiyini bildirir və diplomatik leksikonda vurğu işarəsi məhz “əsasən” sözünün üzərinə düşür. Dövlət başçısının başqa bir çıxışından da sitat gətirmək istəyirəm, çünki, tam yerinə düşür.Prezident dekabrın 1-də xalqımıza etdiyi müraciətində  məhv edilən və qənimət kimi götürülən düşmən texnikasının böyük bir siyahısını elan etmişdi.Həmin siyahıda bir məqam diqqəti xüsusi çəkirdi:”Tank-287-si məhv edilib,79-u qənimət götürülüb, toplam 366 tank”.Həmin uzun siyahıda “toplam” ifadəsi yalnız bir yerdə işlədilmişdi və onun da məhz 366-ya bərabər olduğu təsadüfən vurğulanmamışdı. Lakin Vətən müharibəsi günlərində və müharibədən sonrakı dövrdə baş verənlər imkan verir ki,cəmiyyətimiz reallıqları təhlil edib uyğun nəticələri çıxara bilsin.“Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna imkan vermərik” kimi beynəlxalq hüquqa və tərəfsiz vasitəşilik mandatına zidd olan bəyanatı unutmamışıq.Bu bəyanat müharibə günlərində həmsədrlərdən biri olan Fransadan gəlmişdi. Müharibədən sonra Fransa,Belçika parlamentlərində qondarma “Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə” bağlı ədalətsiz və qanunsuz təşəbbüslərin şahidi olduq.Başqa Avropa dövlətləri də var.Cəmiyyətimiz bütün bunları görür və bir daha əmin olur ki,Ermənistan danışıqlar prosesində tutduğu imitasiya oyunlarında təkcə sərsəm xülyalarının girovuna çevrilməmişdi,həm də kimlərsə onu öz susqunluğu,yaxud bəyanatları və ya güman ki,pərdəarxası vədləri ilə bu oyunlara təşviq edirdi.Bir neçə gün əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Ermənistana səfəri çərçivəsində qanunsuz rejimin dırnaqarası “xarici işlər naziri” Babayanla görüşməsi faktı da acı həqiqətin,ikili standartın növbəti təzahürüdür...

 

 Artıq tam çılpaqlığı ilə o da görsənir ki,Qərbin Rusiya ilə qarşıdurması kəskin fazaya keçib. Tarix sübut edib ki,adətən,bu cür qarşıdurmaların reallaşdırılması üçün tərəflər məkan qismində özlərinin deyil,başqa dövlətlərin ərazilərini hədəf seçir və onlardan platsdarm kimi istifadə edir.Yaxın Şərqdə bəzi ölkələrin timsalında bunu görmüşük və hələ də görməkdəyik.Əksəriyyəti təbii sərvətlərlə zəngin olan müsəlman dövlətləridir. Xarici müdaxiləyə hansı adın qoyulmasından və hansı səbəbin göstərilməsindən asılı olmayaraq,həmin ölkələrin dağıdılmış Qarabağı xatırladan mənzərələri göz önündədir.Prezident İlham Əliyevin bəyanatlarından açıq-aydın görünür ki,bu illər ərzində üzləşdiyi bütün  təhdid və təzyiqlərə,ikili və çoxüzlü yanaşmalara baxmayaraq,ölkəmizin qlobal qarşıdurmanın hədəfinə, məkan və alətinə çevrilməməsi üçün siyasi iradə ortaya qoyub.Elə buna görə, qardaş və dost ölkələrlə,strateji müttəfiqlərimizlə bütün sahələrdə əməkdaşlıq formatının daha da dərinləşdirilməsi yolunu seçib.Əməkdaşlığın bütün detallarının ictimailəşdirilməsi,sözsüz ki, ziyanlı ola bilər.Bir var praqmatik siyasət,rəhbərlik etdiyin dövlətə və xalqa görə məsuliyyət hissi,bir də var müxalifətçiyəm deyə populistlik etmək və söylədiyin heç bir ifadəyə görə  məsuliyyət daşımamaq.Bunlar kökündən fərqli olan məfhumlardır.Şübhə etmirəm ki,Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə,dayanıqlı iqtisadi müstəqilliyimiz,qalib Ordumuzun daha da möhkəmləndirilməsi və ən başlıcası,tarixi nailiyyətimiz olan birliyimizin qorunması imkan verəcək ki,yerdə qalan və narahatlıq doğuran problemlər də öz həllini tapsın.Özü də heç kimin əlində alətə və qarşıdurma məkanına çevrilmədən.

 

Populizm məsələsinə toxundunuz.Yəni ictimai fəalların,siyasətçilərin cəmiyyətimizi narahat edən məsələlərlə bağlı açıqlamalarını yersiz və ya ziyanlı hesab edirsiniz?

 

- İstənilən ictimai müzakirə faydalıdır.Lakin bu cür müzakirələr obyektiv və peşəkar səviyyədə aparıldıqda faydası daha çox olur.Heç kim demir ki, cəmiyyət problemlərə susqunluq nümayiş etdirsin. Əksinə, susqunluq və unutqanlıq,bayaq qeyd etdiyimiz kimi,ziyanlı vərdişdir.Bununla yanaşı,şəxsi fikirlərin ifadəsi zamanı etik həddlərin gözlənilməsi, tənqidlə təhqirin yerinin səhv salınmaması mütləqdir. Ermənistana hələ də himayədarlıq edənlərin əlinə yöndəmsiz açıqlamalarla bəhanə və fürsət  vermək yanlışdır.Bu, təqdir oluna bilməz.O ki, qaldı ziyanlı,qeyri-obyektiv və qeyri-peşəkar yanaşmalara,təəssüf ki,belələri də az deyil.İnanmıram ki,bu cür açıqlama müəllifləri Prezidentin səsləndirdiyi suallardan daha kəskinini verə  və onların cavabını onun kimi qətiyyətlə tələb edə bilsin.Özü də virtual, internet məkanında “like”-bəyənilmələr naminə deyil,real həyatda dövlət maraqları və xalqımızın müqəddəratı naminə.Azərbaycan Televiziyasına dünənki müsahibəsində Prezident İlham Əliyev başqa bir bəyanat da verdi:”Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də,istəməsə də.İstəsə,daha asan həll edəcəyik,istəməsə də zorla həll edəcəyik.Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun,yoxsa sizi zorla çıxaracağıq.Belə də oldu.Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.Bu cür ciddi və birmənalı bəyanatın,deyilən hər bir fikrin,ifadə olunan hər bir cümlənin arxasında siyasi iradə və qətiyyətlə yanaşı,ilk növbədə,dövlət başçısının məsuliyyət hissi dayanır.Populist müxalifətçinin və ya ictimai fəalın bəyanatı Ermənistanda,yaxud ondan kənarda qulaqardına vurula bilər.Prezident bəyanatı isə əsla.Çünki bu cür bəyanatların arxasında yüksək səviyyəli təmaslar,fərqli platformalarda görülmüş konkret işlər,o cümlədən müttəfiqlərlə əldə olunan ciddi razılaşmalar və gərgin zəhmət dayanır.Həm də buna görə,dövlət başçısının məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş katibi vəfat etdi 8 May 2021, 08:41 Arterial təzyiqin göz damarlarına təsiri 8 May 2021, 08:26 Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq! 8 May 2021, 08:22 Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT 8 May 2021, 08:14 Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53