Modern.az

“Bayden Türkiyənin könlünü almaq üçün 907-ci düzəlişi dondurub” - ŞƏRH

“Bayden Türkiyənin könlünü almaq üçün 907-ci düzəlişi dondurub” - ŞƏRH

5 May 2021, 14:00

Qarabağda müharibə gedərkən erməni lobbisinin fəaliyyəti hesabına “azadlığa dəstək aktı”nın mətnində 1992-ci ildə 907-ci düzəlişin (maddənin) qəbul edilməsinə təşəbbüs göstərildi.

 

Bu düzəlişlə ABŞ-a prezidentin razılığı olmadan Azərbaycana birbaşa hərbi yardım etməsi qadağan edilib. 907-ci düzəliş adlandırılan sənədin təşəbbüskarı demokrat senator Con Kerri olub. Prezident Buş tərəfindən qanun layihəsi imzalandığı andan qüvvəyə minməklə düzəliş, Azərbaycan-ABŞ münasibətlərində maneəyə çevrilərək, 10 il qüvvədə qalıb. Bu illər ərzində Azərbaycan ABŞ hökumətindən birbaşa yardım ala bilməyən yeganə MDB dövlət olub.

2001-ci ilin 11 sentyabr tarixində terror hadisəsindən sonra ABŞ-ın 43-cü prezidenti Corc Buş milli təhlükəsizliyə təhdid olan birbaşa təhlükənin varlığı əsasında konqresə müraciət edərək, 907-ci düzəlişdən yan keçməklə Azərbaycana yardım edilməsi üçün sənəd imzalayıb. İlk dəfə bu məktub ABŞ prezidenti Corc Buş tərəfindən 2001-ci ilin 15 yanvar tarixində, sonuncu dəfə isə prezident Tramp tərəfindən imzalanıb. Azərbaycan 11 sentyabr hadisələrindən sonra həmişə ABŞ tərəfindən təhlükəsizlik sahəsinə ayrılan yardımın fəal istifadəçilərindən biri olub. 2002-ci ildən bu yana ümumi yardımın miqdarı  411,6 milyon ABŞ dolları təşkil edib. Bu vəsait təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bölüşdürülüb.

 

Layihələrdən biri silahların yayılmaması, terrorçuluğa qarşı, minadan təmizləmə vəs. bağlı fəaliyyətlərin həyata keçirilməsi üçün ABŞ-ın ayırdığı 37 milyon dollar həcmindəki yardımdan ibarətdir. Dünən ABŞ Prezidenti Cozef Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.Belə ki, o 907-ci düzəlişin yenidən 1 il müddətində dondurulması barədə qərar qərarı imzalayıb. Bəs bu qərar əsnasında ABŞ Azərbaycana hansı  hərbi yardımları göstərə biləcək?

 

Mövzu ilə bağlı hərbi ekspert İlham İsmayıl Modern.az-a danışıb. Onun sözlərinə görə, ABŞ Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etməyə çalışır:

“Bunun Azərbaycana böyük xeyiri var. Hər halda ABŞ burda Rusiyanın dominant rol oynamağından tədricən belə bir addım atır. Eyni zamanda nəzərə alaq ki, ABŞ Minsk qrupunun üzvüdür. Fransa və Rusiyadan fərqli olaraq, Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bötövlüyü çərçivəsində həll olunmasını istəyən, bunun üçün çalışan bir dövlətdir”.

 

 İ. İsmayıl həmçinin qeyd edib ki, soyqırımın tanınmasından sonra bizə hərbi yardımın olunması Ermənistan üçün “qamçı və kökə” sözlərini yada salır: “Az da olsa, erməni diasporası Amerika siyasətinə təsir etmə gücünə malikdi. Amma ABŞ Ermənistana “kökə” versə də, eyni zamanda “qamçı” vuraraq, Azərbaycana yardım ayırdı. Burdan həmçinin belə bir nəticəyə gəlmək olar ki, bizim vasitəmizlə Türkiyənin könlünü almaq istədilər. Bir daha sübut etdi ki, keçmiş baş vermiş hadisənin indiki münasibətlərə aidiyyatı yoxdur. Biz də bundan sonra bu istiqamətdə işlərimizi artırmalıyıq. Daxili siyasətimizdə demokratik hərəkətlər istiqaməti üzrə işlər görməliyik”.

 

Aysel Məhərrəmova

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər